Koronavirus: Avropa karantindən necə çıxır?

Amsterdamdakı restoranda " karantin kabinələri" qurulub

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Amsterdamdakı restoranda " karantin kabinələri" qurulub

Britaniyada təxminən yeddi həftə çəkmiş karantindən sonra, Baş nazir Boris Johnson ölkənin koronavirus pandemiyasına cavab tədbirlərinin növbəti mərhələsini elan edib.

Avropa boyu insanlar artıq karantin rejiminin zəiflədilməsi istiqamətində görülən tədbirlərin şahidi olurlar - bizneslər yenidən açılır, uşaqlar məktəbə qayıtmağa başlayırlar.

Avropada bu proses ölkədən asılı olaraq müxtəlif sürət və əhatəliliklə baş verir.

Almaniya: mağazalar yenidən açılır, futbol yenidən başlayır

Münhenin Bayern klubu məşq zamanı

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Münhenin Bayern klubu və Bundesliqanın bir neçə başqa klubları məşqlərə qayıdıb

Almaniyada karantinin aradan qaldırılması prosesinin tənzimlənməsi indi 16 federativ bölgənin nəzarəti altına keçib. Kansler Angela Merkel vurğulayıb ki, infeksiyaya yeni yoluxma hallarının sayı artacağı təqdirdə “təcili əyləc” tətbiq olunacaq.

  • Bütün dükanlara əlavə gigiyena və sosial məsafə qaydalarına əməl etməklə işi bərpa etmək icazəsi verilib
  • Aprelin 20-dən etibarən sahəsi 800 kvadrat metrdən az olan mağazaların, həmçinin avtosalonların, velosiped və kitab mağazalarının açılmasına icazə verilib
  • Məktəblər qismən kiçik yaşlı uşaqlar və imtahan verənlər üçün açılıb. Qalan siniflər tədris prosesinə tədricən yay semestri ərzində qayıdacaq.
  • Bundesliqanın futbol matçları şənbə günü, yəni mayın 16-dan boş stadionlarda bərpa olunur - Bundesliqa bunu edən Avropanın ilk böyük futbol liqasıdır
  • İki fərqli ev sakinləri arasında görüşlərə icazə verilir
  • Festival kimi izdihamlı ictimai tədbirlərin keçirilməsinə ən azı avqustun sonuna qədər qadağa qoyulub

Fransa: səyahət icazələrinə son qoyulub

Nice şəhərində boşalmış çimərlik

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Nice şəhərində boşalmış çimərlik

Martın 17-dən Fransada ciddi karantin qaydaları tətbiq edilib və sakinlər istənilən səfər üçün icazə almalıdırlar. Mayın 11-dən bu məhdudiyyət bir qədər zəiflədilib və üç həftədən sonra mövcud qaydalar yenidən nəzərdən keçiriləcək.

  • Sakinlərə artıq yol sertifikatı almaq lazım gəlmir və indi onlara evlərinin 100 km radiusunda avtomobillə səyahət etməyə icazə verilir.
  • Parisdə hazırda 11-18 yaşlı uşaqlar üçün parklar, bağlar və məktəblər bağlı qalır
  • Mayın 11-dən etibarən Fransanın bəzi ibtidai məktəb və uşaq bağçaları yenidən açıla bilər, 11-15 yaşında uşaqlar üçün isə "yaşıl zonalarda" yerləşən məktəblər isə mayın 18-də açılacaq. Sinifdə 15 şagirddən çox olmamalıdır, yuxarı sinif şagirdləri üçün maskalar məcburidir. 15-18 yaşlı şagirdlər üçün məktəblər (liseylər) iyun ayından əvvəl açılmayacaq
  • Bütün mağazalar (Parisin ticarət mərkəzləri istisna olaraq) indi yenidən açıla bilər; istirahət mərkəzləri və qəbiristanlıqlar yenidən açıla bilər, lakin barlar və restoranlar qapalı qalacaq
  • 10 nəfərdən çox olmamaqla insanların toplanmasına icazə veriləcək; yaşlı və sağlamlığı həssas insanlara bayıra çıxmağa icazə veriləcək, lakin müəyyən həddə qədər

İrlandiya: beş mərhələ və kiçik yay toyları

İrlandiya ölkənin yenidən açılması üçün beş mərhələli plan təqdim edir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İrlandiya ölkənin yenidən açılması üçün beş mərhələli plan təqdim edir

İrlandiyada karantin rejimi Britaniyadan daha sərt olub, sakinlərə öz evlərinin yalnız 2 kilometrliyində idmanla məşğul olmağa icazə verilib. Lakin mayın 18-dən ölkədə tətbiq olunacaq beşmərhələli yol xəritəsinə uyun olaraq məhdudiyyətlər hər üç həftədən bir zəiflədiləcək.

  • Məktəblər sentyabra qədər qapalı qalacaq, inşaatçı və bağban kimi işçilərə isə mayın 18-dən fəaliyyətə yenidən başlamağa icazə veriləcək
  • Körpələr evi və bağçalar 29 iyundan etibarən mühüm işçilərin uşaqları üçün açıq olacaq və 20 iyuldan etibarən digər işçilərin uşaqlarına da şamil olunacaq
  • Başqa evlərə baş çəkməyə iyunun 8-dən etibarən icazə veriləcək və 29 iyun tarixindən etibarən insanlara evlərindən 20 km məsafədə səyahət etməyə icazə veriləcək
  • Toy, xaç suyuna çəkilmə və kiçik sosial toplantılara iyulun 20-dən icazə veriləcək, lakin yalnız ailə üzvləri və yaxın dostlar üçün
  • Həyat əhəmiyyəti olmayan mallar satan mağazalar 8 iyun tarixindən etibarən açıla bilər, əgər işçilərin və müştərilərin sayı kiçik qalarsa, daha böyük ticarət obyektləri 29 iyundan etibarən açıla bilər

Belçika: sosial çevrənizdə dörd nəfər şərti

Brüsseldə hökumətdən daha çox kömək tələb edən restoran işçilərinin etirazı

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Brüsseldə hökumətdən daha çox kömək tələb edən restoran işçilərinin iş gödəkçələri ilə etirazı

Ölkədə karantin məhdudiyyətləri mərhələli şəkildə, tələsmədən qaldırılacaq. Bunu Belçikanın Baş naziri Sophie Wilmès bildirib.

  • Mayın 10-dan eyni evdə yaşayan sakinlərə dörd nəfərədək qrupu qəbul etməyə icazə verilir. Amma bu insanlara başqa yerə qonaq getməyə icazə verilməyəcək.
  • Paltar mağazaları mayın 4-dən etibarən yenidən açılıb, yeni qaydalar 12 yaşından yuxarı bütün belçikalıların ictimai nəqliyyatda maska taxmalarını tələb edir
  • Digər mağazalarda sosial məsafə qaydalarına ciddi əməl edilməsi tələb olunur
  • Məktəblər mayın 18-dən dərslərə yenidən başlayacaq, lakin hər sinfə 10-dan çox olmayaraq uşaq buraxılacaq
  • Kafe və restoranlar iyunun 8-dən fəaliyyətə başlayacaq

Hollandiya: bərbərxana və manikür salonları işə başlayır

Hollandiyada saç ustaları işə qayıdırlar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Hollandiyada saç ustaları işə qayıdırlar

Hollandiyanın Baş naziri Mark Rutte mayın 11-dən qüvvəyə minən və karantin rejimini yumşaldan beşmərhələli plan açıqlayıb.

  • Kitabxanalar, bərbərlərxanalar, gözəllik və manikür salonları açılır, kosmetoloqlar, masajçılar və iş şəraiti üzrə terapevtlər mayın 11-dən etibarən yenidən işlə qayıdırlar. İbtidai məktəblər də qismən yenidən açılacaq
  • Barlar və restoranlar iyunun 1-dən etibarən müştərilər üçün açıq olacaq; orta məktəblər də yenidən açılacaq
  • Sərnişinlərin üz maskaları taxması şərti ilə ictimai nəqliyyat işini bərpa edəcək
  • Kempinq və istirahət parkları iyulun 1-dən etibarən yenidən açıla bilər, həmçinin sosial məsafə qaydalarını gözləmək şərti ilə 100 nəfərə qədər ziyarətçisi/müştərisi olan teatr, restoran və kinoteatrlar da açılacaq
  • İnsanlar sosial məsafəyə riayət etməklə açıq havada komanda oyunları oynaya bilərlər
  • Daha böyük idman tədbirlərinin keçirilməsi, seks klubların və saunaların işi sentyabrda bərpa oluna bilər.

Avstriya: turizm yerləri yenidən açılacaq

Tennis kimi sosial məsafə təmin olunan idman növlərinin bərpasına Avstriyada icazə verilir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Tennis kimi sosial məsafə təmin olunan idman növlərinin bərpasına Avstriyada icazə verilir

Avstriyanın Səhiyyə naziri deyir ki, aprelin ortalarında kiçik mağazaların yenidən işə salınması xəstələnmə hallarının kəskin artmasına səbəb olmayıb, yeni infeksiya halları isə cəmi 0,2% artıb. Lakin o, may ayının "həlledici ay" olacağını söyləyib.

  • May ayının əvvəlində daha böyük mağazalar, ticarət mərkəzləri və bərbərxanalar yenidən açılıb
  • İctimai parklar, kiçik mağazalar, tikinti materialları mağazaları və bağ mərkəzlərinə aprelin 14-dən etibarən işlərini bərpa etməyə icazə verilib
  • Açıq havada tennis, qolf və yüngül atletika kimi sosial məsafəni təmin edən idman növlərinə hazırda icazə verilir
  • Mayın əvvəlindən 10-a qədər adamın toplanmasına icazə verilib
  • Restoranlar və kafelər may ayının ortalarından etibarən, otellər, zooparklar, hovuzlar və turizm yerləri isə ayın sonundan etibarən açıla bilər.
  • Məktəblərdə son ilin siniflərində təhsil alan şagirdlər üçün tədris may ayının əvvəlindən bərpa olunub. Digər şagirdlər məktəbə may ayının ortalarından geri dönəcək.

Danimarka: məhdudiyyətlər aprel ayının ortalarından zəifləyib

Danimarka karantin rejiminin yumşaldılmasına bəzi digər ölkələrdən daha əvvəl başlanıb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Danimarkada karantin rejiminin yumşaldılmasına bəzi digər ölkələrdən daha əvvəl başlanıb

Danimarka Avropa ölkələri arasında karantin rejimindən çıxmağa başlayan ilk ölkələrdən biri olub. Danimarka aprel ayının ortalarında karantin rejimi şərtlərini yumşaltmağa başlayıb və indi Yol Xəritəsinin ikinci mərhələsini yerinə yetirməyə davam edir.

  • Qayğı mərkəzləri və ibtidai məktəblər 14 apreldən etibarən işi bərpa ediblər. Baxmayaraq ki, valideynlər və ziyarətçilər məktəb ərazisinə buraxılmırlar, uşaqlar müxtəlif vaxtlarda məktəbə gəlir və gedirlər. 12-16 yaş arası şagirdlər və imtahan verən tələbələr tədris prosesinə mayın 18-dən qayıdacaqlar
  • Bərbərxanalar, gözəllik və masaj salonları, optometristlər, ortopedlər və terapevtlər fəaliyyəti aprelin 20-dən bərpa ediblər
  • Peşəkar idman növlərinə eləcə də həvəskar idmançılara qapalı arenalarda keçən tədbirlərə icazə verilir
  • Ticarət mərkəzləri, kafe və restoranlar sosial məsafə qaydalarını təmin etmək şərti ilə mayın 11-də yenidən açılmalıdır
  • Sosial toplantılarda iştirakçıların sayı 10 nəfər ilə məhdudlaşır
  • Sərhədlər qapalı qalır
koronavirus
xətt

İspaniya: məktəblər sentyabr ayına qədər qapalı qalacaq

İspaniya Avropa ölkələri arasında ən sərt karantin rejimi tətbiq edəndən sonra tədricən məhdudiyyətləri qaldırmağa başlayır.

Karantin rejimi dövründə 14 yaşına çatmamış uşaqlara altı həftə ərzində evlərindən bayıra çıxmaq yasaq edilmişdi.

İndi isə karantin rejimi məhdudiyyətləri iyunun 10-dək iki mərhələyə yumşaldımalıdır. Lakin Madrid, Barselona, Qranada, Malaga və ölkənin şimal-şərqindəki bəzi bölgələrdə karantin rejimi hələlik tam qüvvədə qalmaqdadır.

  • Məktəblər mayın 26-dan başlayaraq qismən açılacaq, lakin dərslərin tam bərpası sentyabr ayından əvvəl gözlənilmir
  • 11 maydan etibarən müştərilər barların eyvanında pivə sifariş edə bilərlər, lakin binadaxili bar və restoranlar iyunun 10-dan tez tam şəkildə açılmayacaq və bu zaman sosial məsafə qaydalarına ciddi əməl olunmalıdır və həmin obyektlər yalnız 50% gücündə işləyə biləcək
  • Kinoteatrlar, teatrlar və sərgilər mayın 26-dan etibarən açıq olacaq, lakin yalnız 30% gücündə işləyəcəklər. Açıq havada keçirilən konsertlərə yalnız 400-ə qədər adam tamaşa edə biləcək.
  • Kilsələr və məscidlər mayın 11-dən qismən yenidən açıla bilər

İtaliya: Dəfn mərasimlərinə icazə verilib

İtaliyada karantin reimi ilə evdən 200 metrdən artıq uzaqlaşmağa qadağa qoyulmuşdu.

May ayının əvvəlində bəzi məhdudiyyətlər yumşaldıldı və indi insanlar daha uzun məsafələrə səyahət edə bilərlər, həmçinin qohumlarını ziyarət edə bilərlər. Ölkənin digər bölgələrinə səfərlər hələ də qadağandır.

  • Sifarişi aparmaq şərti ilə işləyən bar və restoranların 1 iyun tarixindən etibarən içəridə nahar etmək xidmətini bərpa edəcəkləri gözlənilir
  • Bərbərxanalar və gözəllik salonları iyunun 1-dən yenidən açılmalıdır
  • Mayın 18-dən daha çox mağaza, muzey və kitabxanaların açılacağı gözlənilir
  • İdman komandaları qrup məşqlərinə mayın 18-dən başlaya bilər
  • Dəfn mərasimləri 15-dən çox iştirakçı olmamaq şərtilə, ideal olar ki, açıq havada keçirilə bilər.
  • Məktəblər sentyabr ayına qədər açılmayacaq
  • Katolik kilsəsəyə mayın 18-dən etibarən kütləvi ibadətlər keçiməyə icazə veriləcək

Yunanıstan: turizmin bərpası mərkəzi yer tutur

Yunanıstanda məktəblər mayın 10-da yenidən açılacaq

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Yunanıstanda məktəblər mayın 10-da yenidən açılacaq

Yunanıstanda ilk Covid-19 hadisəsi fevralın 26-da qeydə alındıqdan sonra hökumət tez bir zamanda karantin rejimi tətbiq etmək üçün tədbirlər görüb. Aprelin 28-də baş nazir Kyriakos Mitzotakis karantin rejiminin yumşaldılacağını açıqlayıb.

  • Mayın 4-dən kilsələr fərdlər üçün açılıb və mayın 17-dən ibadətlərə icazə veriləcək
  • Məktəblər mayın 11-də yalnız buraxılış sinfinin şagirdləri üçün yenidən açılır.
  • Bütün mağazalar mayın 11- dən yenidən açıla bilər, qapalı ticarət mərkəzləri isə iyun ayının 1-dən işə başlayır
  • Kafe və restoranlar iyunun 1-dən açılacaq, lakin bu, yalnız açıq eyvanlarda yerləşən masalara aid olacaq

Yunan alimləri bu yay turistlər üçün ölkəni açmaq məqsədi ilə təmizləmə, sosial distansiya və test qaydaları üzərində işləyirlər. Ölkə çimərlikləri mayın 4-dən açılıb.

Polşa: parklar və meşələr ilk olaraq yenidən açılacaq

Polşada Covid-19 statistikası bir çox Qərbi Avropa ölkələrinə nisbətən daha aşağıdır - 15000 təsdiqlənmiş infeksiyaya yoluxma halları və 700-dən çox ölüm hadisəsi.

Yeni infeksiya hallarının əksəriyyəti ölkənin cənubundakı Sileziya bölgəsində qeydə alınıb. Polşa park və meşələrin yenidən açılmasına icazə verildiyi aprelin 20-dən etibarən karantin məhdudiyyətlərini qaldırmağa başlayıb.

  • Otellər, mağazalar, ticarət mərkəzləri, muzeylər və qalereyalar mayın 4-də yenidən açılıb, hər bir müştəri və ya ziyarətçiyə 15 kv.metrlik sahə təmin edilməsi şərtilə
  • Uşaq bağçalarına mayın 6-dan yenidən işə başlamaq imkanı verilib
  • İctimai yerlərdə üz maskası taxılması mütləqdir

İsveç: ciddi məhdudiyyətlər tətbiq olunmayıb

Stokholm, İsveç

Şəklin mənbəyi, Getty Images

İsveçdə karantin rejimi ciddi qaydada tətbiq olunmadığıdan, qaldırılası da elə bir çox şərt yoxdur.

  • Restoranlar, barlar, məktəblər və müəssisələr açıq qalıb. Lakin 50-dən çox insanın yığılmasına və qocalar evinə baş çəkilməsinə qadağa qoyulub.
  • İsveçdə 3000-dən artıq ölüm hadisəsi qeydə alınıb. Bu, digər şimal ölkələrin statistikası ilə müqayisədə ən yüksək göstəricidir
  • Əhalinin əksəriyyəti könüllü olaraq sosial məsafə qaydalarına əməl edib.

Rusiya: karantin rejiminin qaldırılması vaxtı yetişməyib

Moskvada qoruyucu üz maskası taxan adam

Şəklin mənbəyi, Reuters

Digər Avropa ölkələrindən fərqli olaraq, Rusiyada xəstəlik statistikası hələ pik göstəricilərə çatmayıb. Son həftə ərzində orta hesabla gündə ən azı 10000 yeni yoluxma halı qeydə alınıb.

  • Prezident Vladimir Putin epidemiyaya qarşı ən yaxşı hərəkət strategiyasının seçimi məsuliyyətini yerli qubernatorlara ötürüb
  • Ən zərərçəkmiş şəhər olan Moskvada ciddi karantin rejimi ən azı 31 may tarixinədək davam edəcək
  • Mayın 12-dən etibarən Moskvada mağazalarda və ictimai nəqliyyatda əlcək və maska taxmaq məcburi olacaq
  • Ancaq ərzaq mağazaları və apteklər açıqdır. Moskva meri Sergey Sobyanin hesab edir ki, hələ ki, həyat üçün əhəmiyyəti olmayan mağazalar və ticarət mərkəzlərini açmaq tezdir
  • Məktəblər bağlıdır və bir çox insanlar evdən işləyirlər. Hazırda onları yenidən necə açmaq barədə heç bir plan yoxdur. Moskva daxilində və şəhərlər arasında səfərlər alqışlanmır
  • Bir çox şəhərlərdə polis kordonları qurulub və yalnız yaşayış qeydiyyatı olanlara içəriyə keçməyə icazə verilir

Azərbaycan: xüsusi karantin rejimi yumşaldılıb

Bakı metrosu

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Azərbaycanda koronavirusla əlaqədar karantin rejimi may ayının 31-dək uzadılıb.

Eyni zamanda mayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan MR-də SMS icazəsi qaydası ləğv edilib.

Bölgələrdə icazə verilən xidmətlər:

  • Yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur
  • "DOST" mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir
  • Dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur
  • Restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla)
  • Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür
  • Qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla)
  • Xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir
  • Bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur
  • Bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur

Məhdudiyyətlərin yumşaldılması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçiriləcək, dövlət qrumları bildirir.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb. Hazırda yoluxmaların sayı 2500-ü keçib.