Cənubi Koreya Covid-19-a yoluxma hallarından sonra koronavirusun yeni dalğasından qorxur

Cənubi Koreya

Şəklin mənbəyi, Getty Images

Karantin rejimindən çıxmağa başlayan Cənubi Koreyada Covid-19-a yeni yoluxma halları infeksiyanın ikinci dalğasının başlaması qorxusunu yaradaraq bar və klubların bağlanmasına səbəb olub.

Bazar günü Cənubi Koreyada Covid-19-a 34 yeni yoluxma hadisəsi qeydə alınıb. Bu, bir ay ərzində ən böyük gündəlik artımdır, infeksiyaya yoluxma hallarının ümumi sayı isə nəticədə 10 874-ə çatıb.

Koronavirusun ilkin dalğası zamanı epidemiyanı nəzarət altına almaq üçün ölkədə görülən cəld qabaqlayıcı tədbirlərin uğurlu olduğu bildirilir.

Lakin şənbə günü məhdudiyyətlər yumşaldıqdan cəmi bir neçə gün sonra Seul meri "infeksiya partlayışı" qorxusunu əsas gətirərək, şəhərdəki bütün bar və klubların bağlanmasını tələb edib.

Xəstələnmə hallarında yeni sıçrayış 29 yaşlı kişi ilə bağlıdır, ötən həftə o, paytaxt Seulun populyar məhəlləsində gecə gəzintisində olub.

İndi səhiyyə orqanları bu adamla eyni yerlərdə olmuş təxminən 1510 insanı müəyyən edib yoxlamağa çalışır.

Cənubi Koeya prezidenti

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, "Hər şey bitənə qədər bu, bitməyəcək", - prezident Moon Jae-in deyib

Bazar günü prezident Prezident Moon Jae-in bildirib ki, infeksiyaya yeni yoluxma halları "hətta sabitləşmə mərhələsində belə yoluxma hallarının istənilən vaxt yenidən başlaya bilməsi barədə məlumatlılığı artırıb".

Prezident çıxışında bildirib ki, ölkə virusa qarşı sayıqlığı zəiflətməməlidir və əlavə edib ki,"hər şey bitənə qədər bu, bitməyəcək".