Koronavirus: təcriddən sonra bərbərxananı açmağın yolu

Şəklin mənbəyi, Getty Images
Almaniya koronavirusa görə yeridilmiş karantin qaydalarını zəiflədən ölkələr cərgəsinə sonuncu qoşulub, amma Avropa boyu bərbərxanalar bu vəziyyətdən çıxmağın yollarını axtarır.
Növbə gözləmə yeri, jurnal, quru saç kəsimi yoxdur, müştəri və bərbər isə üz maskaları taxmalıdırlar.
Almaniyada bərbərxanalar martın 23-də karantin rejimi yeridiləndən bəri ilk dəfədir ki, açıla bilər, lakin onların işi əvvəlki kimi qurulmayacaq.
- "Öpüşməyin!" Baş epidemioloq İbadulla Ağayev koronavirusa yoluxmamağın yollarını izah edir
- Ana təbiət hazırkı vəziyyətdən çıxmağımıza necə yardım edə bilər?
- Koronavirus insanlara hansı heyvandan keçib? Bunu bəlkə də, heç vaxt bilməyəcəyik
- Koronavirus dünyanı yeni böhrana salır. Niyə yoxsul ölkələr digərlərindən daha çox əziyyət çəkirlər?
Almaniyanın iqtisadiyyat və sosial məsələlər üzrə nazirlikləri tərəfindən təsbit edilmiş qaydalara əsasən, müştərilər arasında 1,5 metrlik sosial məsafə olmalı və ideal halda saç qurutma maşınından istifadə olunmamalıdır.
Müştərinin saçları yuyulana qədər (bakteriyalardan təmizləmək üçün) ustanın əlləri əlcəkli olmalıdır, lakin saç kəsilmə mərhələsində əlcəkləri çıxarmaq olar.
Bəs, bərbərxana salonunda söz-söhbət etmək necə? - Bu da keçmişdə qaldı.
Qaydalara görə, qarşı-qarşıya oturub üz-üzə söhbət aparmaq praktikasına son qoyulur. Saç düzümü və saça hansı rəng vurmaq barədə ustaya bütün suallar güzgü vasitəsilə verilməli və minimuma endirilməlidir.
Tənzimləyici orqan deyir ki, həmin qaydalara əməl etmək bu biznes növündə insanların yaxın təmasda olması xüsusiyyətindən irəli gəlir.

Qürrələnmə qorxu hissinə qalib gələndə
Damien McGuinness, BBC News, Berlin
İndi insanların çoxunun saç düzümü nə vəziyyətdədir? Mən Berlinin Prenzlauer-Berg rayonunda Harms bərbərxananın müştərək sahibi Reno Harmsdan soruşuram.
“Olduqca gülməli. Bir çox insan saçını özü kəsir. Bəziləri özü də rəngləyir. Odur ki, bu gün əsasən əyrilikləri düzəldirik”, - o, gülərək deyir.
Altı həftə çəkmiş karantin müddəti ərzində onun daimi müştəriləri sonradan xərcləyə biləcəkləri ödəniş vauçerləri alırdılar. Berlin sakinlərinin çoxu bunu sevimli yerli dükan, kafe və restoranları dəstəkləmək üçün edirlər. Bu cür dəstəyin həcmi adi günlərdə olan gəlirin təxminən 50 %-ni təşkil edib və nəticədə, Reno Harms biznesini ayaqda saxlaya bilib.
Lakin digər tərəfdən, bu o deməkdir ki, misal üçün, bu gün Reno az qala bütün günü əsasən müftə işləməli olacaq, çünki camaat artıq əvvəlcədən alınmış vauçerlərlə ödəniş edir. Yeni qaydalara əməl edilməsi o deməkdir ki, indi onun qulluq edəcəyi müştərilərinin sayı adi günlərdə olan müştərilərin sayının yarısından çox olmayacaq. Hər bir müştəridən sonra onun oturduğu yer dezinfeksiya olunmalıdır və ciddi sosial məsafə qaydalarına əməl olunmalıdır.
Hərçənd, bu biznesdə bərbərxana və gözəlik salonu çatışmazlığı, əlbəttə ki, yoxdur. Berlinin əksər salonlarında ustaya yazılmaq asan iş olmaya bilər. Mart ayında salonun bağlanmasından bir neçə həftə əvvəl, onun müştərilərinin təxminən yarısı sifarişlərini ləğv etdilər, çünki koronavirusa yoluxacaqlarından qorxurdular. Renonun qənaətincə, insanlar arasında həyəcan davam edir. “Amma onlar salonda yer sifarişi etməkdən də qalmırlar - o, zarafatlı tərzdə deyir – gözəl görünmək istəyi qorxu hissindən daha güclüdür”.

Qurum izah edir ki, pərakəndə ticarət ilə müqayisədə bərbərxana xidmətləri müştərilərin işçi ilə daha yaxın məsafədə təmasda olmasını nəzərdə tutur.
Salonlar həmçinin müştərilərinin adlarını qeyd etməlidirlər ki, lazım olduqda infeksiyayanın yayılması izini təyin etmək mümükün olsun.
Avropa boyu karantin rejimi yumşalarkən bərbərxana və gözəllik salonları açılmasına icazə verilən bizneslər arasında öndə olub.

Şəklin mənbəyi, Getty Images
İspaniyada da bərbərxana salonları mayın 4-dən başlayaraq yenidən açılır, lakin həmin salonlar yalnız 30% gücündə işləməlidir və müştərilər yalnız qəbula yazıldıqdan sonra salona gələ bilərlər.
Aprelin 17-də Danimarkada salonların yenidən işə başlayacağı bəyan ediləndən sonra ən iri onlayın qəbula yazılma sistemlərindən birinin vebsaytının işi pozuldu. Bir qəzetin yazdığına görə, buna səbəb saçlarını düzəltmək arzusunda olan saysız-hesabsız müştərilərin səhifədə yaratdığı tıxac olub.
Görəsən, yeni qaydalara əməl etmək nə qədər asandır və bunun müştərilərin saç kəsiminə təsiri necə ola bilər?
Alison Badrick İngiltərənin Buckinghamshire bölgəsində fərdi qaydada işləyən səyyar saç ustasıdır və hələ də işə necə qayıda biləcəyinə dair Britaniya hökumətinin göstərişlərini gözləyir. O narahatdır ki, bu hələ bir müddət çəkə bilər.
O, əksər qaydaların ağlabatan, lakin əməl edilməsi çətin olduğunu söyləyərək qeyd edir ki, misal üçün, maska taxmış müştərilərin saçını kəsmək problemli ola bilər.

Şəklin mənbəyi, Getty Images
Onun fikrincə, maskanın qaytanları müştərinin saçını qulaqları ətrafında kəsməyə mane olacaq: "Əgər onlar üzə yapışan maska istehsal etməsələr, bu problemin necə həll olunacağını bilmirəm".
Almaniyada Bərbərlər Assosiasiyasının rəhbəri Tagesschau televiziya proqramına bildirib ki, müştərilər qulaqlardan maskanı qısa müddətə çıxara və ağız üzərində saxlaya bilərlər.
Sosial məsafə qaydalarını nəzərə almaqla demək olar ki, salonlar əvvəlki sayda müştərilərə xidmət edə bilməyəcəklər - Londondakı Blue Tit şirkətinin hesablamalarına görə, pandemiyadan sonra salonlar təxminən 50% gücündə işləyəcəklər.
Şirkət bu vəziyyətdən çıxış yolu tapmaq üçün iş vaxtı saatlarını artırmaq və işçilər üçün iki növbəli iş cədvəli tərtib etmək niyyətindədir.
Bu şirkətin salonları davamlı saç qayğısı xidmətinə xüsusi diqqət ayırır və qrup ümid edir ki, hələ də başın masajı, başın yuyulması və içki təklifi kimi "bəzi mühüm lüks qulluq növlərini" təmin etməyə qadir olacaq.
Hökümətin təsbit edəcəyi yeni tədbirlərin növündən asılı olmayaraq, bu xidmətə görə qiymətlərin artacağı qaçılmaz görünür.
"Xərclərimiz artacaq, çünki qəbul proseduru uzanacaq, fərdi qorunma geyimlərinə xərci də nəzərə almaq lazımdır, lakin müştərilərimizin və işçilərimizin təhlükəsizliyi bizim üçün başlıca məsələdir", - Blue Tit qrupu izah edir.
Bəs, salonda qeybət etmək necə, mümkün olacaqmı?
“Bərbərxanada qeybət olar - bu, bərbərlik işinin xüsusiyyətlərindən biridir”, - Alison Badrik deyir.
"Saç kəsimi zamanı söhbətləşmək, qeybət etmək bu prosesin əsas məqamlarından biridir. Bunun necə olacağını izləmək maraqlıdır”, - o, əlavə edib.

Almaniyanın yeni qaydaları:
- Salona yalnız qəbula yazılma yoluyla gəlmək mümkündür – bu, salonda növbələrin yaranmaması üçün edilir
- Müştərilər və ustalar saç kəsimi baş verdiyi hallar istisna olmaqla, 1,5 m məsafədə dayanmalıdırlar
- Müştərilər və bərbərlər üz maskaları taxmalıdırlar
- Birbaşa ünsiyyətə "icazə verilmir”, ehtiyac yarananda söhbət güzgü vasitəsilə aparılmalıdır
- Mümkündürsə, fenlə saç qurutma olmamalıdır
- Salonda hər bir bərbərə düşən təmiz hava həcmi 100 m3 / saat təşkil etməlidir
- Qayçı və digər alətlər, oturacaqlar yaxşıca dezinfeksiya olunmalıdır
- Bərbər örtükləri hər istifadədən sonra yaxşıca yuyulmalıdır
- Müştərilər salona girərkən əllərini yumalıdırlar

- BİLİRSİNİZMİ? - Koronavirus: Nə dərəcədə narahat olmalı?
- AZƏRBAYCANDA KORONAVİRUS- SON RƏQƏMLƏR
- DÜNYA XƏRİTƏSİ - Koronavirus - dünya üzrə rəqəmlər bu səhifədə canlı yenilənir
- QORUNMA YOLU - Koronavirus: Qorunmaq üçün nə etməli?
- COVID-19 VƏ MİFLƏR - Covid-19 və ibuprofen: koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlər
- MASKALAR - Koronavirus: maskaları kim, harada və necə taxmalı?
- KORONAVİRUS VƏ ORUCLUQ -Ramazanda koronavirus tədbirləri: Ümumdünya Səhiyyə Təşkilatı nələri tövsiyə edir?










