Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirus pandemiyası "sürətlənir"

Şəklin mənbəyi, AFP
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının "sürətləndiyi" barədə xəbərdar edib.
Hazırda dünya boyunca 300 mindən çox insan infeksiyaya yoluxub.
Covid-19-a yoluxanların sayı ilk 67 gündə 100 minə, ondan sonrakı 11 gündə 200 minə və cəmi dörd günə 300 minə çatıb.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, onun "trayektoriyasını dəyişdirmək" ehtimalı da mövcuddur.
O, ölkələri ciddi analiz aparmaq və əlaqədə qalmağa dair strategiyalar qəbul etməyə çağırıb.
"Ən başlıcası, etdiyimiz işlərdir. Müdafiə etməklə futbol oyunu qazana bilməzsən. Həm də hücum etməlisən", deyə o FİFA prezidenti Gianni İnfantino ilə birgə mətbuat konfransında bildirib. O deyib ki, futbolçularla birgə "koronavirusa hücum" kampaniyası başladılıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Dr Tedros insanları evdə qalaraq və məsafə saxlayaraq virusun yayılmasının qarşısını almağa çağırıb. Amma o həmçinin qeyd edib ki, müdafiə tədbirləri qalib gəlməyə yardım etməyəcək.
"Qalib gəlmək üçün virusa sərt və hədəfli taktikalarla - hər şübhəli halı analiz etmək, hər təsdiqlənmiş halı təcrid etmək və ona qayğı göstərmək, hər yaxın əlaqəni izləmək və karantində saxlamaqla hücum etməliyik".
O, tibb işçiləri arasında ölümlərin çox olmasına da toxunub.


"Tibb işçiləri işlərini təhlükəsiz gördükləri zaman effektiv işləyə bilərlər. Biz hətta hər şeyi düz etsək, tibb işçilərinin qorunmasını prioritetləşdirməsək, çox insan öləcək, çünki onların həyatını qurtaracaq işçi xəstədir.
Avropada virusa qarşı mübarizə güclənir
Britaniyanın Baş naziri Boris Johnson bazar ertəsi gecəsi "insanların yalnız çox məhdud məqsədlər üçün evlərini tərk etməyə icazə veriləcəyini" açıqlayıb. Bura əsas ehtiyaclar üçün alış-veriş etmək, gündə bir dəfə idman üçün bayıra çıxmaq, hər hansı bir tibbi ehtiyacı ödəmək və ya evdə işləmək mümkün olmadıqda işə getmək aiddir.
Bazar ertəsi İngiltərədə ölənlərin sayı 335-ə çatıb.
Dünyanın ən çox zərər görən ölkəsi olan İtaliyada rəsmilər son 24 saatda Covid-19-a yoluxmuş 602 nəfərin öldüyünü və ümumi ölüm sayının 6,077-ə çatdığını bildirib.
Lakin bu göstəricilər son 4 gündə ən az rəqəm olduğundan hökumətin tətbiq etdiyi sərt məhdudiyyətlərin təsir göstərməyə başlamasına ümid artıb.
İspaniyada isə ölənlərin sayı 462 nəfərin ölümü ilə 27 faiz artaraq 2182-ə yüksəlib.

Fransada yeni 186 ölüm halı qeydə alınıb, bununla da ölənlərin sayı 860-a çatıb. Hökumət çərşənbə axşamı günündən karantin tədbirlərini sərtləşdirərək açıq havada idmanı məhdudlaşdıracaq və açıq hava bazarlarını bağlayacaq.
Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dick Pound 2020-ci il Tokio Olimpiyadasının koronavirus səbəbiylə bir il təxirə salına biləcəyini deyib. Ancaq bu, hələ BOK-un rəsmi qərarı deyil, qurum qərarını dörd həftə sonra açıqlaya bilər. Hərçənd ki, Avstraliya, Kanada və Böyük Britaniya kimi ölkələr komanda göndərilməsinə dair tərəddüd etdiklərini bildirib.
481 nəfərin öldüyü ABŞ-da əyalət qubernatorları və şəhər merləri federal hökumətdən yardım istəyiblər.
Hindistan hökuməti çərşənbə günündən bütün daxili uçuşların dayandırılacağını, Cənubi Afrika Respublikası cümə axşamı günündən 21 günlük karantin elan olunacağını açıqlayıb.
Braziliya Prezidenti Jair Bolsonaro Konqresdəki sərt tənqidlərdən sonra şirkətlərə 4 ay müddətinə işçilərə maaş verməməyə imkan verən qərarını geri çəkib.
Birləşmiş Millətlər pandemiya ilə mübarizə aparmağa imkan vermək üçün "qlobal atəşkəsə" çağırıb. BMT-nin baş katibi António Guterres xəbərdarlıq edib ki, münaqişələr davam edərsə, ən həssas insanlar - "qadınlar və uşaqlar, əlillər, kənar qalanlar və məcburi köçkünlər" ən çox əziyyət çəkən olacaq.








