You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Britaniya seçkiləri: Mühafizəkarlar qalib gəlir
Mühafizəkarlar partiyasının rəhbəri Boris Johnson yeni hökuməti təşkil etmək üçün Kraliça II Elizabeth ilə görüşüb.
Bu, cümə axşamı günü Britaniyada keçirilən seçkilərdə Mühafizəkarlar Partiyası parlamentdə ən çox səslə, 364 yerlə böyük çoxluğu əldə etməsindən sonra baş verib.
Mühafizəkarların lideri və hazırki Baş nazir Boris Johnson bildirib ki, seçicilərin inamını bərpa etmək üçün "gecə və gündüz" işləyəcək.
Baş nazir bildirib ki, bu qələbə ona İngiltərəni gələn ay Avropa İttifaqından çıxarmaq üçün səlahiyyət verəcək.
Jeremy Corbyn - Leyboristlər Partiyasının lideri növbəti seçkilərdə artıq bu partiyaya rəhbərlik etməyəcəyini bildirib.
Corbyn seçki gecəsini "çox məyus gecə" adlandırıb. O, həmçinin getməzdən öncə bir müddət yerində qalmaq istədiyini də bəyan edib, lakin partiyasından bir çoxları onun dərhal getməsini istəyir.
Leyboristlər 2016-cı ildən indiyə kimi Şimal, Mərkəz və Wales-də çoxlu yer itirib.
BBC Britaniyada keçirilmiş seçkilərdə Mühafizəkarlar Partiyasının 364, Leyboristlər Partiyasının isə 203 yerlə qələbə qazanacağını proqnozlaşdırıb.
Mühafizəkarların qələbəsindən sonra, bazar ertəsi günü ediləcək kiçik bir dəyişikliklə Brexit qanun layihəsi gələn cümə günü millət vəkilləriinin müzakirəsinə çıxarılacaq.
Seçkinin son nəticələrinə görə, Mühafizəkarlar 43,6 faiz, leybristlər 32,2 faiz, liberal demokratlar 11,5 Şotlandiya Milli Partiyası 3,9, Yaşıllar 2,7 və Brexit Partiyası 2,0 faiz səs toplayıb.
Liberal Demokratların lideri Jo Swinson Şərqi Dunbartonshire əyalətində yerini 149 səslə Şotlandiya Milli Partiyasına verməli olub.
Tory-lər seçkidə Blyth, Darlington və Workington kimi keçmiş leyboristlərin ənənəvi yerlərini əldə ediblər.
Exit-poll nəticələri necədir?
BBC, SKY News və İTV üçün keçirilən exit-poll nəticələrinə görə, Parlamentdə leyboristlər 191, Liberal-demokratlar 13, Şotlandiya Milli Partiyası (SNP) 50, Plaid Cumru 3, Yaşıllar bir yer qazana bilərdi.
Bundan başqa, müstəqil olaraq qatılan 19 nəfər də yetərli səs toplaya bilib.
Seçkidə son rəqəmlər isə cümə günü günorta bəyan edilməlidir.
Cümə axşamı günü Böyük Britaniyada ümumi seçkilər keçirilib.
Britaniyalılar təxminən son 5 ildə üçüncü dəfədir ki, seçkilərdə iştirak edib.
Seçki məntəqələri yerli vaxtla səhər saat 7-də açılıb və axşam saat 10-da bağlanıb.
Axşam saat 10-da, seçki məntəqələrinin bağlanmasından dərhal sonra nəticələrin hesablanmasına başlanılıb.
Kütləvi informasiya vasitələri seçki məntəqələrinin açıq olduğu müddətdə seçki kampaniyasının detalları və ya seçkilərlə bağlı məsələləri yayımlaya bilməzlər.
Seçkidə majoritar sistemlə 650 deputat seçilməlidir. Hər bir dairədə ən çox səs toplayan namizəd qalib hesab olunacaq.
Britaniyada seçkilər adətən dörd və ya beş ildən bir keçirilir. Lakin oktyabr ayında deputatlar növbədənkənar seçkilər keçirməyə səs veriblər.
Britaniyada seçkilərin qış mövsümündə keçirilməsi bundan əvvəl 1974-cü ildə baş verib. Dekabr ayında seçkilərin keçirilməsi isə təxminən 100 il əvvəl (1923) baş verib.
18 yaşından yuxarı Britaniya vətəndaşları, Birlik ölkələri və Şimali İrlandiyada yaşayan vətəndaşlar səsvermə hüququna malikdir. Onlar bunun üçün qeydiyyatdan keçməlidirlər.