Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək

Riyadda McDonalds restoranında qadın və ailələri kişilərdən ayıran lövhə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Riyadda McDonalds restoranında qadın və ailələri kişilərdən ayıran lövhə

Səudiyyə Ərəbistanındakı restoranlardan kişi və qadınlar üçün ayrı-ayrı girişlər qurmaq artıq tələb olunmayacaq, hökumət bildirir.

İndiyədək restoranlarda iki giriş olub - biri qadınlar və ailələr, digəri isə kişilər üçün.

Qeyri-rəsmi olaraq, qaydalar artıq mülayimləşdirilib. Bir çox restoran, kafe və digər görüş yerlərində cinsləri ayırmaq tələbi tətbiq olunmurdu.

Səudiyyədə sosial sahəni əhatə edən silsilə islahatlarla yanaşı, fərqli baxışda olanlar əleyhinə təqiblər də güclənməkdədir.

2018-ci ildə Körfəz krallığında qadınların maşın sürmək qadağasına son qoyulub. Bu ilin əvvəlində isə kişi qəyyumunun icazəsi olmadan, qadınların xaricə səfərinə icazə verilib.

Lakin fəallar, qadınlara qarşı ayrı-seçkiliyə yol verən qanunların hələ də qüvvədə qalmasından şikayətlənirlər. Hökumətin islahatlarına baxmayaraq, bir neçə tanınmış qadın hüquqları müdafiəçisi həbs olunub.

Bazar günü bələdiyyələrin işi üzrə nazir deyib ki, restoranlar artıq fərqli girişlər saxlamaq məcburiyyətində deyil. Bu, barədə seçim haqqı müəssisələrin ixtiyarına verilib.

İndiyədək, restoranlarda qadınları və ailələri kişilərdən lövhə ayırıb.

2017-ci ildə Məhəmməd İbn Salmanın vəliəhd olmasından bəri o, ölkənin olduqca mühafizəkar cəmiyyətinin açılmasına yönələn addımlar atıb.

Videonun alt yazısı, Səudiyyə Ərəbistanı: kinoteatrlar açılır, bəs azad söz?

Onun apardığı islahatlar beynəlxalq ictimaiyyətin rəğbətini qazansa da, təqiblər dalğası ilə müşayiət olunub.

2018-ci ildə, Səudiyyənin İstanbuldakı konsulluğunda tanınmış jurnalist Camal Kaşıkcının qətlə yetirilməsi beynəlxalq tənqidə səbəb oldu. Lakin prezident Donald Trump-da daxil, aparıcı dünya liderləri Səudiyyə Ərəbistanına öz dəstəyini dayandırmadılar.

Səudiyyə rəsmilərinə əsasən, Riyaddakı hökumətin sərt tənqidçisi olan Camal Kaşıkcı bir qrup xəfiyyə tərəfindən "özbaşına"təşkil edilmiş əməliyyat nəticəsində öldürülüb. Lakin bir çox tənqidçi buna şübhə edir. BMT mütəxəssisinin gəldiyi qənaətə görə isə, jurnalistin ölümü "məhkəmədənkənar edam"ın nəticəsi olub.

Həmçinin oxuyun: