Avropa ölkələri nüvə sazişi pozuntularına görə İrana xəbərdarlıq edib

İranı prezidenti Həsən Ruhani BMT Baş Məclisində çıxış verərkən

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, İran deyib ki, sanksiyalara qarşı kömək almasa nüvə sahəsində fəaliyyətini artıracaq

Fransa, Britaniya və Almaniya İrana xəbərdarlıq ediblər ki, əgər Tehran 2015-ci ildə imzalanmış nüvə sazişinin şərtlərini pozmağa davam edərsə, saziş ləğv oluna bilər.

Cümə axşamı günü Avropa İttifaqını (Aİ) təmsil edən üç ölkə bildirib ki, İran sazişin şərtlərini pozmağa davam edərsə, onlar mübahisə mexanizmindən istifadə edəcəklər.

Ötən il ABŞ nüvə sazişini tərk edib, İrana qarşı sanksiyalar tətbiq etdikdən bəri İran sazişdəki öhdəliklərini pozmağa başlayıb.

BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın uranın zənginləşdirilməsi üçün qadağan edilmiş texnologiyadan istiafə etdiyini deyib.

Avropa ölkələrinin xəbərdarlığı İran nazirlərinə BMT Baş Məclisi ətrafında keçirilən görüşdə çatdırılıb, BBC-nin BMT-dəki müxbiri James Landale deyib.

Əgər mübahisə mexanizmindən istifadə edilərsə, nüvə sazişi ləğv oluna bilər və BMT İrana qarşı sanksiyaları yenidən tətbiq edə bilər. BMT bunu etdiyi halda, təşkilata üzv olan bütun ölkələr sanksiyalara riayət etməli olacaqlar.

Belə geniş sanksiyalar İran iqtisadiyyatına çox ağır zərbə vura bilər, müxbirimiz bildirib.

Razılaşmanın məğzi nədir?

İranın nüvə enerjisi proqramından nüvə silahının hazırlanması üçün istifadə etdiyi ilə bağlı şübhələr BMT, ABŞ və Avropa İttifaqını bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə vadar etmişdi. Bu qüvvələr İranı həssas nüvə fəaliyyətindən geri döndərməyə çalışırdılar.

İran həmişə nüvə proqramının sülhpərvər olduğunu iddia edib. 2015-ci ildə bu ölkə ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb.

İranın Atom Enerji təşkilatının rəhbəri Əli Əkbər Salehi Prezident Həsən Ruhaniyə nüvə texnologiyasını göstərir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, İran prezidenti Həsən Ruhani (sağdan ikinci) deyir ki, nüvə sazişini tərk etmək niyyətində deyil

Sazişə görə nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı; bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli; və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.

Əvəzində isə sanksiyalar aradan qaldırılmış və İran hökumətinin əsas gəlir mənbəyi olan neft ixracatına icazə verilmişdi.

Yeni böhrana səbəb nə olub?

ABŞ prezidenti Donald Trump administrasiyası 2018-ci ildə sazişi tərk edərək sanksiyaları bərpa edib. Noyabr ayında İranın neft və maliyyə sektorlarını hədəf alan sanksiyalar tətbiq edilməyə başlayıb.

Bu isə öz növbəsində İranda iqtisadi böhrana və güclü inflyasiyaya səbəb olub.

İran isə buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb.

Tehranda ABŞ-a qarşı şüarlar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, İran ilə ABŞ arasında gərginlik Trump hakimiyyəti dövründə başlayıb

Sazişə imza atmış digər beş ölkə 60 gün ərzində İranın neft satışını ABŞ sanksiyalarından qorumaq qərarına gəliblər.

Əks halda İran uranın zənginləşdirilməsi məhdudiyyətlərini aradan qaldıra və ağır-su reaktorunun yenidən qurulmasını dayandıra bilər.

Mayın 9-da Avropa İttifaqı, Britaniya, Fransa və Almaniya bəzi öhdəliklərindən imtina edəcəyi barədə Tehranda səslənən bəyanatın "dərin narahatlıq" doğurduğunu bildiriblər.

"Biz İranı Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) üzrə öhdəliklərini, indiyədək olduğu kimi, tam şəkildə yerinə yetirməkdə davam etməyə və gərginliyi artıran hər hansı addımdan çəkinməyə səsləyirik".