Azərbaycan MiQ-29-nun sirri: 30 yaşlı hərbi təyyarənin taleyi

MiQ-29

Şəklin mənbəyi, Azerbaijan Ministry of Defence

Şəklin alt yazısı, MiG-29 "Qara qutusu" qəzadan təxminən bir ay sonra tapılıb.
    • Müəllif, Məhərrəm Zeynalov
    • Vəzifə, BBC, Bakı

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinin MiG-29 təyyarəsi Xəzər dənizi üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Təyyarənin qalıqları bir neçə həftə ərzində axtarılıb. Təxminən bir aydan sonra "qara qutu" tapıldıqdan sonra rəsmilər qəzanın səbəbini açıqlayıb: yad cisimlə, çox güman ki, quş və ya quş dəstəsiylə toqquşma. Pilot Rəşad Atakişiyev həlak olub, cəsədi yalnız avqustun 19-da tapılıb.

"Qara qutudan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb", - Azərbaycan Müdafiə Nazirliyinin 22 avqust tarixli məlumatında bildirilib.

Xəbərdə, qeyd edilib ki, "təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub".

"Bu, nağıldır"

Bəzi ekspertlər təyyarə qəzasının rəsmi versiyasını şübhə ilə qarşılayaraq qəzaya quşların səbəb olması barədə nazirliyin bəyanatına skeptik yanaşıblar.

Rusiyalı əməkdar sınaqçı pilot Maqomed Tolboyev əmindir ki, döyüş vəziyyətinin ekstremal şəraitinə hesablanan hərbi təyyarənin quş və quş dəstəsiylə toqquşmadan qəzaya uğramasının ehtimalı cüzidir.

"Bu, nağıldır. MiQ-29 quşlara görə heç zaman qəzaya uğramayıb, - Tolboyev BBC-yə bildirib. - İki mühərriki var - birisinə quş düşübsə və mühərrik dayanıbsa, ikincisi işləyir axı".

Tolboyev təyyarədə katapultlu oturacağın olduğunu deyib, lakin pilotun katapultdan niyə istifadə etmədiyi aydın deyil.

"Deməli, nəsə baş verib ki, o, həmin cihazdan istifadə edə bilməyib - cəmi iki dəstəyi dartmaq lazım idid", - Tolboyev deyib.

MiQ-29

Şəklin mənbəyi, Azerbaijan Ministry of Defence

Şəklin alt yazısı, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin qəzaya uğradığı yer Xəzərdə avqust 8-də müəyyən edilib.

Xəzər üzərində faciə

24 iyul Rəşad Atakişiyev üçün adi iş günlərindən biri olub. Ayın 29-u ezamiyyətə çıxmalı olan pilot həmin günlərdə evdə "ezamiyyət öncəsi çox uçmaq istədiyini" söyləyibmiş.

Pilotun qayınatası Qabil Hüseynli BBC-yə deyib ki, həmin gün Rəşadın dörd təlim-məşq uçuşu olub: "Gündüz uçuşları və sonuncu - dördüncü gecə saat 10 radələrinə təsadüf edən o sirli təlim-məşq uçuşu".

Üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış Rəşad Atakişiyevin təyyarəsindən cavab ala bilməyən yoldaşları bunu qərargaha xəbər veriblər.

Lakin yanacaqları az olduğu üçün onlar itmiş yoldaşlarının təyyarəsini həmin vaxt axtara bilməyiblər.

Xəbərdarlıqdan sonra yardım gəlsə də, ərazidə axtarış aparılsa da, nə təyyarəni, nə də pilotu görən olmayıb.

Təyyarənin nasazlığına gəlincə, Qabil Hüseynli deyir ki, Rəşad Atakişiyev həmişə təyyarə texniklər tərəfindən uçuşa hazırlanarkən azı bir saat əvvəl yoxlama yerinə gedib.

"Hazırlıq prosesində həmişə şəxsən iştirak edib, təyyarənin vəziyyətini yoxlayıb və hər şeyin qaydasında olub-olmamasına özü nəzarət edib. Dəfələrlə olub ki, texniklərdən sonra təyyarədə texniki nasazlığın olduğunu aşkarlayıb", - qayınata qeyd edir.

Azərbaycan Müdafiə Nazirliyində insident barədə əlavə detallar bildirməkdən imtina edərək Nazirliyin vebsaytına baxmağı məsləhət gördülər.

Təyyarənin yoxa çıxmasının səhərisi günü dərc olunmuş ilk məlumatda Azərbaycan Müdafiə nazirliyi bildirmişdi ki, "plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib".

Yalnız avqustun 8-də, Müdafiə Nazirliyinin məlumatına görə, Xəzərdə təyyarənin qəzaya uğradığı yer müəyyən edildi. Pilotun qalıqlarının və təyyarənin parçalarının axtarışında türk mütəxəssislər iştirak edib.

Rəşad Atakişiyevin cəsədi və qara qutu yalnız avqustun 19-da tapıldı.

Avqustun 21-də pilot Bakıdakı Fəxri xiyabanında dəfn olundu: burada Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının və 1990-cı ildə Sovet qoşunlarının Bakıya yeridilməsi zamanı həlak olanların məzarları yerləşir.

Qabil Hüseynli deyir ki, dəfn ilə bağlı bütün xərcləri dövlət öz üzərinə götürüb və ailəyə təzminat ödəniləcəyinə söz verilib.

MiQ-29

Şəklin mənbəyi, Azerbaijan Ministry of Defence

Şəklin alt yazısı, Axtarış əməliyyatında türkiyəli mütəxəssislər də iştirak edib.

Quş ya raket?

İstefada olan polkovnik İsa Sadıqov qeyd edir ki, MiQ-29 köhnə təyyarədir, 30 ildən yuxarı yaşı var və müasir tələblərə artıq cavab vermir. Ekspertin fikrincə, bu, fəlakətə səbəb ola bilərdi.

"Bu cür təlimlər zamanı hava hücumundan müdafiə sistemləri təyyarələri həmişə izləyir. Əgər belədirsə, qəza yeri niyə məlum deyildi? - o, sual edir. - Bu vəziyyət hava hücumundan müdafiə sistemlərimizin təyyarəni izləmədiyindən, onların hazırlıqlı olmadığından xəbər verir."

O, quşlarla toqquşma barədə rəsmi versiyaya da inanmır.

"Düşmən hava müdafiəsindən yayınmaq üçün bu tip təyyarələr tez-tez çox aşağıda uçur və orada təbii ki, quşlarla qarşılaşır, - o deyir. - Quşlar versiyası işləmirsə, onda demək, Müdafiə Nazirliyi nəyisə gizlədir ".

Onun sözlərinə görə, nasazlıq və ya raketin dəyməsi versiyalarının ehtimalı daha yüksəkdir.

Mediada faciədən üç gün sonra, iyulun 27-də Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sisteminin Həştərxan vilayətində təlim keçirdiyi barədə məlumat verilib. Fəlakət günü isə heç bir təlim-məşq keçirilməyib.

Xəzər dənizində Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın hərbi gəmiləri hərəkət edir, lakin onların iştirak etdiyi heç bir insident barədə məlumat olmayıb.

Rusiya Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Vasili Kaşin qeyd edir ki, quşlarla toqquşması səbəbindən istənilən reaktiv təyyarə qəzaya uğraya bilər.

"Hadisənin təfərrüatlarını və qəzanın hansı yüksəklikdə baş verdiyini bilmirəm, lakin təyyarənin quşlarla toqquşmaya görə düşə biləcəyi inkaredilməz bir həqiqətdir. Quşlar hər hansı bir təyyarə üçün təhlükəlidir, olsun sərnişin təyyarəsi və ya hərbi təyyarə, güclü çoxmühərrikli təyyarələr də quşlara görə düşüb, - ekspert deyib. - Edilə bilən tək şey, aerodromun yerləşdiyi bölgədə quşların olub-olmaması baxımından şəraitə nəzarət etməkdir ."

Təyyarəni vurmaq imkanına gəlincə, ekspert qeyd edib ki, Xəzər dənizini əhatə edən beş ölkənin hər birinin güclü hava hücumundan müdafiə sistemləri var.

"Uzaqmənzilli zenit sistemləri mövcuddur, bundan əlavə, bəzi ölkələrin gəmilərdə qurulmuş yaxınmənzilli zenit kompleksləri də var. Texniki baxımdan, bu [təsadüf raketin dəyməsi] əlbəttə ki, mümkündür, lakin quş versiyası da ola bilər, - Kaşin deyib, - Rusiya Hərbi Hava Qüvvələrində vaxtaşırı olaraq quşla toqquşma təyyarə itkisinə gətirib çıxarır."

2006-cı ildə Permdə belə bir toqquşmadan məhz MiQ-29 təyyarəsi yerə düşərək yanıb, lakin o zaman pilotlar katapultdan istifadə edə biliblər.

MiQ-29

Şəklin mənbəyi, Azerbaijan Ministry of Defence

Şəklin alt yazısı, Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın MiQ-29-ları çox köhnəlib.

Mütəxəssisin fikrincə, həmçinin MiQ-29-un modernləşdirilmiş sovet təyyarəsi olduğunu da nəzərə almaq lazımdır, təyyarənin yaşı 30 ilə yaxındır və belə təyyarələrdə məhdud xidmət müddəti olan elementləri vaxtında dəyişdirmək vacibdir.

Beləliklə, onun sözlərinə görə, qəzaya bir neçə amil səbəb ola bilərdi: quşun dəyməsi, təyyarənin texniki durumu, pilotun hansı vəziyyətdə olması və uçuşun alçaq hündürlükdə yerinə yetirilməsi.

Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşı, ornitoloq Elnchin Sultanov deyir ki, Azərbaycanda təxminən 250 növ köçəri quş var və onların bəzi növləri köç uçuşunu gecələr həyata keçirir.

Onun fikrincə, Müdafiə Nazirliyi ornitoloqlarla məsləhətləşmələr aparmalıdır, lakin Nazirlik bunu etmir.