MiQ-29 quşla toqquşa bilərdimi?

Şəklin mənbəyi, Alexander Ryumin
Azərbaycan hərbi təyyarəsinin qəzaya uğramasınını səbəbinin yad cisimlə - quş və ya quş dəstəsilə - toqquşması olması barədə Müdafiə Nazirliyinin açıqlaması ictimaiyyətdə suallar doğurub.
Müdafiə Nazirliyinə məxsus MiQ-29 döyüş təyyarəsinin iyulun 24-də gecə saatlarında qəzaya uğraması nəticəsində pilot Rəşad Atakişiyev həlak olub.
Hərbi təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot Rəşad Atakişiyev xəsarət alıb, Müdafiə Nazirliyi bildirib.
Hərbi məsələlər üzrə təhlilçi İsa Sadiqovun fikrincə, Müdafiə Nazirliyinin "təyyarənin quş dəstəsilə toqquşması səbəbindən qəzaya uğraması" açıqlaması "gülməli hesabat"dır.
O, BBC News Azərbaycancaya şərh verərkən təyyarənin partlama səbəbinin "quş dəstəsi ilə toqquşma olmasını" istisna edib.
"Həmin təyyarənin hissələri, deyilənə görə, bir kilometrlik ərazidən tapılıb. Pilotun da bədəninin hissələri ayrı-ayrı yerlərdən tapılıb. Əgər bu təyyarə quşla toqquşubsa, o necə partlaya və pilotun bədəni necə parçalana bilərdi? Təcrübəli bir pilot quşla toqquşan təyyarədən necə xilas ola bilməyib? Bu, gülməli hesabatdır. Kimi aldadırlar, bizi, ya özlərini?" - İsa Sadiqov sual edir.
Müdafiə Nazirliyi "qara qutu" hesabatlarına əsasən yaydığı məlumatdan başqa heç nə deməyəcəyini bəyan edib.
Təhlilçi İsa Sadıqov MiQ-29 təyyarələrinin müasir tələblərə cavab vermədiyini iddia edir. O, bu təyyarələrin rtıq ikinci dəfəfdir ki, Azərbaycanda qəzaya uğradığını, lakin buna rəğmən hökumətin niyə hələ də bu təyyarələrdən istifadə etməyə davam etməsinin cavab verilməli suallardan olduğunu vurğulayır.
O, təyyarənin göydə hansısa səbəbdən partlaması, vurulması və ya idarəetmə sistemlərinin sıradan çıxarılması versiyalarının üzərində dayanır.
O, hesab edir ki, "bu qəza yaxşıca araşdırılmalı"dır.
"Rusiyada bir neçə gün əvvəl baş vermiş mülki aviasiyaya aid sərnişin təyyarəsini xatırlayın. Toqquşmaya rəğmən pilot təyyarəni endirə bilmişdi. Yəni, bu təyyarənin bir motoru sıradan çıxdı, bəs ikinci motoru? Təyyarə elə o dəqiqə partlamır, birdən-birə dağılmır ki?! Bu necə ağır və nə quşudur ki, toqquşan kimi təyyarə dağılsın?".
"İndiyədək heç bir məsləhətləşmə aparılmayıb"
Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı, ornitoloqElçin Sultanov deyir ki, "Azərbaycanda 4 növdə quş var və bu növlərdən də təxminən 250-dən çoxu köçəridir və bəzi quşlar "yalnız gecələr köç edir".
"İri quşlar qartallar, qutanlar, qazlar səkkiz min metr yüksəkliyə qalxa, hətta Himalay səviyyəsində uça bilir. Dərbənd keçidi var bizdə ordan da bütün quşlar, təxminən ördək boyda quşlar keçir. Dağlarda isə 2200 metr yüksəklilərdə keçidlər var, bəzi quşlar, məsələn durnalar Böyük Qafqazda əsasən o keçidlərdən uçurlar".
Cənab Sultanov bildirir ki, iyul ayında çox az miqdarda bəzi növlərdə köç olur: "Rusiyanın Tundrasından gəlir bu quşlar. İyun ayında bəzən qar yağır, balaları tələf olan bu quşların ikinci dəfə bala çıxarmaq imkanı olmadığı üçün bəzi hallarda geri qayıdırlar".
Elçin Sultanov hesab edir ki, Müdafiə Nazirliyinin ornitoloqlarla məsləhətləşməsi önəmlidir.
O, aviasiya məsələləri ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyi və ya hər hansı digər qurumla əməkdaşlıq etmədiklərini, "heç bir məsləhətləşmə aparılmadığını" deyir.
"Sovet vaxtı olurdu, onda da əməkdaşlar bizə deyirdilər ki, "tələb ediblər, biz də sizi çağırmışıq". Bu məsələ ilə bağlı bircə dəfə başqa adamlarla formal işlər görüblər. O da on-on beş il əvvəl olardı ki, Kanadadan quşları qovan aparatlar gətirdilər və bizdən də ornitoloq istədilər ki, gedib, aparatların vəziyyətini yoxlasın".
O deyir ki, məsul şəxs ayda bir-iki dəfə gedib həmin əraziyə baş çəkirdi, "mühəndislərlə bir yerdə qurğuları yoxlayırdı. İndi də yəqin o işlə öz işçilərindən kimsə məşğul olur, ona görə də mütəxəssisə ehtiyacları yoxdur".
Ornitoloq hesab edir ki, "hər aeroportda bir ornitoloq və ya mühəndis-ornitoloq olmalıdır".
"Lakin bizim aeroportlarda mən bilən professionallar çalışmır. Aeroportlar ətrafında adətən çoxlu quş olur. Yəqin, bizim aeroportlarda o qədər də əlverişli şərait olmadığına görə, buna lüzum görmürlər. Yəqin ki, olan quşları da mexaniki metodlarla qovmaqla vəziyyətdən çıxırlar. Lakin Moskvada bu yaxınlarda baş vermiş hadisə göstərdi ki, bu məsələdə ciddi və ehtiyatlı olmaq lazımdır".
Hərbi pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi çərşənbə axşamı Xəzər dənizindən çıxarılıb.
"Qara qutu"dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb", - qurumdan bildiriblər.
Qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılmış komissiyanın gəldiyi son rəyə görə "təlim-məşq uçuşlarına cəlb edilmiş təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub".
İyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.
Müdafiə Nazirliyi qəzaya uğramış təyyarənin, ilkin ehtimala görə, Xəzər dənizinə düşdüyü barədə məlumat yaymışdı.
Hərbi Prokurorluq Hərbi Hava Qüvvələrinə aid təyyarənin qəzaya uğraması ilə bağlı "qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə" maddəsi ilə cinayət işi başladıb.
Nazirliyin məlumatında deyilir ki, döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı ("qara qutu"dakı) məlumatlar mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.
Bu qəza Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı ikinci belə haldır.
Müdafiə Nazirliyi MiQ-29 təyyarələrinin qiymətini açıqlamır. Mütəxəssislərsə modifikasiasından asılı olaraq sözügedən təyyarələrin qiymətini 11-29 milyon dollar civarında qiymətləndirirlər.
2019-cu ilin büdcəsində göstərilib ki, Azərbaycanın müdafiə xərcləri təxminən 3 milyard 37 milyon manat nəzərdə tutulub.






