Hindistan Kəşmirin xüsusi statusunu ləğv etməyə hazırlaşır

Hindistan Kəşmir ştatında on minlərlə əsgəri qüvvə yerləşdirib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Hindistan Kəşmir ştatında on minlərlə əsgəri qüvvə yerləşdirib.

Hindistan höküməti ölkə konstitusiyasında Hindistanın nəzarətində olan Kəşmirin xüsusi statusunu təsbit edən hissənin ləğv edilməsini nəzərdə tutan addım atmağa hazırlaşır.

Bu addımın etirazlara səbəb olacağı gözlənilir.

Konstitusiyanın 370-ci maddəsinin həssaslığı onun mübahisə predmeti olan və müsəlmanların çoxluq təşkil etdiyi ştatın əhəmiyyətli muxtariyyatını təmin etməsiylə əlaqəlidir.

BBC-nin Delhidəki müxbiri Geeta Pandey deyir ki, 370-ci maddə bir çox kəşmirli üçün Hindistanın bir hissəsi olmağın əsas səbəbi idi və hakim partiya onu ləğv etməklə Delhinin bölgə ilə münasibətlərini dönməz olaraq dəyişdirdi.

Pakistan Hindistanın son addımını pisləyib.

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi deyib ki, "Hindistan təhlükəli oyun oynayır və bunun regional sülh və sabitliyə ciddi təsiri olacaq".

Bəzi hüquqşünaslar Hindistan hökümətinin addımını konstitusiyaya hücum kimi qiymətləndiriblər.

Bu region Hindistanla Pakistan arasında mübahisə predmetidir. Tərəflərin hər ikisi bütöv bu regionu öz nəzarəti altına almaq istəyir, reallıqda isə onlar ştatın yalnız bir hissəsinə nəzarət edir.

Hindistanın nəzarət etdiyi hissədə uzun illərdir ki, üsyançı hərəkat fəaliyyət göstərməkdədir.

Hər ikisi nüvə ölkəsi olan Hindistanla Pakistan arasında iki müharibə və bir qısamüddətli münaqişə baş verib.

370-ci maddə nədən bəhs edir?

370-ci maddə Hindistanın Cammu və Kəşmir ştatına öz konstitusiyasına, ayrıca bayrağa malik olmaq və xarici siyasət, müdafiə və rabitə istisna olunmaqla qalan məsələləri müstəqil həll etmək hüququ verir.

Bu məsələ 1949-cu ildə o zaman Hindistanın Baş naziri Cəvahirləl Nehru və Cammu və Kəşmirin Baş naziri Şeyx Məhəmməd Abdulla arasında razılaşdırılıb.

Konstitusiya eksperti AG Nurani yazıb ki, "370-ci maddə andlı sənədir. Tərəflərdən heç biri onu razılaşdırılmış prosedur gözlənilmədən birtərəfli qaydada dəyişdirə və ya ləğv edə bilməz".

Hindistan höküməti nə edib?

Hindistan höküməti ştatın xüsusi statusuna dair prezident fərmanını elan edib.

Fərmana əsasən, ştatın Hindistanın tərkib hissəsi olması barədə müddəa istisna olunmaqla 370-ci maddənin qalan hissəsi qüvvədən salınır.

Fərmanda ştatın iki regiona bölünməsi təklif olunur və bu ştatın ərazisində kimlərin mülk alıb-satmaq hüququna malik olmasını müəyyən edən qanunvericilik ləğv olunur.

Hindistanda müxalifətin geniş etirazlarına baxmayaraq Daxili İşlər naziri Amit Şah fərmanı parlamentə təqdim edib.

O deyib ki, fərman prezident tərəfindən imzalandıqdan sonra qanuna çevriləcək.

370-ci maddənin dəyişməsi Kəşmir ştatının hökümətinin razılığını tələb edir, lakin 2018-ci ilin iyun ayından bəri mərkəzi hökümətin birbaşa idarəçiliyinə verilib.

Bu o deməkdir ki, hökümət birbaşa Delhi tərəfindən idarə olunur.