Kəşmir: İki nüvə dövləti arasında zorakılığın şiddətlənməsi dünya üçün niyə narahatedicidir?

Kəşmirdə məktəblilər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kəşmirdə məktəblilər Hindistan hərçilərinin keşik çəkdiyi xətti keçirlər.

Kəşmir dünyanın ən çox hərbiləşdirilmiş zonalarından biri və iki nüvə dövləti olan Hindistan və Pakistan arasında ciddi gərginlik mənbəyidir.

Hindistanın Pakistanın ərazisində yerləşən hədəflərə hava zərbələri endirməsi gərginliyi xeyli artırıb.

Hindistan Ceyşi-Məhəmməd qrupunun iri təlim düşərgəsini bombaladığını bildirib.

Bu qrup bu yaxınlarda Kəşmirin Hindistanın idarəçiliyində olan hissəsində keçirilmiş hücuma görə məsuliyyəti üzərinə götürüb.

Həmin hücum nəticəsində 40 Hindistan əsgəri öldürülüb.

Pakistanın milli təhlükəsizlik komitəsi bildirib ki, İslamabad Hindistanın zərbəsinə cavabı lazım bildiyi vaxtda və yerdə verəcək.

Vəziyyətin gərginləşməsi regionda son onillik ərzində ölənlərin sayının ən çox artması fonunda baş verib.

Belə ki, 2018-ci ildə mülki əhali, təhlükəsizlik qüvvələri və silahlılar da daxil ölənlərin sayı 500 nəfərə çatıb.

Kəşmirdə hazırkı gərginliyin təhlükəsi nədədir?

Hindistanla Pakistan arasında sərhəd xəttinin bir sahəsi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hindistanla Pakistan arasında sərhəd xəttinin bir sahəsi.

Kəşmir Hindistanla Pakistan arasında qaynar nöqtəyə çevrilib: bu ölkələr müstəqillik qazandıqdan sonra Kəşmirin ərazisi Hindistanın və Pakistanın idarəsi altında olan zonalara bölünüb.

Kəşmir ərazisinin bir parçası da Çinin nəzarəti altına keçib.

Yaxın gələcəkdə Hindistan-Pakistan münasibətlərində mülayimləşmənin baş verəcəyinə ümid yoxdur.

Hindistan və Pakistan, hər ikisi nüvə dövlətidir, odur ki, bu iki ölkə arasında yeni qarşıdurma fərqli müstəvidə inkişaf edə bilər.

Hindistanla Pakistan arasında indiyədək iki müharibə ( 1947 və 1965-ci illərdə), bir neçə hərbi kampaniya, hərbçilərə və mülkilərə qarşı saysız-hesabsız hücumlar baş verib, qonşu dövlətlərlə də münasibətlər gərginləşib.

Nəticədə indi bölgənin iqtisadiyyatı zəif durumdadır, bundan başqa, burada yüksək səviyyəli işsizlik və qeyri-sabit siyasi vəziyyət hökm sürür.

Bölgəni kim idarə edir?

Kəşmir 1947-ci ildə, Britaniya idarəçiliyi bitənə qədər artıq mübahisə obyektinə çevrilmişdi - subkontinent hindlilərin yaşadığı Hindistana və müsəlmanların çoxluq təşkil etdiyi Pakistana bölündü.

Kəşmirin hökmdarı Hindistan və ya Pakistana birləşmək məsələsində bir qərara gələ bilmirdi, nəhayət, son nəticədə o, Hindistanı seçdi və bununla da iki ölkə arasında bu ərazi uğrunda ikiillik müharibə başladı.

Onilliklərlə çəkən münaqişə Kəşmirdə turizmə mənfi təsir göstərib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Onilliklərlə çəkən münaqişə Kəşmirdə turizmə mənfi təsir göstərib

Atəşkəs elan olunandan sonra Pakistan öz qoşunlarını Kəşmirdən çıxarmaqdan imtina etdi və Kəşmir iki hissəyə parçalandı.

Hindistanla Pakistan arasında münasibətlər gərginləşərkən, Çin tədricən Kəşmirin şərqində Aksay Çin kimi tanınan ərazini 1950-ci illərdə işğal etdi.

1965-ci ilin ikinci Hindistan-Pakistan müharibəsindən sonra, 1980-1990-cı illərdə, Hindistanın idarəçiliyinə etiraz silahlı müqavimətə, kütləvi etirazlara və Pakistanın dəstəklədiyi silahlılardan ibarət dəstələrin fəallaşmasına gətirib çıxardı.

1999-cu ildə Hindistanla Pakistanın dəstəklədiyi qüvvələr arasında qısamüddətli, lakin şiddətli münaqişə baş verdi.

Döyüşlər on minlərlə adamın ölümünə səbəb oldu.

Kəşmirdə camaat nə istəyir?

Hindistan təhlükəsizlik qüvvələri

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Fevralın 14-də silahlıların həyata keçirdiyi hücum son onilliklərin ən qanlı hadisəsi olub.

1950-ci illərdən bəri BMT bildirib ki, Kəşmirdə referendum keçirilməlidir.

Hindistan ilk olaraq bu təklifi dəstəkləsə də, sonradan fikrini dəyişərək deyib ki, Hindistanın idarə etdiyi Cammu və Kəşmirdə keçirilən seçkilərdə bölgənin Hindistana birləşməsi dəstəkləndiyindən referendumun keçirilməsinə ehtiyac yoxdur.

Lakin Pakistan bununla razılaşmayaraq bildirir ki, bölgədəki əhali Hindistan tərəfindən idarə olunmaq əvəzinə müstəqil və ya Pakistanla ittifaqda olmaq istəyir.

Hindistanın idarəçiliyində olan Cammu və Kəşmirdə əhalinin 60 faizi müsəlmandır və bu, Hindistanda müsəlmanların çoxluq təşkil etdiyi yeganə ştatdır.