Trump ABŞ şirkətlərinə öz avadanlıqlarını Huawei-ə satmağa icazə verəcək

Şəklin mənbəyi, Getty Images
ABŞ prezidenti Donald Trump ABŞ şirkətlərinə öz avadanlıqlarını Çinin Huawei şirkətinə satmağa imkan verəcək.
ABŞ Ticarət Nazirliyi ötən ay Huawei şirkətini qara siyahıya salıb.
Trump öz qərarını Osakada G20 zirvəsində Çin prezidenti Xi Jinping ilə apardığı danışıqlardan sonra mətbuat konfransında açıqlayıb.
"ABŞ şirkətləri Huawei-yə öz avadanlıqlarını sata bilər, biz milli təhlükəsizliklə bağlı ciddi problemi olmayan avadanlığı nəzərdə tuturuq", - Bloomberg agentliyi Trump-ın dediklərini iqtibas edib.
Osakada G20 sammitində iki ölkənin lideri ikitərəfli ticari danışıqları bərpa etmək qərarına qəliblər.
Bundan əvvəl Donald Trump, Washington-un Çinə qarşı əlavə sanksiyalar tətbiq edə biləcəyini söyləmişdi.
Lakin G20 zirvəsi çərçivəsində Xi Jinping ilə görüşündən sonra Donald Trump ABŞ-ın Çin mallarına 300 milyard dollarlıq verginin tətbiq edilməyəcəyini deyib.
Huawei şirkəti son aylarda ABŞ və Çin arasında ticarət müharibəsinin mərkəzinə keçib.
Washington-un fikrincə, Huawei texnologiyası Çinin kəşfiyyat xidmətləri tərəfindən istifadə edilə bilər.
Huawei bu iddiaları rədd edirək və Çin hakimiyyəti ilə əlaqəsinin olmadığını bildirir.
May ayının ortalarında ABŞ Huawei şirkətini qara siyahıya saldı, bu isə o demək idi ki, ABŞ şirkətləri Huawei ilə lisenziyasız əməkdaşlıq edə bilməz və Huawei ABŞ istehsalçılarından texnologiya və ehtiyat hissələri ala bilməz.
ABŞ-dan sonra digər Qərb ölkələri də 5G nəsilli mobil şəbəkələrində Huawei şirkətinin iştirak edəcəyindən narahatlıq bildiriblər.
Huawei ilə əməkdaşlığını məhdudlaşdırdığını açıq şəkildə bildirən ilk Qərb şirkəti Google olub.






