George Bush 94 yaşında vəfat edib

Şəklin mənbəyi, Reuters
ABŞ-ın 41-ci prezidenti George W Bush 94 yaşında vəfat edib, onun oğlu George W Bush bəyan edib.
George Bush 1989-1993-cü illərdə ABŞ prezidenti olub.
Rəsmi məlumata görə, sabiq prezident cümə günü, yerli vaxtla saat 22:10-da vəfat edib.
Son illər səhhətinin zəifləməsinə baxmayaraq o, ictimaiyyət qarşısına çıxardı.
George W Bush kimdir?
George Bush-un bir müddətlik prezidentliyi vaxtı xarici siyasət üstünlük təşkil edib.
Bu dövrdə Şərqi Avropada kommunizm süquta uğrayıb və 1990-ci ildə İraq lideri Səddam Hüseynin Küveytə müdaxiləsi baş verib.
George Bush İraq qüvvələrini Küveytdən çıxmağa məcbur edən hərbi koalisiyanın yaradılmasında aparıcı rol oynayıb.
George Bush Ronald Reagan administrasiyasında iki dəfə vitse-prezident olandan sonra prezident seçilsə də, bu vəzifədə cəmi bir müddət qala bilib.
1992-ci ildə, iqtisadiyyatın zəifləməsi şəraitində keçirilən seçkilərdə onu Bill Clinton məğlub etdi.
1988-ci ildə o, "Dodaqlarımdan oxuyun. Yeni vergilər olmayacaq" məşhur vədlə çıxış etsə də, daha sonra onu yerinə yetirə bilməmişdi.

Şəklin mənbəyi, US Air Force
George Bush-un 4 illik prezidentliyi Soyuq müharibənin başa çatması və 1990-ci ildə İraq lideri Səddam Hüseynin Küveytə müdaxiləsindən sonra ilk İraq müharibəsi ilə yadda qalacaq.
Atasından 8 il sonra, 2001-ci ildə George Bush-un oğlu George Bush ABŞ-ın 43-cü prezidenti seçilib.
George Bush ABŞ tarixində ən uzunömürlü sabiq prezidentdir.
Onun xanımı Barbara Bush aprel ayında, 92 yaşında vəfat etmişdi.

Şəklin mənbəyi, George Bush Presidential Library
George Bush-un siyasi karyerası
- 1966-ci il: Texasın 7-ci dairəsindən Nümayəndələr Palatasına seçilir
- 1971-ci il: BMT-dəki ABŞ-ın daimi nümayəndəsi vəzifəsində təyin edilir
- 1974-cu il: Çinlə əlaqələr üzrə ABŞ bürosunun rəhbəri təyin edilir.
- 1976-cı il: George Bush Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olur
- 1981-1989-cu illər: İki dəfə vitse-prezident seçilir
- 1989-1993-cu illər: ABŞ-ın 41-ci prezidenti seçilir





