WhatsApp-da yayılan şayiələrə görə yandırılıb öldürülənlər

Ricardo və Alberto yandırılan zaman kütlədəki insanlar bu səhnəni mobil telefonlarına çəkib.

Şəklin mənbəyi, Enfoque

Şəklin alt yazısı, Ricardo və Alberto yandırılan zaman kütlədəki insanlar bu səhnəni mobil telefonlarına çəkib.
    • Müəllif, Marcos Martínez
    • Vəzifə, BBC Monitoring

Meksikanın kiçik bir şəhərində WhatsApp vasitəsilə uşaq oğrularına dair saxta şayiələrin yayılması nəticəsində iki kişi kütlə tərəfindən yandırılaraq öldürülüblər.

Avqustun 29-da, günortadan sonra Maura Cordero, Meksikanın mərkəzindəki Puebla ştatının Akatlan adlı kiçik şəhərində yaxınlıqdakı polis idarəsinin qarşısında onlarla adamın toplaşdığını görür. Kütlə artmaqda davam edirdi.

Bir azdan kütlənin sayı 100 nəfəri keçəcəkdi. Adi günlərdə Akatlanda bu qədər adamın toplaşmasını Cordero xatırlamırdı.

Bu zaman polis maşınında kiçik ölçülü həbsxanaya iki kişi gətirildi. Maşının arxasınca daha da çoxsaylı olan kütlə də gəlmişdi.

Kütlənin içindən həmin iki kişinin uşaq oğrusu olmamalarını iddia edən qışqırıqlar eşidilirdi.

Polis idarəsinə dar dəmir darvazanın arxasından polis əməkdaşları təkrar-təkrar bildirirdilər ki, bu kişilər uşaq oğrusu deyillər, xırda pozuntu törədənlərdir.

Polis bölməsinə gətirilənlər Akatlan yaxınlığında böyümüş və sonra hüquq təhsili almaq üçün 250 km aralıda yerləşən Xalapaya köçmüş 21 yaşlı Ricardo Flores və onun əmisi, Akatlan yaxınlığında onillərlə yaşayan 43 yaşlı fermer Alberto Flores idi.

Ricardo bu yaxınlarda qohumlarını görmək üçün Akatlana gəlmişdi.

Qohumlarının xahişilə o, əmisi ilə su quyusunda aparılan işləri bitirmək üçün şəhər mərkəzinə inşa materialları almaq üçün yollanmışdı.

Polisin bildirdiyinə görə, bu iki adamın cinayət törətdiyinə dair heç bir fakt yoxdur, onlar polis bölməsinə, "asayişin pozulması" vəziyyəti yarandığına görə gətiriliblər.

Lakin küçədəki insanlar arasında başqa versiya dolaşıb WhatsApp-la yayılırdı.

"Ayıq-sayıq olun, ölkəyə uşaq oğruları gəlib", - bir telefon cihazından o birisinə mesajlar göndərilib.

"Belə görünür ki, kriminallar daxili orqan traffikinqi ilə məşğuldurlar... son bir neçə gün ərzində 4, 8 və 14 yaşında uşaqlar yoxa çıxıb, onlardan bəziləri ölmüş halda, daxili orqanlarının götürüldüyü əlamətlərilə tapılıblar. Onlar, qarınları kəsilmiş və içərisi boşaldılmış halda aşkar olunublar."

Ricardo və Alberto-nun məktəb yaxınlığında görünməsi kütlənin gözündə onları uşaq oğrularına çevirib və onların həbsi barədə xəbər uşaq oğruları ilə bağlı şayiələrin yayıldığı kimi yayılıb.

Polis bölməsinin önünə axışan kütlə uzun illər Akatlanda yaşayan və "El Tecuanito" kimi tanınan Francisco Martinez tərəfindən qızışdırılırdı.

Polisin bildirdiyinə görə, Martinez Facebook və Whatsapp-da şayiələr yayıb Ricardo ilə Alberto-nu ittiham edənlər arasında olub.

Polis bölməsinin önündə isə o telefonundan facebook-da canlı yayım edib.

"Akatlan de Osorio camaatı, gəlin dəstək verin, dəstək verin, - o, kameraya deyib. - İnanın mənə, uşaq oğruları buradadır".

Martinez insanları toplaşmağa çağırarkən, Manuel adlı digər bir şəxs polis bölməsinin qonşuluğunda yerləşən meriya binasının damına qalxaraq oradakı zəngləri çalıb camaatı xəbərdar edirdi ki, polis saxlanmış iki nəfəri, Ricardo və Alberto-nu buraxmağa hazırlaşır.

Petronilo Castelan, "El Paisa" ləqəbli daha bir kişi isə, meqafon vasitəsilə insanlara müraciət edib benzinə pul toplayırdı.

BBC
Akatlan, Puebla

Şəklin mənbəyi, Brett Gundlock

Şəklin alt yazısı, Akatlanda Ricardo və Alberto Flores yandırılan yerin yaxınlığında həyat davam edir.
BBC

Maura Cordero öz dükanında bayırdan gələn səslər eşidir: kimsə qaçmağa çağırır, çünki kütlə kişiləri yandırmağa hazırlaşır.

Kütlə polis bölməsinin darvazasını qırıb açır və Ricardo ilə Alberto Flores-i bayıra çıxarır.

insanlar telefonlarını çəkiliş üçün hazır vəziyyətdə saxlayır, bu zaman isə həmin iki kişini yerə yıxıb döyürlər.

Sonra onlarım üstünə benzin tökürlər.

Şahidlər hesab edir ki, Ricardo artıq o anda zərbələrdən keçinmişdi, lakin onun əmisi Alberto hələ sağ idi.

Videoda görünür ki, onun ətrafını alov bürüyən anlarda Alberto-nun ayaqları hələ də tərpənir.

Onların qaralmış cəsədləri yandırıldıqdan sonra hələ iki saat yerdə qaldı.

Puebla Sitidən Akatlana dövlət prokuroru gələrkən havada benzin qoxusu hələ də hiss olunurdu.

Cəsədlərin tanınması üçün Ricardo-nun nənəsi - Petra Elia Garcia-ya zəng edildi ki, hadisə yerinə gəlsin.

O deyir ki, Albertonun yanaqlarında göz yaşları hələ qurumamışdı.

Akatlan şəhərində baş vermiş faciə barədə heç kim danışmaq istəmir.

Şəklin mənbəyi, Brett Gundlock

Şəklin alt yazısı, Akatlan şəhərində baş vermiş faciə barədə heç kim danışmaq istəmir.
Ricardo körpə yaşlarında anası Marianın qucağında Akatlandakı evlərində

Şəklin mənbəyi, Brett Gundlock

Şəklin alt yazısı, Ricardo körpə yaşlarında anası Marianın qucağında Akatlandakı evlərində

Ricardo-nun anası Maria üçün avqustun 29-da aldığı Facebook mesajları dəhşətli yuxu kimi gəlirdi.

Akatlanda yaxın dostu ona dedi ki, oğlu Ricardo uşaq oğurluğunda şübhəli kimi saxlanılıb.

Maria Facebook-a çıxıb müvafiq linki klikləyəndə canlı yayımda kütlənin toplaşdığını, daha sonra isə oğlunun və ərinin qardaşının kütlə tərəfindən döyüldüyünü görüb.

Maria canlı yayımın şərh sütününa öz yazısını yerləşdirib: "Xahiş edirəm, onları öldürməyin, onlar uşaq oğrusu deyil".

Lakin bu mesajın xeyri olmayıb.

Və o dəhşət içində onun oğlunun, üstünə benzin tökülərək yandırıldığını canlı yayımda görməli olub.

Alberto Flores-in arvadı Jazmin Sanchez-də ərinin necə yandırılıb kütlə tərəfindən qətlə yetirildiyini Facebook-da canlı yayımda görüb.

"O, yaxşı adam idi, o, belə ölümə layiq deyil idi",- Jazmin mərhum əri barədə deyir.

Jazmin Sanchez, Albertonun dul qalmış arvadı və qızı Akatlandakı bağlarında.

Şəklin mənbəyi, Brett Gundlock

Şəklin alt yazısı, Jazmin Sanchez, Albertonun dul qalmış arvadı və qızı Akatlandakı bağlarında.
Alberto Flores-in üç qız övladı qalıb.

Şəklin mənbəyi, Brett Gundlock

Şəklin alt yazısı, Alberto Flores-in üç qız övladı qalıb.

Rəsmilərin bildirdiyinə görə, Akatlanda bu hadisə ilə bağlı beş nəfər cinayət törədilməsinə təhrikdə, daha dörd nəfər isə qətldə ittiham olunur.

Beş nəfərin arasında Facebook-da canlı yayım aparan, benzin üçün pul yığan və damda zəngləri çalan adamlar da var.

Lakin digər ittiham təqdim edilənlər hələ də axtarışdadırlar, polis bildirib.

Öldürüldüyü günün ertəsi Akatlanda Ricardo və Alberto dəfn mərasimi keçirilib.

Maria hesab edir ki, dəfn mərasiminə gələnlər arasında cinayəti görən şahidlər də var.

"Sizin hamınızın uşaqlarınız var! Görün, necə vəhşilik törədilib! Mən, qətlə yetirilmiş balalarımızın qanının yerdə qalmamasını, ədalət istəyirəm!" - Maria yerli televiziya kanallarının kameraları qarşısında ağlayaraq bildirib.

Maria indiyədək anlaya bilmir ki, kütlə niyə yalanı qəbul edib.

"Onlar niyə yoxlamayıblar? Heç bir uşaq oğurlanmayıb, bu barədə heç bir rəsmi ərizə olmayıb. Bu, saxta xəbər olub", - o deyir.

BBC
Ricardo-nun atası 45 yaşlı Jose Guadalupe Flores və 10 yaşlı bacısı Kimberly - Acatlan şəhəri

Şəklin mənbəyi, Brett Gundlock

Şəklin alt yazısı, Ricardo-nun atası 45 yaşlı Jose Guadalupe Flores və 10 yaşlı bacısı Kimberly - Akatlan şəhəri

Ricardo və Alberto Flores-in Meksikanın xırda şəhərində ölümü bu qəbildən olan tək hadisə deyil.

Facebook və WhatsApp vasitəsilə yayılan şayiələr və saxta xəbərlər Hindistan, Myanma və Şri Lankada ölümlə nəticələnən faciəvi hadisələrə səbəb olub.

2014-cü ildə Facebook tərəfindən $19 milyarda alınan WhatsApp Hindistanda saxta xəbərlərin doğurduğu linç məhkəmələri dalğası ilə əlaqələndirilir.

İyun ayında Assam ştatında Meksikanın Akatlan şəhərindəki faciəyə bənzər hadisə baş verib: 200 nəfərlik kütlə tərəfindən Abhijit Nath və Nilotpal Das döyülərək öldürülüblər.

Reuters Jurnalistika Araşdırmaları İnstitutunun 2018-ci il hesabatına görə, Meksikada istifadəçilər xəbər öyrənmək üçün WhatsApp və Facebook-dan geniş istifadə edirlər.

Eyni hesabatda həmçinin qeyd olunur ki, Meksikada internet istifadəçilərinin 63 faizi saxta xəbərlərin yayılmasından narahatdırlar.

Maria del Rosario Rodriguez oğlunun telefonuna baxır. Saxta xəbərlər onun oğlunun ölümünə səbəb olub.

Şəklin mənbəyi, Brett Gundlock

Şəklin alt yazısı, Maria del Rosario Rodriguez oğlunun telefonuna baxır. Saxta xəbərlər onun oğlunun ölümünə səbəb olub.

Ricardo və Alberto Akatlanda ödürüləndən bir gün sonra, avqustun 30-da ölkənin cənubunda, Oaxaca ştatındakı San Martin Tilkaxete şəhərində yerli sakinlər yalan şayiələr əsasında yeddi uşaq oğurluğunda ittiham edilən 7 kişini öldürməyə cəhd etmişdilər.

Polis əməkdaşları həmin 7 nəfəri o gün xilas edə bilmişdilər. Lakin eyni gündə, ölkənin mərkəzində Hidalgo ştatının Tula şəhərində Akatlanda baş verən dəhşətli səhnə təkrarlandı: iki günahsız kişi uşaq oğurluğunda təqsirləndirilərək, kütlə tərəfindən döyülüb yandırıldı.

Ekvadorda oktyabrın 16-da iki kişi və qadın 200 dollar oğurluğu iddiası üstündə saxlanıldıqdan sonra, WhatsApp-da onlar barədə uşaq oğurluğu ilə bağlı yayılmış yalan şayilərdən sonra həmin 3 nəfər kütlə tərəfindən öldürülüb.

Kütlə arasında WhatsApp vasitəsilə yayılmış eyni saxta ittiham və şayiələr nəticəsində Kolumbiya paytaxtı Bogota şəhərində bir kişi kütlə tərəfindən öldürülüb.

WhatsApp-da mesajların məxfiliyi qorunduqdan bu tətbiqdə paylaşılan messajların mənbəyini müəyyən etmək mümkünsüzdür.

Şirkət iyul ayında Hindistan hökumətinin məxfiliyi qaldırmaq və rəsmilərə mesajları izləmək imkanı vermək çağırışlarını təmin etməyib.

Meksikanın kiberpolisi
Şəklin alt yazısı, Meksikanın kibercinayətlər əleyhinə polis bölməsi. Mexiko Sitinin İnformasiya və Kiber Kəşfiyyat üzrə nazir müavini Jose Gil əməkdaşlarının işinə nəzarət edir.

WhatsApp bu dalğanın qarşısını almaq üçün müəyyən tədbirlər görüb.

Belə ki, kütləvi messajlaşmaya məhdudiyyət qoyulub - dünya üzrə maksimum hədd 20 qrupdur. Hindistanda isə qrupun sayı 5-dən az olmalıdır.

"Biz hesab edirik ki, kütlə zorakılığına qarşı ölçülər həm texnoloji şirkətlər, həm vətəndaş cəmiyyəti, həm də ki hökumətlər tərəfindən götürülməlidir, - şirkət BBC-ə bildirib. - Biz saxta xəbərlər əleyhinə maarifləndirməni gücləndirmişik, hüquq-mühafizəçilərə WhatsApp-dan icmalardakı vəziyyət barədə məlumat mənbəyi kimi istifadə etməyin yollarına dair məşqlər təşkil etmişik".

Facebook sözçüsü BBC-ə bildirib ki, bu platform "xidmətdən zorakılıq məqsədləri üçün istifadə olunmasını istəmir".

"Bir müddət əvvəl biz Meksikanın Puebla ştatında kütlə zorakılığını göstərən video aşkar edib sildik. Biz zorakılığa səbəb ola bilən məzmunların silinməsinə dair qaydalarımızı təzələmişik, - sözçü deyib. - Xəsarətə səbəb ola biləcək məzmunların yayılmasının qarşısını almaq məqsədilə texnoloji şirkətlər, vətəndaş cəmiyyəti və hökumətlərlə birgə işimizi davam etdirəcəyik".