DƏRGİ - Tənhalığa dair təəccüblü məlumatlar

Tənhalıq

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Claudia Hammond
    • Vəzifə, BBC Future

Araşdırmalar tənhalıq hissi mövzusunda bildiyimizi hesab etdiyimiz, amma səhv etdiyimiz bir çox mövzu olduğunu göstərir. BBC-nin keçirdiyi tənhalıq sorğusundan ortaya çıxan məlumatar…

BBC-nin keçirdiyi sorğuda dünyanın bir çox ərazisindən 55 min insan iştirak edib. Sorğunu Böyük Britaniyadakı üç universitetdən olan alimlər Londondakı Wellcome Collection ilə əməkdaşlıq edərək hazırlayblar.

1. Gənclər yaşlılardan daha çox tənhalıq hissi keçirirlər

Tənhalıq hissi keçirən birini xəyalımızda canlandırmaq lazım gəlsə ağlımıza o dəqiqə yaşlı bir insan gəlir.

BBC-nin keçirdiyi Tənhalıq Təcrübəsində yaşı 75-dən yuxarı olanların 27 faizi özlərini tənha hiss etdiklərini söyləyib.

Lakin yaş qrupları arasındakı fərqlər olduqca təəccüblüdür. 16-24 yaş qrupundakı gənclərin 40 faizi tənhalıq hissinə qapıldıqlarını ifadə ediblər.

Daha irəli yaşdakı insanlara da həyatlarında özlərini ən tənha hiss etdikləri dövrü soruşan zaman gənclik çağlarını vurğulayıblar.

Yəni tənhalıq hissi müasir həyatla bağlı problemdən çox gənc olmaqla əlaqəli amillərdən qaynaqlanır.

Gənclik illərini daha çox azadlıq, təhsili bitirib həyatın axarına nəzarət etmək dövrü kimi düşünürük.

Amma bu eyni zamanda bir keçid dövrüdür: evdən ayrılmaq, universitetə başlamaq, yeni bir işə girmək və sairə.

Bütün bunlar insanı keçmiş dostlarından ayırdığı kimi, eyni zamanda insanın kim olduğunu və dünyadakı yerini başa düşməyə və müəyyən etməyə çalışdığı bir dövrdür.

Bundan başqa, gənclər bu hissə adət etməyiblər. Bunun müvəqqəti olduğunu hələ bilmədikləri kimi onu keçmək yollarını da bilmirlər.

Tənhalıq

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tənhalıq hissinə qapılanların ən çoxu heç də yaşlılar deyil

2. İnsanların 41 faizi tənhalığın müsbət ola biləcəyini düşünür

Bu məlumat nevropatoloq John Cacioppo-nun fikirləriylə paralellik göstərir.

Buna görə xoş bir hiss olmasa da, faydalı olduğu üçün insanlar tənhalıq hissini keçirən bir obyekt oldu.

İnsanlar əməkdaşlıq edərək varlığını qorumuşdur.

Bir qrupdan təcrid edildiyini hiss edən insan tənhalıq hissinin yaratdığı impulsla insanlarla münasibət qurmağa, dostluq etməyə, keçmiş əlaqələrini canlandırmağa istiqamətlənir.

Lakin bu hissin xroniki hala gəlməsi problem yarada bilər, insanın rifahına və hətta sağlamlığına ciddi təsir göstərə bilər.

Uzun müddətli tənhalıq hissi ilə bir il sonra artan depressiya riski arasında əlaqə olduğu məlumdur.

Xroniki tənhalıq hissinə gəldikdə isə tənhalığın müsbət təsirləri olduğuna inandığını söyləyən insanların sayının aşağı düşdüyü görünür.

3. Tənhalıq hissinə qapılan insanların sosial bacarıqları orta səviyyədən daha yaxşı və ya pis deyil

Tənhalıq yaşayan insanların dostluq etməkdə çətinlik çəkdikləri və sosial bacarıqlarını inkişaf etdirməyin faydalı olacağı güman edilir.

Halbuki məlumatlar bunu təsdiqləmir.

Sosial qarşılıqlı təsirin ən mühüm ünsürlərindən biri digər insanların nə hiss etdiyini başa düşməkdir.

Reaksiyalarımızı buna görə təyin edirik.

Bu bacarığı ölçməyin bir yolu müxtəlif insan üzləri və ya sadəcə gözləri göstərərək nə cür hisslərin yarandığını soruşmaqdır.

Tənhalıq hissi keçirənlərdə bu cəhətdən bir fərq hiss edilməyib.

Sadəcə romantik natarazlıq hesabında fərq nəzərə çarpıb.

Yəni bəlkə də sosial bacarıqlardan çox, tənhalıq hissi halında bəzi sosial mühitlərin yaratdığı narahatlıq hissi işi çətinləşdirirdi.

Tənhalıq

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İnsanlar hesab edildiyi kimi qışda özlərini daha tənha hiss etmirlər

4. İnsanlar qışda özlərini daha tənha hiss etmirlər

Yeni İl insanların bayramı qeyd etmək məqsədiylə ailə və dostlarıyla bir araya gəldiyi bir dövrdür.

Bu dövrü tənha keçirməyin bəzi insanlar üçün narahatlıq yaradacağı düşünülür.

Bundan başqa bu dövr şimal yarımkürəsində qış vaxtına düşür.

Yəni günlərin çox qısa olduğu və insanların daha çox evə qapandığı, bu səbəbdən də tənhalıq hissinin özünü daha çox hiss etdirdiyi bir dövr olaraq qəbul edilir.

Lakin məlumatlar, tənhalıq hissi keçirən insan baxımından qışın digər mövsümlərdən daha pis olmadığını göstərir.

İnsanlara özlərinini ilin hansı dövrlərində daha tənha hiss etdikləri soruşulduqda, iştirakçıların üçdə ikisindən çoxu qışın fərqli olmadığnı deyiblər.

Hətta Yeni İl kimi xüsusi bayramlarda insanlar tənhalıq hissi keçirəcəklərindən narahat olaraq bir çox tanışlarını bayrama dəvət etməyə cəhd göstərirlər.

Halbuki, yay tətili vaxtlarında hər kəs istirahətə gedən zaman, getməyən biri üçün tənhalıq hissi daha bariz ola bilər.

Bu səbəblə insanların tənhalıq hissini sadəcə bir dövrlə məhdudlaşdırmayıb bütün bir il baxımından baxmaq faydalı ola bilər.

Tənhalıq

Şəklin mənbəyi, Getty Images

5. Tənhalıq hissi keçirən insanlarda empatiya hissi daha güclüdür

BBC-nin keçirdiyi sorğuda iki cür empatiya (özünü başqa birinin yerinə qoymaq) ölçüsü alınıb. Biri insanların fiziki ağrıları qarşısında hiss edilən empatiyadır (canıyananlıq). Məsələn əli qapının arasında qalan birinin ağrısı qarşısında məyusluq dərəcəsi.

Digəri isə başqalarının sosial ağrısı qarşısında hiss edilən empatiyadır. Məsələn, zorakılığa məruz qalan, bir ziyafətə dəvət edilməyən və ya sevgilisi tərəfindən tərk edilən biri üçün hiss edilən məyusluq.

Fiziki ağrı qarşısındakı empatiya baxımından tənhalıq hiss edən insan ilə digərləri arasından bir fərq olmayıb. Ancaq bu insanların sosial ağrı qarşısında hiss etdikləri məyusluq orta səviyyədən yuxarı olub. Bəlkə də özləri təcrid olmaq hissini keçirdikləri üçün o insanlara qarşı daha çox empatiya hiss ediblər.