İlhamə Qasımlının Türkiyə seçkiləri müşahidələri

Türkiyə

Şəklin mənbəyi, İlhamə Qasımlı

    • Müəllif, İlhamə Qasımlı
    • Vəzifə, Ankaradan BBC Azərbaycanca üçün

Bu gün yerli vaxtla səhər saat 8.00-dan başlayaraq Türkiyə növbəti seçiminə start verilib. Artıq saat 17.00-da bütün ölkə üzrə secki məntəqələri səslərin hesablanması üçün bağlanıb.

Əvvəlki seçkilərlə müqayisədə bu dəfəki seçimdə seçicilərin aktivliyi daha hərəkətli olub.

Bu seçimin əvvəlki seçkilərdən fərqli edən cəhətlərdən biri 2017-ci ildə keçirilmiş və siyasi sitemin dəyişikliyini nəzərdə tutan referendumdan sonra ilk prezident seçkisi olmasıdır.

Ən son seçki xəbərlərini canlı səhifəmizdə oxuyun:

Bundan başqa, seçicilər sayı artırılmış yeni parlament üzvlərini də seçirlər.

"Ölkənin gələcəyi səsə qoyulur"

Ankaranın Mamak rayonuna bağlı Natoyolu səmtində yerləşən Açıkalın ibtidai məktəbində yerləşən seçki məntəqələri seçicilərin sayından qələbəlik idi.

Seçicilərdən Nuray adlı bir qadın deyir ki, bu dəfəki prezident seçkisində namizədlər arasında favoritini seçməsi çətin olub.

O deyir ki, "Türkiyəni dini rejimə sürükləyən AK parti hakimiyyətini ölkəsinin gələcəyi üçün təhlükə görür".

"Muharrem İnce və Meral Akşener Atatürkün qurduğu demokratik və dünyəvi dövləti qoruyacağına məndə inam yaradan siyasətçilər olduğu üçün seçki prosesində onları davamlı izlədim. Bu günkü seçimimin ölkəm və millətim üçün xeyirli olacağına inanıram".

Türkiyə

Şəklin mənbəyi, İlhamə Qasımlı

Ankaranın Çankaya rayonuna bağlı Kurtuluş ibtidai məktəbində səs verən Sema Doğan isə deyir ki, "dünyada örnəyi olmayan bir sistemin tətbiq olunması, eyni zamanda iqtidarın fəaliyyətlərindən məmnun olmayan kəsimin çoxalması" bu seçimə marağı artırıb.

"Sadəcə prezident seçilmir, həm də ölkənin gələcəyi səsə qoyulur", deyir Sema Doğan.

Bazar günü və yay tətilinin olmasına baxmayaraq, Ankarada nəqliyyat sıxlığı var idi.

Bu gün əhalinin çöldə olmasını fürsət bilən məhəllə sahibkarları, adətən, bazar günləri bağlı tutduqları dükanlarını açmışdılar.