Casusun zəhərlənməsi: Britaniya xarici işlər naziri Rusiyanın iflicedici kimyəvi maddəyə malik olduğunu deyir

Şəklin mənbəyi, EPA/ Yulia Skripal/Facebook
Rusiya, keçmiş casus və qızının zəhərlənməsində istifadə edilən sinir iflicedici maddəsini on ildir ki, anbarlayır, Britaniya xarici işlər naziri Boris Johnson deyib.
Bununla yanaşı, o, Rusiyanın Avropa İttifaqındakı (Aİ) səfiri Vladimir Çijovun hücumda istifadə edilən maddənin Britaniyadaki laboratoriyadan qaynaqlanmasının mümkün olduğu barədə iddiasının rədd edib.
Cənab Çijov bildirib ki, sinir iflicedici maddənin mənbəyinin Britaniyanın Porton Down kimyəvi laboratoriyası olması mümkündür.
İki həftə əvvəl Salisbury şəhərində sinir iflicedici maddə hücumuna məruz qalmış keçmiş Rusiya casusu Sergei Skripal və onun qızı Yuliya hələ də xəstəxanada ağır vəziyyətdədirlər.
Britaniya Baş naziri Theresa May hücuma görə məsuliyyəti Rusiyanın daşıdığını deyib.
Kimyəvi Silahların Qadağanı Təşkilatından (OPCW) ekspertlər Britaniyaya bazar ertəsi günü gələrək maddəni analiz etmək niyyətindədirlər.
Britaniya XİN analizin nəticəsinin ən azı iki həftə ərzində məlum olacağını bildirib.

Həmçinin oxuyun:

BBC-nin Andrew Marr verilişində çıxış edən nazir Boris Johnson deyib: "Bizdə sübüt var ki, son 10 il ərzində Rusiya nəinki sinir iflicedici maddələrdən qətllərdə istifadə edilməsini nəzərdən keçirib, onlar həmçinin Noviçok maddələrini hazırlayıb toplayırlar."
O, Rusiyanın hücuma reaksiyasını "günahsız olduğunu hesab edən ölkənin hərəkəti" olmadığını deyib.
Cənab Johnson-la yanaşı Andrew Marr-ın verilişinə müsahibə verən cənab Çijov isə Rusiyanın Sergey və Yuliya Skripala qarşı hücumla heç bir əlaqəsinin olmadığını bildirib.
Maddənin Britaniyaya necə gəldiyi barədə sualın cavabında isə, o, Britaniyanın kimyəvi silah araşdırma mərkəzi Porton Down-un, hücumun baş verdiyi Salisbury şəhərindən 12 kilometr aralıda olduğunu deyib.
Lakin, o, "hücumun arxasında Porton Down-un durduğunu iddia edib-etmədiyi barədə sualın cavabında deyib: "Mən bilmirəm. Mənim də nədənsə istifadə olunub-olunmadığına dair heç bir dəlilim yoxdur."
O, Rusiyada artıq iflicedici maddələrin olmadığını əlavə edib.





