Casus qalmaqalı: 23 Britaniya diplomatı Rusiyadan xaric edilir

Şəklin mənbəyi, EPA/ YULIA SKRIPAL/FACEBOOK
Moskva sabiq ikili kəşfiyyat əməkdaşı Sergey Skripal və onun qızına qarşı sinir-əsəb maddəsi ilə hücumdan sonra yaranan qalmaqal fonunda 23 britaniyalı diplomatın ölkədən çıxarılmasına dair qərar qəbul verib.
Bu barədə şənbə günü Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunmuş Britaniya səfiri Laurie Bristow-a bildirilib.
Moskva bildirir ki, diplomatlara ölkəni tərk etmək üçün bir həftə vaxt verilir.
Rusiya həmçinin mədəni əlaqələrin inkişafı sahəsində çalışan Britaniyanın British Council təşkilatını və Sankt-Peterburq şəhərindəki Britaniya konsulluğunun bağlanılacağını elan edib.
Bu qərardan əvvəl London 23 rusiyalı diplomatı "arzuolunmaz şəxs" elan edib.

Şəklin mənbəyi, PA
Britaniya xeyrinə casusluğa görə Rusiyada məhkum edilən və 2010-cu ildən Böyük Britaniyada yaşayan 66 yaşlı Sergey Skripal və onun qızı martın 4-də Salisbury şəhərindəki ticarət mərkəzinin önündə huşsuz vəziyyətdə tapıldıqdan sonra xəstəxanaya yerləşdirilib.
Sinir-əsəb maddəsi ilə zəhərlənən Skripalların kritik, lakin sabit vəziyyətdə olduqları bildirilir.
Britaniyanın baş naziri Theresa May deyib ki, onlara qarşı hücuma görə "çox güman ki" Rusiya məsuliyyət daşıyır. Kreml ittihamları "əsassız" kimi rədd edib.






