Britaniya mətbuatı: Rus oliqarxlar niyə London məhkəmələrində çəkişirlər?

Şəklin mənbəyi, Getty Images
Rus oliqarxlar niyə London məhkəmələrində çəkişirlər?
"The Guardian" yazır ki, Chelsea futbol klubunun sahibi, oliqarx Roman Abramoviç London məhkəməsində iki başqa Rusiya oliqarxı ilə Rusiyanın ən böyük mədən şirkətinin sahibliyi uğrunda çəkişməyə girməli olub.
Daha doğrusu, Abramoviçi məhkəməyə Oleq Deripaska verib. Onun məqsədi Abramoviçin özünün Norilsk Nickel (Nornikel) şirkətindəki səhm payını Deripaskanın düşməni Vladimir Potaninə satmasının qarşısını almaqdır.
Sərvəti 8, 4 milyard dollar təxmin olunan Deripaska, sərvəti 20 milyard dollar təxmin olunan Potaninlə Nornikelə nəzarət etmək üçün illərdir ki, rəqabət aparırlar.

Şəklin mənbəyi, Getty Images
"The Guardian" yazır ki, bu mübahisə 2012-ci ildə prezident Vladimir Putinin müdaxiləsi ilə müvəqqəti də olsa çözülmüşdü. O vaxt Rusiya prezidenti şirkətdə daha az payı olan Abramoviçi "ağ cəngavər" elan etmişdi.
Sırf ingilis ifadəsi olan "ağ cəngavər" izahı kifayət qədər problemli olan tarixi frazeologiyadır, amma sadə dillə "barışdıran" kimi də izah oluna bilər. Bu şirkətdəki payı 5 faiz, yəni 2, 1 milyard dollar olan Abramoviç doğrudan da hərəsinin bu şirkətdəki payı 30 faiz olan Potanin və Deripaska arasında pariteti saxlaya bilmişdi.
Amma 5 il müddətinə bağlanmış bu sülh paktının vaxtı 2017-ci ilin dekabrında bitib və Abramoviç, bəzi xəbərlərə görə öz payını Potaninə satmağa çalışır.
Ötən cümə günü Deripaskanın Rusal allüminium şirkəti Londonda Ali Məhkəməyə müraciət edib ki, Abramoviçin investisiya firması öz səhmlərini Whiteleave şirkətinə sata bilməsin.
Rusal hazırda ağır borcların altında vurnuxur və Abramoviçin payı uğrunda mübarizə aparmaq üçün sadəcə, pulu çatmaya bilər. Əgər Abramoviçin payı Whiteleave şirkətinə satılsa, bu, Potaninə Nornikel üzərində nəzarət paketi verəcək.
Nornikelin baş icraçı direktoru olan Potanini cümə günü dinləməsində Britaniyanın keçmiş baş prokuroru lord Goldsmith müdafiə edirdi. Deyilənlərə görə, Goldsmith başqa rus milyarderlərindən öz xidmətinin bir saatı üçün 960 funt sterlinq alır.

Şəklin mənbəyi, Getty Images
Hakim Stephen Phillips səhm satışına qadağan qoyulmasına dair dinləməni martın 5-dək təxirə salıb. O deyib ki, məhkəmə çox güman iyundan əvvəl başlanacaq.
Beləliklə, son zamanlar bir sıra Rusiya oliqarxları çəkişmə üçün Londonu məkan seçiblər. Bu isə Londonun bir çox vəkillərini milyonçuya çevirir.
Abramoviç 2012-ci ildə sürgün edilmiş oliqarx Boris Berezovski ilə məhkəmə çəkişməsindən 3 milyard funt sterlinq uda bilmişdi. Bundan bir il sonra Berezovskinin meyiti onun Ascot yaxınlığında dəyəri milyonlarla funt sterlinq olan malikanəsində tapılmışdı. Deyilənlərə görə həmin məhkəmədə Abramoviçi müdafiə edən vəkil bu işdən 1 milyon funt sterlinq qazanmışdı.
Qadın xəstəlikləri qızlara atalarından keçir

Şəklin mənbəyi, Getty Images
"The Telegraph" yazır ki, alimlər qadınlarda baş verən yumurtalıq xərçənginin onlara irsən atalarından keçdiyini ilk dəfə olaraq aşkar ediblər.
Yeni genetik araşdırma nəhayət niyə bəzi bacılarda yumurtalıq xərçəngi riskinin onların analarından daha çox olduğu barədə suala cavab verib.
Bəzən "sakit qatil" adlandırılan yumurtalıq xərçəngi Böyük Britaniyada qurbanlarının sayına görə dördüncü ən ölümcül xəstəlikdir. Hər il Birləşmiş Krallıqda yumurtalıq xərçəngindən 4100 qadın vəfat edir və 7400 yeni diaqnoz qoyulur.
Bu xəstəlik qadınları adətən menopauzadan sonra tutur. Yumurtalıq xərçəngi hallarının yarıdan çoxu yaşı 63-dən yuxarı qadınlarda aşkar olunur.
Lakin yeni araşdırma göstərib ki, bu xəstəliyi irsən atalarından qəbul etmiş qadınlarda yumurtalıq xərçəngi onu analarından qəbul etmiş qadınlardan orta hesabla 6 il tez baş qaldırır.
Bu son dərəcə qorxulu xəstəlikdir və ona tutulanların 46 faizi 5 il müddətində yaşaya bilir. Bu ona görə belə olur ki, yumurtalıq xərçəngini çox vaxt o, başqa orqanlara yayılanadək aşkar etmək olmur.
Buna görə də son elmi tapıntı diaqnozların daha tez qoyulmasına yol aça bilər. Bunun üçün sadəcə olaraq xəstəliyin ailə tarixinin anketlər vasitəsilə öyrənilməli və genetik analizlər həyata keçirilməlidir.
New York-dakı Roswell Park Xərçəng Mərkəzinin alimləri nənələrdən və onların qız nəvələrindən məlumat toplamış və xərçəngə tutulmuş 186 qadının X-xromosomunu təfərrüatlı öyrənmişlər.
Araşdırma nəticəsində məlum olub ki, atanın anasından irsən keçən xərçəng özünü daha erkən yaşda büruzə verir. Maraqlıdır ki, belə nəsillərdə atalar və oğullar arasında prostat vəzinin xərçəngi riski də yüksək olur.
Təcrübədə qadınların X-xromosomunda yumurtalıq xərçəngini törədən gen də aşkar olunub.
Professor Keven Eng deyib ki, bu araşdırma niyə xərçəngin bir ailənin qızları arasında nisbətən geniş yayıldığının səbəbini göstərib. Bu ona görədir ki, uşağın cinsiyyətini atanın geni müəyyən edir.
Mayalanma zamanı atadan X xromosom iştirak edirsə, uşaq qız, Y xromosom iştirak edirsə oğlan doğulur.
Doktor Eng deyir ki, indi yalnız bu xəstəliyi başladan gen sektorunun düzgün öyrənilməsi qalır.
Məqalədə yumurtalıq xərçənginin erkən simptomlarından da söz açılır.
Londondakı Kraliça Charlotte və Chelsea Xəstəxanasının ginekoloji onkoloqu Christina Fotopoulou qadınlara aşağıdakı əlamətlərə diqqətli olmağı məsləhət görür:
Yumurtalıq xərçənginin dörd əsas simptomu davamlı qarın ağrısı, köp və ya qarnın böyüməsi, qidalanmanın çətinləşməsi və ya yeməkdən dərhal doyulması, bir də tez-tez sidiyə gedilməsidir.
Təəssüf ki, bu simptomlıar çox vaxt yayğın olur və Qıcıqlanmalı Bağırsaq Sindromu (Irritable Bowel Syndrome) ilə səhv salına bilir. Əgər simptomlar qısa müddətdə çəkilməzsə, dərhal həkimə müraciət edilməlidir. Statistika ilə hər bir həkim hər beş ildə bu xəstəliyi bir dəfə aşkar edir və 70 faiz hallarda diaqnoz xəstəliyin 3 və ya 4-cü mərhələsində qoyulur. Buna görə də sayıqlıq həyati əhəmiyyət daşıyır.
Uşaq doğmaq və kontraseptivlərdən istifadə qoruyucu faktorlardır, lakin burada da bəzi istisnalar ola bilər.




