Rusiya: müxalifət lideri Navalnı azadlığa buraxılıb

Şəklin mənbəyi, EVGENY FELDMAN FOR "THIS IS NAVALNY" PROJECT
Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvada bazar günü keçirilmiş etiraz yürüşü zamanı polis tərəfindən saxlandıqdan sonra bazar ertəsi azadlığa buraxılıb.
Bazar günü paytaxt Moskva və Rusiyanın digər şəhərlərində 18 mart prezident seçkilərinin boykot edilməsi şüarı altında etiraz aksiyaları keçirilib.
Navalnının vəkili mətbuat nümayəndələrinə bildirib ki, müxalifət liderinə qarşı heç bir ittiham irəli sürülməyib, lakin bu məsələ ilə bağlı məhkəməyə gəlməli olacaq və o zaman ittihamın elan ediləcəyi istisna deyil.
Bundan əvvəlki xəbərlərə görə, Moskvada Navalnının ofislərinə keçirilmiş polis reydləri zamanı həmin ofislərdən avandanlıq götürülüb.
Prezident Vladimir Putinin ən kəskin tənqidçisi sayılan Aleksey Navalnı namizədliyi Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rədd edildiyindən, martın 18-nə təyin olunmuş prezident seçkilərinə namizəd kimi qatıla bilməyəcək.
Bazar etirazları
Rusiyanın müxalifət lideri Aleksey Navalnı bazar günü Moskvada keçirilən mitinqdə saxlanmışdı.
"Seçicilərin tətili" adı altında Aleksey Navalnının çağırışı ilə keçirilən aksiyaya bir neçə min iştirakçı qoşulub.
"Seçicilərin tətili" adlı icazəsiz mitinqlərin təşəbbüskarı, müxalifət lideri və Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı polis tərəfindən saxlanıb.
Mitinqdən YouTube kanalı ilə təşkil edilən videoyayımda Navalnının Moskvanın Tverskaya meydanında polis tərəfindən saxlanması kadrları göstərilib.
Saxlandığı barədə xəbəri Aleksey Navalnı Twitter vasitəsilə təsdiqləyib.
Moskva polisi Navalnı barədə onun icazəsiz mitinq təşkil etməklə inzibati qanun pozuntusuna yol verməsi ilə bağlı protokol tutulduğunu bildirib.
"Seçicilərin tətili" aksiyasının keçirilməsini Navalnı prezident seçkilərində namizədliyinin MSK tərəfindən qeydə alınmamasına cavab olaraq elan edib.
Onun namizədliyinin qeydə alınmamasını rəsmilər Navalnının məhkumluğu ilə əsaslandırır.
Məsələ ilə bağlı Navalnının şikayəti Rusiya Ali Məhkəməsi tərəfindən yanvarın 26-də rədd edilib.
Bundan əvvəl isə müxalifət liderinin şikayətinə Konstitusiya məhkəməsi də rədd cavabı verib.
Navalnının tərəfdarları You Tube kanalında müxalifət liderinin 48 saat müddətinə saxlandığını bildirib.
Navalnının tərəfdarları və onun mövqeyini dəstəkləyənlər Moskva və Sankt-Peterburqda yürüşlər keçirib.
Moskvadakı aksiyaya, məlumatlara görə, minədək adam qoşulub.
Vladivostok, Novosibirsk, Kurqan, Omsk, Maqadan, Kemerovo və Yakutsk şəhərlərində də Navalnının tərəfdarları etiraz aksiyaları keçirib.
Moskvada isə polis əməkdaşları Aleksey Navalnının ofislərinə reydlər edib.

Şəklin mənbəyi, Reuters
Bununla bağlı, Navalnı bildirib ki, reydlər və həbslər bazar günü keçirilən etirazların əhəmiyyətini daha da artırıb.
Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.
Vladimir Putinin ən kəskin tənqidçisi olan Aleksey Navalnının seçkidə iştirakına imkan verilmir.
MSK onun namizədliyinin rədd edilməsini məhkumluğu ilə əsaslandırıb.
Bunun müqabilində Navalnı Rusiya boyu öz tərəfdarlarını 18 mart prezident seçkilərini boykot etməyə çağırıb.
Bazar günü keçirilən yürüşlər yerli rəsmilərlə razılaşdırılmayıb.
Həmin aksiyalarda iştirak edənlərdən indiyədək ən azı 27 nəfərin saxlandığı bildirilib, onlardan bir neçəsi, xəbərlərə görə, Navalnının Moskva ofisində saxılanıb.
Navalnı bəyan edib ki, seçkidə iştirak etməyə buraxılarsa, Putinə qalib gələcək.
Navalnı 2017-ci ildə icazəsiz aksiya təşkil etdiyinə görə polis tərəfindən 3 dəfə saxlanmışdı.
Navalnının adını çıxışlarında belə çəkməyən Vladimir Putinin Rusiyada populyarlıq reytinqi oluqca yüksəkdir və proqnozlara görə, prezident Putin bu dəfə də, yəni dördüncü dəfə də prezident seçkisində qələbə çalacaq.

Şəklin mənbəyi, Getty Images






