Britaniya mətbuatı: "Ən ağıllı neft ölkəsi" neft fondunun pullarını neftə yatırmaq istəmir

Şəklin mənbəyi, Getty Images
"Ən ağıllı neft ölkəsi" neft fondunun pullarını neftə yatırmaq istəmir
"The Guardian" dünyanın aparıcı enerji ekspertlərindən Fatih Birola istinadən yazır ki, elektrik avtomobillərinin yüksəlişinə və iqlim dəyişikliyi ilə bağlı daha sərt tədbirlərə baxmayaraq neftə nekroloq yazmaq hələ trezdir.
Bununla belə elə cənab Birolun rəhbərlik etdiyi Beynəlxalq Enerji Agentliyi bu qənaətdədir ki, neftə tələbat qarşıdan gələn iki onillikdə az artacaq.
Məqalədə deyilir ki, Britaniyadan fərqli olaraq Şimal dənizinin neft gəlirlərini göyə sovurmayan Norveç elə həmin neftdən 1 trilyon dollarlıq ehtiyat fondu yaradıb.
İndi isə Norveçin Mərkəzi Bankı təklif edir ki, neft gəlirlərindən yaranmış neft fondunun pulları bundan sonra daha neftə investisiya edilməsin.
Norges Bank ölkənin maliyyə nazirinə yazdığı məktubda bildirib ki, hökumətin ehtiyat fondunun pulları daim düşməkdə olan neft və qaz sahələrinə investisiya edilməsin, çünki belə investisiyaların risk dərəcəsi artıb.
Neft qiymətləri dünyanın ən iri ixtracatçılarının hasilatı ixtisar etməsi ilə əlaqədar düşdüyü 30 dollardan yenidən 60 dollar həddinə dırmanıb.
Lakin bəzi ekspertlər düşünürlər ki, orta müddətdə bu qiymətlər indikindən aşağı olacaq. Məsələn əgər BP neft "uzun müddətə ucuz qalacaq" deyirsə, Shell şirkəti "həmişəlik ucuz qalacaq" hökmünü verib.
Nüfuzlu enerji iqtisadçısı Dieter Helm inanır ki, neft qiymətləri daim düşməyə meylli olacaq. Norveç bankı məhz belə bir riskin altına girmək istəmir.
Bank etiraf edir ki, neftə və qaza investisiya etdiyi 36 milyard dolların üzləşə biləcəyi riski lazımınca qiymətləndirməyib.
Hökumət ekspertləri bu qənaətə gəliblər ki, 2014-2016-cı illərdə neft qiymətlərinin düşməsinə cavab olaraq görülmüş daha ucuz əməliyyat tədbiri uzun müddətdə bəhrə verməyə bilər.
Əslində Norveç fondunun Shell şirkətinə yatırdığı 5 milyard dollar və BP-yə investisiya etdiyi 2 milyard dollar elə də böyük pullar deyil. Ələlxüsus da ona görə ki, hər iki şirkətin səhm qiymətləri qalxmağa başlayıb.
Söhbət yatırılan investisiyaların həcmindən getmir. Sadəcə olaraq neftdən 1 trilyon dollarlıq neft fondu yaratmış bir ölkə neft və qaz sahəsini investisiyalar üçün riskli sahə hesab etdiyini bəyan edib.
"The Guardian" yazır ki, Norveçin bu hərəkəti təsirsiz ötüşməyəcək və böyük investorlar bunu nəzərə alacaqlar.
Share Action fəallar qrupu bildirir ki, artıq indinin özündə böyük investorlar neft və qaz şirkətlərindəki kapitallarını geri çəkirlər.
Məqalədə deyilir ki, Norveç bunu ilk hiss edən ölkə deyil və yəqin ki, sonuncusu da olmayaq.

Şəklin mənbəyi, Getty Images
Rusiya Səudiyyə ilə neft qiymətləri paktını pozacaq?
Bu arada "The Telegraph" qəzeti yazır ki, bu həftə OPEC-in Vyanada keçiriləcək yığıncağında Rusiya ilə bu karetlin arasındakı diplomatik gərginliyin güclənəcəyi gözlənilir.
Məqalədə deyilir ki, tərəflərin neft hasilatına qoyduqları ixtisarın müddətini 2018-ci ilin martından o yana uzadacaqları gözlənilir.
Buna baxmayaraq neft hasilatı ixtisarının 2018-ci ilin sonlarındək uzadılması ideyası Rusiyanın neft rəhbərləri tərəfindən soyuq qarşılanıb.
Moskva OPEC-lə misilsiz sövdələşməyə girərək neft qiymətlərinin 60 dollara qalxmasına kömək edib, lakin ölkənin bərbad iqtisadiyyatı qiymətin daha baha məqamında hasilatın qısılmasına tərəfdar deyil.
Macro Advisory firmasından Chris Weafer deyir ki, Rusiya 1 barrel üçün 55 dollar qiymətinin ABŞ neftinə çox sərfəli ola biləcəyindən narahatdır.
Ekspert xəbərdarlıq edir ki, Rusiyanın hasilatın ixtisarından əl götürməsi onu Səudiyyə Ərəbistanı ilə qarşı-qarşıya qoya bilər.
Qəzet yazır ki, OPEC-in de facto lideri üçün neft qiymətlərinin sabitliyi çox mühümdür, beləki Səudiyyə özünün neft iqtisadiyyatını tamamilə yenidən islah etməyə çalışır.
Ekspertlər deyirlər ki, neft qiymətlərində hər hansı qəfil dəyişmə Səudiyyənin islahat planlarını riskə ata bilər.
Digər tərəfdən Rusiya ilə diplomatik münasibətlərin pisləşməsi hazırda daxili siyasi çəkişmənin ağuşunda olan Səudiyyə Ərəbistanına heç də əl vermir.

Şəklin mənbəyi, EPA
Merkel hakimiyyəti itirmək istəmir. Erkən seçki ola bilər
"The Daily Mail" yazır ki, Almaniya bir seçkini yenicə başa vurub, lakin daha bir erkən seçki keçirmək məcburiyyətində qala bilər.
Angela Merkel-in mühafizəkar ittifaqının koalisiya yaratmaq istədiyi iki partiya miqrasiya və iqlim dəyişikliyi barədə heç cür razılığa gələ bilmirlər, bu isə onların eyni hökumət koalisiyasına daxil olmasını mümkünsüz edir.
Kansler Merkel özünün Xristian Demokrat partiyası ilə Xristian Sosialist İttifaqı, Azad Demokratik Partiya və Yaşıllar arasında ötən gün axşam saat 6-dək razılaşma əldə ediləcəyinə ümid edirdi.
Lakin qaçqın böhranı, bərpa olunan enerji növlərindən istifadə və iqtisadiyyat kimi məsələlərdə razılığa gələ bilməyən koalisiyanın bərqərar olmaq şansları sürətlə azalır.
Cümə günü 15 saat ərzində aparılan danışıqlar da heç bir fayda verməyib.
"The Mail" yazır ki, əgər partiyalar arasında razılaşma əldə olunmasa, almanları yeni erkən seçki gözləyə bilər, beləki xanım Merkel seçkidə məğlub etdiyi sosial-demokratlarla birlikdə müxalifətə keçmək fikrində olmadığını bildirib.
Elə sosial-demokratların lideri Martin Schulz da Merkel-in partiyası ilə hakimiyyət bloku yaradılmasını bir daha istisna edib.
Partiyalar arasında ixtilafın əsas mövzusu qaçqınlar və iqlim dəyişikliyi məsələsidir.
Yalnız Bavariyanı təmsil edən Xristian Sosialist İttifaqı ölkəyə qaçqın qəbul edilməsinə limit qoyulmasını istəyir, halbuki yaşıllar qaçqınların qohumlarına da ölkəyə gəlmək icazəsinin verilməsi üçün mübarizə aparır.
Yaşıllar Partiyası habelə kömürdən və daxiliyanma mühərriklərindən istifadəyə 2030-cu ilədək son qoyulmasına çalışır.
Azad Demokratlar partiyası isə kömür və daxiliyanma yanacaqlarından istifadəyə son qoyulmasının ölkənin iş yerləri üçün yaradacağı təhlükədən narahatdır.
Dörd partiya razılığa gəlinməsi üçün Merke-lin qoyduğu möhlət müddətini artıq bir neçə gün də keçib. Dördpartiyalı hökumət Almaniyanın tarixində ən çoxpartiyalı koalsiya olmalı idi.
Yaşılların koalisiya danışıqlarına qoşulması üçün icazəni partiyanın bu ayın axırında keçiriləcək qurultayı verməlidir.
Sorğular, əgər erkən seçkilər günü bu gün keçirilsə, indikinə bənzər vəziyyətin yaranacağını göstərir.




