Zara üçün paltar tikənlər: "Bizim məvacibimizi niyə vermirsiniz?"

- Müəllif, Selin Girit
- Vəzifə, BBC, İstanbul
"Sizin aldığınız geyimi mən tikmişəm, amma mənə buna görə zəhmət haqqı verilməyib!"
İstanbul mağazalarında Zara firmasının alıcıları geyimlərin üzərində, pencəklərin və ya qatlanan cinslərin arasında qeyr-adi birka aşkar ediblər. Bəs, bu gizli qeydləri İkinci Dünya Müharibəsindəki əsir vaxtlardakı kimi kimlər paylayır?
Bu qeydləri yerli Zara, Next və Mango kimi beynəlxalq brendlər üçün geyim istehsal edən Bravo Tekstil firmasının əməkdaşları yerləşdiriblər.
Bu firma 2016-cı ilin iyulunda bir gecədə iflas etdi. Əməkdaşlar isə bağlanmamışdan əvvəl işlədikləri müddət üçün əmək haqqı almadıqlarını iddia edirlər. Hazırda onlar Zara rəhbərliyindən 3 aylıq əmək haqqı borcunun və təzminatın ödənilməsini tələb edirlər.
"Bir gün səhər biz işə gəldik, firma isə yoxdur. Qapılar bağlıdır. Bizim müdir isə havaya buxarlanıb", - Bravo Tekstil-in işçilərindən biri, Filiz Tutiya deyir.
"Bizim kampaniya başlatmaqdan başqa çıxış yolumuz yox idi. Biz bu qeydləri İstanbuldakı ticarət mərkəzlərindəki bütün Zara mağazalarındakı geyimlərə yerləşdirdik. Biz Zara-ya ziyan vurmaq istəmirik. Bu kampaniya onun üçün deyil. Biz haqqımız olanı istəyirik", - qadın izah edir.

Şəklin mənbəyi, Alamy
Digər bir əməkdaş, Betül Şahin belə deyir: "Bizlərdən bəzisi malliyə ucbatından toyu təxirə salıb, bəziləri isə uşaqlarını məktəbə göndərə bilməyiblər. Bəlkə də bəziləri üçün bu böyük pul deyil, amma bizim üçün hər qəpik mühümdür. Biz pulu zülmlə qazanırıq! Biz Zara-dan soruşuruq: "Bizim məvacibimizi niyə vermirsiniz? Niyə bizim əsas hüququmuzu təmin etməkdən imtina edirsiniz?"
Bu kampaniya başladıqdan sonra minlərlə insan sosial şəbəkələrdə, birkalarda olduğu kimi, dəstək məqsədilə #BravoIscilerilcinAdalet həştəqini paylaşıblar. Tərcümədə bu belə səslənir: "Bravo işçilərinə ədalət". İnternet-petisiya artıq 270 min imza toplayıb.

Şəklin mənbəyi, Getty Images
Zara-nın sahibi İnditex şirkətlər qrupu hesablanan pulların hamısını Bravo Tekstil-ə ödədiyini, lakin pulların işçilərə verilmədiyini bəyan edib.
Şirkət həmçinin daha həssas işçiləri dəstəkləmək üçün Mango və Next-lə birgə 210 min avroluq yardım fondu təsis etdiklərini bildirib.
"İnsanlar haqsız yerə ziyan çəkiblər və onların bu vəziyyətinə biz çox kədərlənirik. Lakin günahkar biz deyilik, günahkar bütün bunları təşkil edən yerli firma və onun rəhbəridir. O, ədalətdən qaçdı. Türkiyə məhkəməsi onu tapmalı və bütün pulları ödəməyə məcbur etməlidir", -deyə İnditex-in Türkiyədə davamlı inkişafı üzrə rəhbəri Murat Akgün bildirib.
Zara brendi isə öz açıqlamasında şirkətin haqsızlığa məruz qalan işçilərə kömək məqsədilə dərhal tədbirlər gördüyünü və İnditex-in vəziyyətdən çıxış yolu axtarmağa davam etdiyini bəyan edib.
DİSK Tekstil-i təmsil edən işçilərin həmkarlar ittifaqı eyni zamanda qeyd edib ki, əgər İnditex hər işçiyə məvacibini qaytarmasa, onların kampaniyası davam edəcək.
"Zara bütün dünyaya onların geyimini istehsal edən hər işçiyə görə cavabdeh olduğunu elan edir. Onların təklif etdiyi fond isə ödənilmyən məvacibin yalnız dörddə birini qarşılaya bilər. İşçilər arasında xərçəng xəstəliyindən əziyyət çəkənlər, iflic keçirənlər də var. Əgər şirkət bütün 153 işçiyə məvacibini verməsə, biz kampaniya vasitəsilə bu barədə danışmağa davam edəcəyik", - DİSK Tekstil-in nümayəndəsi Azaləddin Arslanoğlu deyir.

Şəklin mənbəyi, Getty Images
İspaniyada bazalaşan İnditex holdinqi dünyanın ən böyük geyim istehsalçılarından biridir. 7405 mağazaya sahib olan şirkətin 162 min 450 işçisi var.
Holdinqin böyük Zara brendi bir qədər əvvəl istehsalda qul və uşaq əməyindən istifadə, həmçinin suriyalı qaçqınları istismar etməsi ittihamı ilə tənqidlərə məruz qalmışdı.
İnditex rəhbərliyi bütün bu ittihamları nəzərdən keçirəcəyini və podratçı-şirkətlərdə əmək şərtlərinə nəzarətin gücləndiriləcəyini vəd edib.





