Suriya: Rusiyanın Su-24 təyyarəsi qəzaya uğrayıb, pilotlar ölüb

Су-24

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Suriyada apardığı hərbi kampaniyada Rusiya Su-24 döyüş təyyarələrindən istifadə edir.

Rusiyaya məxsus Su-24 döyüş bomardmançısı Hmeymim avaibazasından havaya qalxarkən qəzaya uğrayıb.

Pilotların hər ikisi ölüb, Rusiya Müdafiə Nazirliyi xəbər verib.

Nazirliyin məlumatına əsasən, qəza çərşənbə axşamı günü səhər saatlarında baş verib.

Təyyarə havaya qalxmaq üçün sürət yığarkən uçuş zolağından sürüşüb kənara çıxaraq dağılıb, məlumatlarda deyilir.

Rusiya Müdafiə Nazirliyinin güman etdiyinə görə, qəzaya səbəb təyyarənin nasazlığı olub.

Suriyada hərbi kampaniyaya başladıqdan sonra bu, Rusiyanın Suriyada itirdiyi ikinci Su-24 təyyarəsidir.

İlk Su-24 itkisi 2015-ci ilin noyabr ayında baş vermişdi.

O zaman Türkiyə, Rusiya təyyarəsinin öz hava sərhədini pozduğunu zənn edərək, Su-24 təyyarəsini vurmuşdu.

Həmin hadisə zamanı pilotlar katapultadan istifadə etmişdi, lakin onlardan biri yerdən açılan atəşlə öldürülmüşdü, ikincisini isə Rusiya hərbiyyəsi xilas etmişdi.

Lakin xilasetmə əməliyyatı keçirilərkən daha bir rusiyalı əsgər öldürülmüşdü.

Həmin hadisə Rusiya ilə Türkiyə arasındakı əlaqələrin pisləşməsinə səbəb olmuşdu.