F1 sözçüsü: "əsas tamaşaçı sabah gələcək"

Şəklin mənbəyi, Getty.Charles Coates
"Əsas yarış sabah olacaq və sürücülərin paradını, açılış mərasimini və nəticələri bilmək üçün əsas tamaşaçı sabah gələcək", Formula 1 sözçüsü Nigar Arpadaray BBC Azərbaycancaya deyir.
O, yarışın başladığı ilk iki gün ərzində tribunalarda insan azlığını dünən və bu gün baş tutan sürüşlərin test olması ilə əlaqələndirir və əlavə edir ki, "tribunalara məncə sabah baxsanız düzgün olar".
"Digər ölkələrdə keçirilən yarışlara baxsanız görəsiniz ki, test yürüşlərində tribunalar həmişə dolu olmur. Bütün dünyada belədir. Ora bilet alan adam bütün günü gəlib orda (tribunada) oturmur. O, orda gəlib oturub bir dəqiqə baxıb sonra şəhərcikdə dolanır. Axşam konsertə gəlir", söyləyən Nigar Arpadaray "gördüyünüz səhnə sizi aldatmasın" deyir.
O bildirir ki, test yürüşünə "böyük fanat" gəlir. "Formulanı, testləri yaxşı bilən, pilotları yaxşı tanıyan", o əlavə edir.
Xanım Arpadaray qeyd edir ki, indi Azərbaycanda o qədər də Formula 1 fanatı yoxdur. Ona görə gələnlər "ümumilikdə baxmaq üçün gəlir".
Satılan biletlərin sayı ilə bağlı Formula 1 sözçüsü rəqəmləri açıqlamasa da biletlərin 42 ölkədən alındığını deyir.
"Səhərə olan məlumata görə ən çox alan Rusiya və Böyük Britaniyadır. İndi əsasən azərbaycanlılar alır. Amma demək olar ki, bütün tribunalara bilet satılıb", o, əlavə edir.
Azərbaycanda Formula 1 yarışları 17-19 iyunda keçirilir.



