F1: Lewis Hamilton Sərbəst Yürüş Sessiyasının birincisi olub

Şəklin mənbəyi, Getty
Bakı Şəhər halqasının 51 dövrünü 1:46.435 dəqiqəlik dərəcə ilə yekunlaşdıran Mercedes komandasından böyük britaniyalı pilotu Lewis Hamilton, Sərbəst Yürüş Sessiyasının birincisi olub.
İkinci yerdə onun digər komanda yoldaşı, almaniyalı Nico Rosberg 1:46.812 dəqiqəlik dərəcə ilə trekə yekun vurub.
Williams Martini komandasından Valtteri Bottas treki 1:47.096 dəqiqəlik dərəcə ilə bitirərək üçüncü yerdə qərarlaşıb.
Yürüşün sonuncusu isə 1:52.925 dəqiqəlik dərəcə ilə Manor Racing komandasının indoneziyalı üzvü Rio Haryanto olub.
Red Bull komandasından olan, avstraliyalı Daniel Riccardo üçün ilk yürüş o qədər də uğurlu keçməyib. Yürüşün bitməsinə bir neçə dəqiqə qalmış onun maşınının təkəri İstiqlaliyyət küçəsində yerləşən 15-ci döngədə divara sürtünüb və maşının arxa təkəri yerindən çıxıb.
Dərhal əraziyə gələn xilasetmə komandası pilotu çıxardaraq F1 maşınını ərazidən uzaqlaşdırıblar.
Ümumiyyətlə, trekin İstiqlaliyyət küçəsində yerləşən 15-ci döngə pilotları ən çox çaşdıran döngə olub. Belə ki, baryerlər həmin döngəyə deyil, bir qədər aralıda qoyulduğuna görə yürüş zamanı pilotlar bir neçə dəfə yanlışlıqla həmin döngəyə daxil olublar.
Növbəti Sərbəst Yürüş Sessiyası Bakı vaxtilə saat 17:00-da baş tutacaq.
Bakı küləyi avtoqraf mərasimini təxirə salıb

Bakıda bu gün başlayan Formula 1 yarışlarının açılışında tanınmış pilotların avtoqraf imzalaması mərasimi güclü külək ucbatından təxirə salınıb.
Avropa Qran Pri yarışlarının media mərkəzindən BBC Azərbaycancaya bildiriblər ki, imzalanma mərasiminin yeni vaxtı barədə məlumat veriləcək.
Bu gün F1 pilotları maşınların keçəcəyi yolu təftiş edəcək.
Günün sonunda amerikalı müğənni Chris Brown konsert verəcək.
Şənbə və bazar günləri pilotlar yarışacaq.
Şənbə günü pop ulduz Enrique İglesias konsert verəcək və bazar günü pilotların yarışından sonra Pharel Williams-ın iştirakı ilə F1 bağlanacaq.




