Freedom House: hökumətin "repressiv" siyasətinə diqqət yetirin

Freedom House: “Formula 1” kimi idman tədbirlərindən istifadə edərək Azərbaycan hökuməti özünü müasir və mərhəmətli hakimiyyət kimi təsvir etməyə çalışır

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Freedom House: “Formula 1” kimi idman tədbirlərindən istifadə edərək Azərbaycan hökuməti özünü müasir və mərhəmətli hakimiyyət kimi təsvir etməyə çalışır

Freedom House təşkilatı “Formula 1” yarışları üçün Azərbaycana gələcək beynəlxalq qonaqları "hökumətin repressiv siyasətinə" diqqət yetirməyə çağırıb.

Təşkilatın saytda yaydığı bəyanatında yazılır: "Biz Bakıya gedən jurnalistləri, korporativ sponsorları yarışın parıltısı arxasında olan 80-dən çox siyasi fəal, insan haqları müdafiəçisi və müxbirlərin əsassız həbsi daxil olmaqla hökumətin repressiv siyasətinə diqqət yetirməyə çağırırıq.”

“Azərbaycan hökuməti vətəndaşlarının fundamental azadlıqlarına amansız təzyiq göstərməyə və fikir ayrılıqlarını boğmağa davam etməsinə baxmayaraq, “Formula 1” kimi idman tədbirlərindən istifadə edərək özünü müasir və mərhəmətli hakimiyyət kimi təsvir etməyə çalışır”, təşkilatın vitse-prezidenti Daniel Calingaert deyib.

Bəyanatın davamında deyilir ki, Azərbaycan 2016-cı ilin Dünya və Mətbuat Azadlığı (Freedom in the World, Freedom of the Press) hesabatına əsasən azad olmayan, 2015-ci ilin Şəbəkə Azadlığı-nda isə (Freedom on the Net 2015) qismən azad ölkə kimi qiymətləndirilib və 2016-cı ilin "Keçid dövründə olan Ölkələr" (Nations in Transit 2016) siyahısında demokratiya üzrə 1-dən 7-yə qədər olan şkalada 6,86 xal alıb, hansı ki, 7 bu şkalada ən pis göstəricidir.

“Formula-1” yarışı bu il iyunun 17-dən 19-na qədər Bakıda keçiriləcək.

Bir sıra yerli və xarici təşkilatlar hazırda Azərbaycanda həbsxanada bir neçə “siyasi” və “vicdan” məhbusunun olduğunu deyir.

Azərbaycan hökuməti bu tənqidləri rədd edir və ölkədə insanların siyasi baxışlarına yox, əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu deyir.