Bakı: “Siyasi məhbus ailələrinə dəstək” üçün kitab yarmarkası

NİDA Vətəndaş Hərəkatı Bakıdakı Musavat Partiyasının qərargahında “siyasi məhbus ailələrinə yardım” məqsədilə 2 günlük kitab yarmarkası keçirir.

Hərəkatın üzvü Məcid Mərcanlı kitabların ucuz qiymətlərlə satılacağını və satışdan əldə olunan məbləğin “çətin vəziyyətdə olan siyasi məhbus ailələrinə dəstək” kimi veriləcəyini bildirir.

NİDA-nın digər üzvü Zaur Qurbanlı belə tədbirlərin önəmli olduğunu deyir. “Mən şəxsən 13 ailə tanıyıram ki, həbsdə olan yaxınları ilə görüşməyə getmək üçün yol pulu belə tapa bilmirlər. Ümumiyyətlə son vaxtlar cəmiyyət siyasi məhbuslara çox az diqqət yetirir. Belə tədbirlər məhz buna görə çox önəmlidir”.

Norveçin Helsinki Komitəsi tərəfindən hazırlanan siyasi məhbuslar siyasında 80 adamın adı əks olunub. İnsan haqları üzrə qruplar siyasi motivlərlə məhbəsə atılan fəalların azadlığa buraxılmasına səsləyirlər.

Azərbaycan hökuməti bu tənqidləri rədd edir və ölkədə insanların siyasi baxışlarına yox, əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu deyir.