Leyla Yunus "gələn ay əməliyyat olunacaq"

Hazırda Niderlandda olan hüquq müdafiəçisi Leyla Yunusun müalicəsi davam edir və o, gələn ay əməliyyata girməlidir, ailənin vəkili Elçin Sadıqov BBC Azərbaycancaya məlumat verib.
Vəkil deyir ki, bu gün Ali Məhkəmə hüquq müdafiəçiləri Leyla və Arif Yunusun təqsirli bilindiyi cinayət əməllərinə bəraət verilməsinə dair kassasiya şikayəti ilə bağlı plenar iclası onların iştirakı olmadığına görə qeyri-müəyyən vaxta təxirə salıb.
Onun sözlərinə görə, hakim "onlar müalicədən qayıdandan sonra" məhkəmənin davam etməsi haqqında məlumat veriləcəyini bildirib.
"Kassasiya şikayətini müdafiə tərəfi verib və müdafiə olunan şəxslərin vəziyyətini ağırlaşdıracaq qərar qəbul oluna bilməz", deyə vəkil məhkəmənin qərarını "əsassız" hesab edir.
Sığınacaq
Bu arada isə, yerli saytlar yazıb ki, Leyla və Arif Yunus sığınacaq almaq üçün may ayının 19-da Niderland hökumətinə müraciət edib.
Niderland hökuməti fərdi məlumatların qorunması haqda ölkənin qaydalarına əsasən cütlüyün sığınacaq üçün müraciət edib-etməməsinə şərh verə bilməz, ölkənin Xarici İşlər Nazirliyindən BBC Azərbaycancaya bildirilib.
"Biz bu hallarla bağlı heç vaxt bir söz deyə bilmərik", qurum rəsmisi əlavə edib.
Vəkil Elçin Sadıqov da Leyla və Arif Yunusların sığınacaq üçün müraciət etməsindən xəbərsiz olduğunu deyir.
Niderlandda sığınacaq almaq üçün Azərbaycandan ilk müraciətlərin sayı 2014-cü ildə 46, 2015-ci ildə 33, bu ilin ilk 2 ayı ərzində isə 5 olub, Niderland Təhlükəsizlik və Ədliyyə Nazirliyinin saytı yazır.
Saytın verdiyi məlumata görə, Niderlandda sığınacaq üçün müraciətlərin çoxluğu nəzərə alınaraq bu il fevralın 18-dən sonra müraciətlərə baxılaraq qərarın verilməsi müddəti 6 aydan 15 aya qədər uzadılıb.
"Hazırda sığınacaq üçün müraciət edənlərə ortalama 7 ay ərzində qərar göndərilir. Buna baxmayaraq, müddətin uzadılması da mümkündür", sayt yazır.
Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında həbs olunub. 2015-ci ildə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
2015-ci ilin sonunda isə onlar barəsində hökm beş il müddətinə şərti cəza ilə əvəzlənib. Bu ilin aprel ayında Ali məhkəmə onların ölkədən çıxması haqqında qərar verib və cütlük həmin gün Niderlanda uçublar.




