Xədicə İsmayılova: "Məni həbsdə saxlayan hakimiyyətdən cavab istəyəcəyəm"

Bakıda Ali məhkəmə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 5 il şərti azadlığa buraxılması barədə qərar verdikdən sonra o, artıq azadlığa çıxıb.

Məhbəsin bayırında jurnalistlərə müsahibə verən jurnalist deyib ki, ona qarşı bütün ittihamlar əsassızdır və o həbsdə əsassız olaraq saxlanılıb.

O, ittihamlarla bağlı Avropa Məhkəməsinə şikayət edəcəyini deyib. "Məni 1.5 il həbsdə saxladığı üçün hökuməti məsul tutacağam", o əlavə edib.

"Məni işimdən, ailəmdən, tələbələrimdən kənarlaşdırdığı üçün hökuməti məsul tutacağam", - o deyib.

Xədicə İsmayılova artıq evinin qarşısındadır və onu onlarla adam qarşılayıb.

Vəkil Cavad Cavadov bu gün jurnalistlərə deyib ki, Ali Məhkəmə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə bəraət verərək cinayət işinin icraatına xitam verib.

Ali məhkəmə qarşısına toplanan gənclər jurnalistin 5 il şərti azadlığa çıxmasını bayram edir
Şəklin alt yazısı, Ali məhkəmə qarşısına toplanan gənclər jurnalistin 5 il şərti azadlığa çıxmasını bayram edir

O əlavə edir ki, məhkəmə məcəllənin qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma maddələri ilə Xədicə İsmayılovaya 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edib. Həmin cəza məcəllənin şərti məhkumetmə maddəsinin tətbiq olunması ilə 5 il şərti cəza və 2 il dövlət və yerli özünü idarətmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum etmə ilə əvəzlənib.

Jurnalistin digər vəkili Fəxrəddin Mehdiyev məhkəmənin qərarını müsbət səciyyələndirib və hazırda həbsdə olan digər şəxslərə də belə azadlığa çıxmağı arzu edib.

Xəbəri sevinclə qarşılayan jurnalistin anası Elmira İsmayılova "Xədicəni 10 gündür gözləyirəm" deyərək sevincini paylaşmaq üçün "7 gündür evi təmizləyirəm və qonaqlarımı qəbul edəcəm" deyir.

"Bu xəbər mənə necə vacib idisə onlar üçün də vacib idi. İştirak edənlər və onun bu günkü vəziyyətini bütün dünyaya çatdıranların hamısına da təşəkkür edirəm", Elmira xanım əlavə edib.

Ali Məhkəmə qarşısına toplanan gənclər üzərində Xədicə İsmayılın rəsmi olan şarları havaya uçurdaraq qərarı bayram ediblər, BBC Azərbaycancanın müxbiri Günel Səfərli məlumat verir.

Hüquq müdafiəçiləri, media nümayəndələri və Xədicə İsmayılın yaxınları jurnalistin evində onun azad olunmasını gözləyir
Şəklin alt yazısı, Hüquq müdafiəçiləri, media nümayəndələri və Xədicə İsmayılın yaxınları jurnalistin evində onun azad olunmasını gözləyir

Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.

Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.