Azərbaycan BP-nin əməliyyatları davam etdirəcəyi 5 regiondan biridir

Şəklin mənbəyi, PA

Azərbaycan BP şirkətinin əməliyyatlarını davam etdirəcəyi beş regiondan biridir.

Şirkət, yeni yataqlar axtarmaqdansa, fəaliyyətini daha çox mövcud yataqların imkanlarının artırılmasına yönəldəcək, Reuters yazır.

BP başçısı Bob Dudley və onun komandası 2020-ci ildən sonrakı dövrə aid yeni uzun müddətli strategiya hazırlayıb.

2010-cu ildə Meksika körfəzində neft yatağında baş vermiş irimiqyaslı qəzaya görə 55 milyard dollar xərcə düşən BP şirkəti öz büdcəsində və kəşfiyyat strategiyasında ixtisar aparmalı olub.

Reuters agentliyinə görə, 55 milyard dollarlıq xərcə görə, üçdə bir qədər azalan BP şirkəti mühafizəkar strategiya seçərək bundan sonra əməliyyatlarını Azərbaycan da daxil olmaqla yalnız 5 regionda cəmləşdirmək qərarına gəlib. Həmin regionlar Azərbaycandan başqa, Anqola, Misir, Meksika Körfəzi və Şimal dənizidir.

Reuters agentliyinə görə, BP artıq kəşf etdiyi və işlətməkdə olduğu bütün yataqlarını orta hesabla hələ 13 il müddətində istismar edə bilər. Bu göstəriciyə görə BP dünyanın aparıcı neft şirkətləri arasında 3-cü yerdədir.

BP-nin 20 faiz payı olan Rusiyanın Rosneft şirkəti istisna olmaqla, Exxon Mobile şirkətinin eyni göstəricisi 17 il, Total şirkətinin göstəricisi isə 13.5 ildir.

Shell, Eni və Chevron şirkətlərinin idarə etdiyi yataqların potensial istismar müddəti göstəricisi isə BP-dən daha azdır.