Təhlil: "Sanki havada bir 90-lar qoxusu var…"

Şəklin mənbəyi, Getty
- Müəllif, Rəşad Şirin
- Vəzifə, Siyasi təhlilçi, Bakı
90-cı illərin əvvəllərində də çörək növbələri var idi, amma bügünki çörək davası başqa davadır.
90-ların əvvəllərində də insanlar ehtiyac içərisində idi, amma ətrafda nə internet, nə cib telefonu, nə də sosial şəbəkə var idi. Sadəcə Sovet İttifaqı sonrası iqtisadi tənəzzül var idi.
Bügünki vəziyyət həm də ona görə fərqlidir ki, iqtisadiyyat daralmağa, kiçilməyə başlayır. İxracdan gələn gəlir sürətlə azalır. Və iqtisadiyyatın böyük bir hissəsi bunun üzərində qurulduğu üçün tənəzzül və ondan doğan sosial bərabərsizlik özünü daha aydın göstərməyə başlayır.
Son bir il ərzində bir çox insanın gəliri azaldı. Qarşıda hələ manatın növbəti dəyərsizləşməsi və qiymətlərin artması gözlənilir.
Ölkə müstəqillikdən sonra ilk dəfədir ki, bu cür ağır iqtisadi böhrana girir. İqtisadçı Toğrul Cuvarlı deyir ki, bizim həmişə bəxtimiz gətirib - 1990-lar və 2000-lərdəki maliyyə böhranları bizdən yan keçib.
Amma bu dəfə yan keçmədi...
Bir çoxlarını bir sual düşündürür: Böhran hansı siyasi dəyişiklər gətirəcək?
Təbii ki, insanların çətin vəziyyətə düşməyi siyasi elementi üzə çıxarmağa başladı. İndi insanlar prezidentin, hökumətin, nazirliklərin, parlamentin çıxardığı qərarları, sərəncamları, qanuna dəyişikləri müzakirə edir, fikir bildirir, bəzən istehza edir, bəzən qəzəblənir.
Siyasətin geri qayıtması

Şəklin mənbəyi, AFP
Siyasət yenidən meydana qayıtdı, amma bu, əvvəlki kimi təşkilatlanmış, ictimai siyasət deyil. Bu çox maraqlı bir siyasi formadır - insanlar kiçik qruplarda (ailə, məhəllə, dostlar) ölkədə baş verənləri, əsasən də manatın devalvasiyası, qiymətlərin artması, böhran və gələcək çətinlikləri müzakirə edirlər.
Bu müzakirələrdə səslənən əsas fikirlərdən biri də neft pullarının (müxtəlif rəqəmlər səslənir, 100-200 milyarddan danışılır) səmərəsiz istifadəsi, "boş-boş şeylərə xərclənməsi", "ölkədən çıxarılması" haqqındadır.
Siyasətin bu pərakəndə şəkli həm son illərdə formalaşmış istehlak cəmiyyətinin, həm də hakimiyyətin sərt siyasətsizləşdirmə strategiyası nəticəsində ərsəyə gəlib.
Siyasət ictimai sahədən çıxarılaraq, insanların şəxsi ixtiyarına verilib. Bu şəraitdə siyasətin yeri və rolu dünyəvi dövlət modelində dinin yeri və roluna bənzəyir: "Din dövlətdən ayrıdır, din ictimai sahəyə yox, fərdi sahəyə aiddir".

Şəklin mənbəyi, Meydan TV
Beləliklə, siyasət ictimai məkandan uzaqlaşdırılır. Televiziyalarda siyasət ilə bağlı xəbər və proqramlar, siyasi partiyalar, mitinqlər, yürüşlər tarixə qovuşur.
Yeni ictimai-siyasi sfera
Lakin bununla yanaşı yeni, qeyri-adi bir ictimai sfera yaranır – bu, sosial şəbəkələrdir. Beləliklə, hazırda yeganə siyasi-ictimai məkan və ya sfera sosial şəbəkələrdir.
Əslində ifadə üzərində müəyyən məhdudiyyətlər - daxili senzura - yaratmaqla dövlət sosial şəbəkələrin mövcudluğunu qəbul etdi və razılaşdı. Çünki əslində sosial şəbəkələrdə siyasət haqqında danışılsa da, bura fiziki məkan deyil, burada fiziki hərəkət (aksiya) yoxdur.
Ancaq rayonlarda etiraz aksiyasına çıxanlar onu Facebook-da təşkil edənlər deyil. Sosial şəbəkələrdən istifadə etməyənlər də fiziki məkanlarda etiraza çıxdı. Ancaq sosial şəbəkələrə girişin az olması və ya olmaması əsas səbəb deyil.
Ən böyük problem kənd və rayonlarda işsizlik və məsuliyyətsizlikdir. Etirazlar daha çox rayon mərkəzlərində baş verir, çünki oralarda daha çox işsiz adam var.
Hakimiyyət üçün ən böyük təhdid fiziki-ictimai məkan üzərində nəzarətin itirilməsidir. Gedərək bu təhdid daha da güclənir və paytaxtdan daha çox əyalətlərdə daha canlıdır. Ancaq etirazların Bakıda da başlaması istisna deyil.
Hakimiyyət iqtidarı bölüşəcəkmi?

Şəklin mənbəyi, Reuters
Çinli siyasət alimi Zhang WeiWei deyir ki, klassik “diktatura və demokratiya” dixotomiyası bugünki reallıqda artıq işləmir, xüsusilə dünyada bir çox pis idarə olunan demokratiyaların və bir çox yaxşı idarə olunan avtoritar hakimiyyətlərin mövcud olduğu şəraitdə. WeiWei deyir ki, bəzi ölkələrdə müasir insan daha çox "yaxşı" və ya "pis" idarəçilik arasında seçir.
Bu baxımdan, manatın kəskin dəyərdən düşməsi pis idarəçilik nümunəsidir və insanlarda ani reaksiya oyatdı. Ölkənin daha səmərəli şəkildə idarə olunma ehtiyacı hər zamankından daha yüksəkdir.
Hökumət bunun fərqindədir, amma vəziyyətin bu qədər qısa müddətdə bu qədər kəskin dəyişəcəyini gözləmirdi.
Bəs siyasi fəalların gözlədiyi kimi, hakim elita siyasi liberallaşmaya gedərək iqtidarı bölüşməyə hazırdırmı?
Görünən odur ki, hələ yox. Böhran demokratikləşməyə aparan yol deyil. İkinci devalvasiyadan bir ay keçməsinə baxmayaraq, siyasi liberallaşma ilə bağlı heç bir addım atılmayıb.
Hakimiyyət indi insanların "yaxşı idarəçilik" çağırışına cavab verməyə çalışır. Bunun üçün demək olar ki, hər gün müxtəlif qərarlar, toplantılar, müşavirələr olur.
Nazirliklər bağlanır, bir-birinə birləşdirilir, artan qiymətlərlə mübarizə aparılır. Amma siyasi rəqiblərə səslənilmir, parlament buraxılmır, yeni seçkilər təyin edilmir.
Hadisələrin hansı şəkildə davam edəcəyini indidən demək asan deyil. Etirazların artacağı görünür və söylənilir. Əsas suallardan biri budur ki, etirazlar sadəcə əyalətdəmi olacaq, yoxsa Bakıya yayılacaqmı? Və etirazlar mütəşəkkil qüvvə ilə idarə ediləcək, yoxsa yenə spontan və pərakəndə olaraq davam edəcək?
Hakimiyyətin hansı yolu tutması bu suallara cavabdan asılı olacaq. İstənilən halda görünən odur ki, hələ ki, söhbət demokratik siyasi dəyişiklərdən getmir.




