Günəşli yatağında itkin düşən neftçinin 10 yaşlı qızı: "Atamı gətir!"

Sahib Şahmarov Günəşli yatağında yanğın zamanı itkin düşüb.
Şəklin alt yazısı, Sahib Şahmarov Günəşli yatağında yanğın zamanı itkin düşüb.
    • Müəllif, Elnarə Məmmədova
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

“10-cu platformaya onu yeni təyin etmişdilər. İlk dəfə idi ora gedirdi, amma heç getmək istəmirdi. Getməmişdən bir neçə gün əvvəl, durduğu yerdə təkrarlayıb deyirdi ki, mən şəhid olacam, mən şəhid olacam”.

“Günəşli” neft yatağının 10-cu platformasında baş verən yanğından sonra itkin düşən neftçi Sahib Şahmarovun dediyi bu sözlərə həyat yoldaşı Könül, əvvəllər biganə yanaşdığını deyir. Amma indi Sahibin bu sözlərlə ona nə isə mesaj ötürmək istədiyini düşünür.

“Həmişə altının yarısında işə gedirdi. İki dəfə getdi, amma vertolyota çata bilmədi deyə, geri evə qayıtdı. Axırda səhər saat 4-dən durub getdi ki, bəs hər dəfə vertolyota çata bilmirəm”, deyə itkinin qaynanası Şahnaz xanım kürəkənini sonuncu dəfə sağ gördüyü an haqqında danışır.

Səsini isə ailəsi sonuncu dəfə 3 dekabrda, telefonda eşidir: “Dekabrın 4-ü danışmadıq. Narahat deyildim, bilirdim ki, özü səhər tezdən durur namazını qılır, yeməyini yeyir, sonra işə başlayır. Həmin gün üstünü vurmadım. 5-i səhər tezdən, bir də gördüm whatsappda qızlardan biri status yazıb ki, bəs 10-cu platformada partlayış olub, yanğın var. Xilasedici qayıqlardan biri tapılıb, amma o birisi dağılıb. Telefon əlimdə duruxdum qaldım”, - deyə Könül məlum hadisədən xəbər tutduğu anı BBC Azərbaycancaya təsvir edir.

Könüllü Qarabağ döyüşündə

42 yaşlı Sahib Şahmarov Qarabağ veteranıdır. Müharibə başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb; ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb. Buna bamayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. "Döyüşdə göstərdiyi şücaətə görə" müxtəlif mükafatlara layiq görülüb.

“Kontuziyası var idi deyə, evliliyimizin il dönümünü xatırlamırdı. Hətta nə mənim, nə uşaqların ad günü yadında qalırdı. Hər dəfə soruşurdu: “Könül, ad günün nə vaxtdır?” Deyirdim ad günüm çoxdan keçib. Hədiyyə də almırdı ki, utanıram. Həddindən çox utancaq idi”, - Könül anları xatırlayarkən üzündə təbəssüm yaranır.

“Müharibə veteranı kimi qonşular arasında çox hörməti var idi. Bu xəbər gələndə qonşular onun üçün məsciddə [uğur və kömək diləmək üçün qılınan] hacət namazı qıldılar. Pis [adam] olsaydı, heç onu etməzdilər”, - itkinin qayınanası Şahnaz xanım deyir.

Gəlib gedənlər

“Bu hadisə baş verəndən rəsmilərdən cəmi bir dəfə Qaradağ rayonunun millət vəkili gəldi, sonra da İcra hakimiyyətindən gəldilər”, - deyir itkinin qaynatası.

“İnsanı saymayanda bir qəribə olur. Burda bu boyda adam yoxa çıxıb. Uşaqları qalıb ortalıqda. Neft idarəsindən bu günə qədər adam görmədik. Vallah biz nə istəyirik. Ya adamın ölüsünü tapsınlar, ya da dirisini, biz də bilək. Bizə onun heç nəyi lazım deyil. Özü gəlsin çıxsın sağ salamat. İki balasına yazığı gəlsin”, - deyə itkinin qayanansı Şahnaz xanım öz incikliyini BBC Azərbaycanca ilə bölüşür.

Sahib Şahmarovun ailəsi hakimiyyətin onlarla maraqlanmamasından şikayətçidir.
Şəklin alt yazısı, Sahib Şahmarovun ailəsi hakimiyyətin onlarla maraqlanmamasından şikayətçidir.

“Hələ də inanmıram ona nə isə olub”, - Könül bizimlə bir saata yaxın davam edən müsahibə boyu gözlərində sevinc və inam hissi ilə danışır, hər vəchlə neqativ olan bütün ehtimalları özündən uzaqlaşdırır.

“Mən naümid deyiləm. Onsuz da bilirəm o, gələcək. Televizorda baxdım ki, onların yanan platformasının yanında bir dənə platforma var. Hələ də düşünürəm ki, bəlkə o ora gedib. Üzməyi çox yaxşı bacarırdı. Özünü qorxudan deyildi. O qədər fərasətlidir. İnanın, o baxımdan mən rahatam”.

Bütün nitqini ancaq pozitiv düşüncə üzərində quran Könül bu günə qədər onun haradasa “sağ salamat” olduğuna inanır: “Başqalarını desələr, mən bu qədər inanmaram. Arxayın olaram ki, hə, artıq onun həyatı bitib. Amma Sahiblə bağlı, fakt bilirəm ki, elə deyil axı. İnanmıram o, orda qala. O qədər özünü panikaya salmayan, o qədər rahat, ehtiyatlı adam idi. Başqa cür mümkün deyil.”

Məsumənin istəyi

10 yaşlı qızı Məsumə və 11 yaşlı Məhəmməd atalarının yolunu gözləyir.
Şəklin alt yazısı, 10 yaşlı qızı Məsumə və 11 yaşlı Məhəmməd atalarının yolunu gözləyir.

“Mən uşaqlardan gizlədirdim ki, bilməsinlər, özlər televizordan oxudular”, Könül 11 yaşlı oğlu Məhəmməd və 10 yaşlı qızı Məsumədən danışır.

“Qızın adını özü qoymuşdu. Qızla yatırdı, qızla dururdu. Qapını da qız açırdı ona. Onunla nəfəs alırdı. Hər işə gedəndə paltarlarını qızı ilə yığırdı. Heç elə bil mən yoxam.”

Ailə ilə söhbət edəndə balaca Məsumə bizi sadəcə kənardan izləyirdi. Anasının dediklərini sakitcə dinləyir, atasının şəklini çəkmək üçün həvəslə onun albomunu tapıb gətirirdi. Özünü nə qədər danışdırmaq istəsək də, müsahibə boyu bir kəlmə də demədi. Ta ki...

Qapıdan çıxırdıq. Ayaqqabımızı geyinib hər kəslə sağollaşanda “Bizə nə isə demək istəyirsənmi, Məsumə?” deyə soruşdum. Cavabı çox qısa oldu: “Atamı gətir”.