Nazirliklə əlaqəli 10 vəzifəli həbs olunub

Şəklin mənbəyi, Getty
Baş Prokurorluq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və onun struktur qurumlarının rəhbərlərinin həbs edildiyini açıqlayıb.
Bu, 12 noyabrda RYTN naziri Əli Abbasovun vəzifəsindən azad edilməsindən sonra baş verir.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov və onun həyat yoldaşının təsisçisi olduğu “3 nömrəli Rabitə Təmir Tikinti” və “Rabitə Mülki Tikinti” MMC-lərinin indiki və əvvəlki direktorları- Emin Məmmədov və Bayram Vəliyev, birliyin baş mühasibi Anar Mustafayev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunaraq həbs olunub.
Bundan başqa, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov və MMC-nin mühasibi Səhrab Hümbətov mənimsəmə və israfetmə (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və vəzifə səlahiyyətlərindən sui-istifadə (əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələrində ittiham edilərək həbs edilib.
Səhram Hümbətov əlavə olaraq vəzifə saxtakarlığında ittiham olunub.
Adları çəkilən vəzifəlilər 21 milyon 379 min manatın mənimsənilməsində şübhəli sayılıb.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 73 milyon 590 min manat pulun "nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etmədə" şübhəli bilinib.
İstintaq müəyyən edib ki, bu qurum və şirkətlərin ayrı-ayrı vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanması məqsədi ilə rollar bölüşdürülməklə büdcə vəsaitlərinin talanması istiqamətində çoxsaylı korrupsiya sxemləri həyata keçirib, Baş Prokurorluq məlumat yayıb.
Bu vəzifəli şəxslər "dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələrin yaxın qohumlarının adına rəsmiləşdirilməklə faktiki özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinin rəsmiləşdirilməsi barədə saxta sənədlərin tərtib olunması, görülən xidmətlərin dəyərinin dəfələrlə şişirdilməsi, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi yolu ilə dövlət əmlakını israf ediblər".
Hazırda Vergilər və Maliyyə nazirliklərinin mütəxəssisləri bu dövlət və özəl müəssisə və şirkətlərin maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edir.




