"İD tərkibində döyüşmüş azərbaycanlı" saxlanılıb

Şəklin mənbəyi, AP
Azərbaycandan Gürcüstana keçmək istəyən "daha əvvəl İslam Dövləti qruplaşması tərkibində döyüşmüş" 25 yaşlı gənc və ona vasitəçilik edən şəxs saxlanılıb.
Dövlət Sərhəd Xidməti bildirib ki, oktyabrın 15-də Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd məntəqəsində sərhədi pozmağa cəhd edən azərbaycanlı saxlanılıb.
Beyləqan sakini 25 yaşlı Babək Şirinovun daha əvvəllər Suriyada İD tərkibində döyüşdüyü bildirilir.
Qurumun məlumatına görə, bu dəfə də gəncin məqsədi "Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İD silahlı birləşmələrinə qoşulmaq olub".
Gənclə yanaşı "sərhəddi keçməkdə vasitəçilik etmiş" Zaqatala sakini Əfqan Şamxalov da saxlanılıb.
Bu il ərzində İD tərkibində döyüşməkdə ittiham edilən ən azı 38 azərbaycanlını saxlayıb, onlardan 19-u barəsində uzun müddətli həbs qərarı çıxarılıb, BBC Monitorinq Azərbaycan mediasında Milli Təhlükəsizlik Nazirliyinə istinadən paylaşılan məlumatlara əsasən bildirir.

