Musabəyov: "Bakı üçün Türkiyənin mövqeyi daha vacibdir"

Millət vəkili Rasim Musabəyovun fikrincə əgər Rusiya təyyarələri Azərbaycanın üzərindən uçubsa, buna "Türkiyənin razılığı olub"
Şəklin alt yazısı, Millət vəkili Rasim Musabəyovun fikrincə əgər Rusiya təyyarələri Azərbaycanın üzərindən uçubsa, buna "Türkiyənin razılığı olub"

Rusiya və Qərb mediasında Suriyaya yollanan Rusiya bombardmançılarının Azərbaycan üzərindən uçub keçdiyi barədə məlumatlar yayılıb.

Bu qəbildən olan xəbərlərə Azərbaycan rəsmiləri tərəfindən reaksiya verilməyib. BBC Azərbaycancanın Müdafiə Nazirliyinə göndərdiyi sorğusuna hələ ki, cavab gəlməyib.

Lakin məsələni BBC Azərbaycancaya şərh edən politoloq və millət vəkili Rasim Musabəyovun qənaətincə, əgər təyyarələr Azərbaycan ərazisi üzərindən uçubsa və Bakı buna icazə veribsə, "demək, Türkiyə tərəfi bu məsələyə etiraz etməyib".

Moskva Suriyada bombalamaq üçün seçdiyi hədəflərə görə Qərbdə tənqid edilir. Rasim Musabəyov belə bir şəraitdə Azərbaycan hava məkanından istifadə olunmasının, Bakının xarici siyasətinə mümkün təsirindən danışıb.

"Belə məsələlərdə Azərbaycan üçün həlledici əhəmiyyətə məhz Türkiyənin mövqeyi malikdir, daha ABŞ və ya Qərbin mövqeyi yox", cənab Musabəyov vurğulayıb.

O həmçinin qeyd edib ki, elə "həmin xəbərlərdə deyilir ki, Rusiya təyyarələri Suriyaya Xəzər dənizi, sonra isə İran və İraq üzərindən keçərək yollanıblar, Xəzər dənizi isə Azərbaycan ərazisi deyil".

Dünya məbuatında Bolqarıstan və Ukraynanın öz hava məkanlarından Rusiya hərbi təyyarələrinin Suriyaya uçmasına icazə vermədikləri barədə xəbərlər də yayılıb.