Avropa Oyunları üçün tikilmiş obyektlərin gələcəyi

Şəklin mənbəyi, AFP

Azərbaycanın bir neçə il hazırlaşdığı Avropa Oyunları iyun ayında başa çatdı.

Ölkə büdcəsindən oyunlar üçün təxmin 5 milyard manat pul ayrıldı. Oyunların keçirilməsi üçün bir neçə idman kompleksi və stadion tikildi, ölkə ərazisindəki digər kompleks və stadionlar əsaslı təmir və ya bərpa edildi.

Təkcə 2014-cü ildə dövlət büdcəsindən, Bakı Olimpiya Stadionunun tikilişi üçün 280 milyon manat, Avropa oyunları parkının tikintisi üçün 150 milyon manat, Bakıda Su İdman sarayının layihələndirilməsi və tikintisi üçün 190 milyon manat, Gimnastika kompleksinin tikintisi üçün təxminən 80 milyon manat vəsait ayrılıb.

<link type="page"><caption> Həmçinin oxu: Avropa Oyunları Azərbaycana neçəyə başa gəlib?</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150625_european_games_budget" platform="highweb"/></link>

Bir çoxları yeni istifadəyə verilmiş və ya təmir edilmiş bu tikililərin hazırda necə istifadə olması ilə maraqlanır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, idman strukturlarının "hamısı fəaliyyətini davam etdirir".

Şəklin mənbəyi, Getty

Nazirliyin sözçüsü Səmayə Məmmədova deyir ki, Gimnastika kompleksində və Bakı Olimpiya stadionunda məşqlər gedir. Su İdman Sarayı və Atçılıq mərkəzi isə həm idmançıların, həm də sadə vətəndaşların üzünə açıqdır.

"Su idman sarayına abunə yazılan vətəndaşlarımız da çoxdur", o bildirir.

Gələcək tədbirlər

Azərbaycan hazırda Dünya Şahmat Olimpiadası və Formula-1 yarışına hazırlaşır. 2017-ci idə isə ölkədə dördüncü İslam Həmrəylik Oyunları keçiriləcək.

Bu ilin aprel ayında nazir Azad Rəhimov İslam Oyunları haqqında danışarkən, büdcənin çox olmayacağını bildirmişdi.

2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi oyunları barədə danışan prezident İlham Əliyev oyunların təşkilat komitəsinə Mehriban Əliyevanın sədrlik edəcəyini bildirib.

O, bunu xanım Əliyevanın həm Eurovision, həm birinci Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat komitələrinə rəhbərlik edərək "tədbirlərin yüksək səviyyədə keçirilməsinə nail olması" ilə əlaqələndirib, rəsmi Azərtac agentliyi xəbər verir.

Mehriban Əliyeva çıxışında qeyd edib ki, oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində yerləşdirilməsi nəzərdə tutulub.

Mehriban Əliyeva təxminən 10 minə yaxın gəncin könüllü kimi Oyunlara cəlb olunacağını və bunun mühüm əhəmiyyət daşıdığını da qeyd edib.

İlk dəfə olaraq Azərbaycanda keçirilən Bakı 2015 Avropa Oyunları 12-28 iyun tarixində Bakıda baş tutub.