Korjik, oxlovla döyülmək, ağ şortik... Oxucularımızın məktəb xatirələri

Sentyabrın 15-dən şagirdlər məktəbə qayıtmağa başlayır. Bir çoxları övladlarını məktəbə yola salacaq.

Ötən həftə oxucularımıza belə bir çağırış etmişdik: "Bəs sizin öz məktəb illərinizdən ən sevimli xatirəniz nədir? İlk məktəb gününü necə xatırlayırsınız?"

Facebook səhifəmizi izləyənlərin çoxu öz xatirələrini paylaşıb:

Raifa Raifa

Raifa Raifa

Şəklin mənbəyi, Raifa Raifa

Şəklin alt yazısı, Raifa Raifa adlı oxucumuzun göndərdiyi foto

Unutmadim. Unutmaram. Səhv etmirəmsə 26 manata ağ, üstü çiyələkli çanta almışdılar mənə və ən sevdiyim karandaşları. 12 rəngli karandaş məni çox xoşbəxt etmişdi.

Heç ağlamadım məktəbdə, ağıayanlara isə təəccüblə baxırdım.

Sinifdə ilk diqqətimi çəkən, divardan asılmış böyük çərçivədə bir çiçək oldu. Elə həmin gün o gülün adını söylətdi bizə müəlliməmiz - LANDIŞ...

Necə xoşbəxt idik. Hamı eyni geyimdə, maddi sıxıntıdan uzaq.

Məktəbin bətbəxindən qırçınlı KORJİK alardıq 10 qəpiyə.

Günlük 20 qəpik cib xərci.

İlk hazırlıq müəllimə Seda Ruşanovna. İbtidai sinif müəlliməm Nadejda Alekseevna.

Aygün Əliyeva

Mən 1-ci sinifə gedən günü dərsdə gülmüşdüm. Müəllimə evimizə gəlib anama dedi ki, sənin qizin bu gün dərsdə gülüb. Anam da oxlovla məni döydü.

Heç yadimdan çıxmır.

Amma mən məktəb illərinə, tələbəlik illərinə qayitmaq istəmirəm. İnanın mənə.

Nuriyyə Ağazadə

Nuriyya Aghazada

Şəklin mənbəyi, Nuriyya Aghazada

Şəklin alt yazısı, Nuriyya Aghazada - "soldan ikinci"

Məktəbimiz beynəlxalq məktəb idi, 1979 cu ildən danışıram. Valideynlərim məni və məndən 1 yaş kiçik olan bacımı məktəbin bölməsinə verdilər ki, bəs rus təhsili alaq (atam rus dili müəllimi idi başqa bir məktəbdə). Elə ilk gün, dərsin ilk saatında, tanışlıq mərasimində, sinifdə şagirdlərin çoxusunun şaxsey-vaxsey deyib ağlaşmaları sədalarında, gözlərimi döyə-döyə bu serimoniyanın nə zaman bitəcəyi həsrətilə bacıma təskinlik verməklə məşğul olduğum zaman, birdən möhkəm bir səs və bu səslə eyni zamanda müşaiyət olunan uzun xəritə çubugu, valideynlərin bizim ruskiy yaziçniy olacağımızla bağlı xəyallarını bir anda məhv etdi.

Necə?

Sinif rəhbəri olacaq erməni qadın müəlliməsinin bağırtısı və çubuğu partanın üzərinə çırparaq 1-ci sinif uşaqlarını bu metodla sakitləşdirməsi hələ o zaman uşaq canlmla qanıma toxunmuşdu. Tutdum bacımın əlindən dedim müəllimə ki: "Bura sizin evinizdi bağırırsınız? Məni öldürsəniz də sizin sinifdə qalmayacam!"

Hələ də yadımdadı adı: Anna Arzumanovna idi. Yekəpər, dolu bədənli, qısa saçlı, kökümlü səsi olan qadın idi. Nə isə, qadın şokda idi. Bacımın əlindən tutub o sinifdən, müəllimənin gözləri önündə o çıxan çıxdım. Valideynlərim bizim məktəbin Azərbaycan bölməsinə keçməyimizi düz 1 həftə sonra bildilər, gizlədirdim.

2-ci hadisə: 5-ci sinifdə məndən riyaziyyat fənnindən sinif işini köçürməyə cəhd edən oğlan sinif yoldaşımın başına müəllimin stolunun üstündəki yazı taxtası üçün olan taxta çubuğunu götürüb uşağın başına vurmağımdır. Maraqlıdır ki, əlaçı olduğum üçün uşağın valideyninə qarşı sinif rəhbərim məni müdafiə etdi.

Təranə Hacıyeva

Təranə Hacıyeva: "Valideynlərimin müəlliməyə gül almaq yadlarından çıxmışdı"

Şəklin mənbəyi, Tarana Hajiyeva

Şəklin alt yazısı, Təranə Hacıyeva: "Valideynlərimin müəlliməyə gül almaq yadlarından çıxmışdı"

Valideynlərimin müəlliməyə gül almaq yadlarından çıxmışdı. Birinci dərsə hər kəs öz gül buketini partasının üstünə qoyub oturması, mənim isə buketimin olmaması, bundan çox pis olmağım yadımda qalıb :)

Amma məktəb illəri çox gözəldi, həyat tamam başqa, sadə sevimli insanlar...

Elman Həsənli

Mən 1-ci sinifə Bakı 18 saylı məktəbə getnişəm. İlk dərs günü hamı ağlayır, mənsə onlara maraqla baxırdım. Atamın mənə "Bonaqua" almağı da yadımdadır :)

Gürdəxanı 113 saylı məktəbdə bir müəllimin həmişə səhvini tutardım. Axırda müəllim işdən çıxmalı oldu.

Leprekont Difertino

Mən birinci sinifə gedəndə pioner şortiki geyinmişdim. Ağ şortik.

Həm də sinifdə ağlayan uşaqları necə döyəcəyimin planlarını cızırdım. Çünki onlara baxıb mən də ağlamaq istəyirdim.

Raifa Raifa

Şəklin mənbəyi, Raifa Raifa

Günel Babayeva

Mən bacımla bir sinifdə oxumuşam. Birinci sinfə 1998-ci ildə getmişik. İndiyə qədər yadımdadı. Bacımla eyni partada əyləşmişdik.

İkinci dərsdən sonra bacım başını dizlərimin üstünə qoyub yatdı (mənim 6, onun 5 yaşı var idi). Yuxusu gelirdi.