BEAST dizayneri Samir Sadıxov: "Arzular reallaşır"

Şəklin mənbəyi, Samir Sadixov

Azərbaycanlı gənc avtomobil dizayneri Samir Sadıxovun əməkdaşlıq etdiyi Revzani Motors şirkəti üçün dizayn etdiyi BEAST super avtomobili təqdim edilib.

"Özün dizayn etdiyin maşını sürmək inanılmazdır. Arzular reallaşır...", bu barədə ilk məlumatı dizayner Facebook profilində paylaşıb.

Samir Sadıxov BBC Azərbaycancaya deyib ki, təxminən 6 ay ərzində dizayn üzərində işləyib.

Dizayner deyir ki, indiyə qədər bu avtomobildən cəmi ikisi hazırdır, qalan ikisi isə hazırlanma mərhələsindədir.

BEAST super avtomobilləri ABŞ-da eksklüziv olaraq istəyə görə 12 həftə ərzində əllə yığılır.

Qiyməti təxminən 150 min dollar olan bu avtomobillər dünyanın hər bir ölkəsinə, o cümlədən Azərbaycana da ixrac edilə bilər.

Samir Sadıxov bundan öncə, məhşur və dəbdəbəli Lamborghini avtomobil şirkətində dizayner kimi çalışıb.

O İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb. Daha sonra Azərbaycanda avtodizayn kursları təşkil edib.