Leriklilərin işsizlik dərdləri: “Pul olmayan yerdə necə yaşamaq olar?"

Talış silsilə dağlarında yerləşən Lerik rayonuna yalnız yeganə Lənkəran-Lerik magistral yolu ilə getmək mümkündür

Şəklin mənbəyi, Aziz Kerimov

Şəklin alt yazısı, Talış silsilə dağlarında yerləşən Lerik rayonuna yalnız yeganə Lənkəran-Lerik magistral yolu ilə getmək mümkündür
    • Müəllif, Xanım Cavadova
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Talış silsilə dağlarında yerləşən Lerikin mərkəzinə dağlar boyunca burula-burula yeganə Lənkəran-Lerik yolu ilə mikroavtobus və şəxsi avtomobillərlə getmək mümkündür.

Rayona gedən bu avtomobil yolu boyunca təxminən 10-a yaxın istirahət mərkəzləri fəaliyyət göstərir. Bir tərəfi dağ, bir tərəfi yoxuş olan yollar ucu-bucağı bilinməyən yaşıllıq - meşə görüntüsünü seyr etməyə imkan verir. Lakin yol barədə eyni şeyi demək olmur.

Danışdığımız sürücülər və Lerik sakinləri yollardan şikayətlənir. Onların sözlərinə görə, tez-tez baş verən təbii sürüşmələr asfaltı yararsız hala salır.

Sakinlərin sözləri ilə razılaşan rayon İcra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov da deyir ki, yeganə Lerik-Lənkəran magistral yolu "bərbad gündədir".

"2005-ci ildə cənab prezidentin sərəncamı ilə ayrılmış vəsaitlə 56 km-lik yol bərpa olunub. Amma indi yenə istifadəsiz haldadır. 30 dəqiqəlik yolu 1 saat yarıma gələ bilirik. Ötən il də Nəqliyyat nazirliyi yolda iş apardı. Amma görülən iş keyfiyyətsiz olduğuna görə yol problemi həll olunmadı", o deyir.

İcra başçısının müavini yeni Lerik-Masallı, Lerik-Yardımlı yollarının salınması üçün müvafiq qurumlara müraciət etdiklərini də bildirir.

"Lerik- Masallı 41 km, Lerik-Yardımlı isə 39 km-dir. Bu yollar salınsa, bizim Bakı və digər rayonlara yolumuz qısalacaq. Prezident 2013-cü ildə Noda-Şingədulan-Xanagah avtomobil yolunun asfaltlaşdırılması üçün sərəncam imzalayıb. Artıq yolun 18 kilometri hazırdır. Həmin yoldan Masalı-Yardımlı magistral yoluna qədər 9 km məsafə var. O da asfaltlaşdırılsa, problemimiz həll olar", cənab Məlikov deyir.

Köhnə maşınlar və odun qalaqları

Bu yollarda maşın sürmək nə qədər narahat olsa da, sürücülər bu bir saatlıq yolu Lənkərandan Lerikə adambaşı 4-10 manata gətirib-aparır.

Bəzi ailələr deyir ki, imkansızlıqdan qaz pulunu ödəyə bilməyəndə odun yandırmalı olurlar
Şəklin alt yazısı, Bəzi ailələr deyir ki, imkansızlıqdan qaz pulunu ödəyə bilməyəndə odun yandırmalı olurlar

Lakin sürücülər deyir ki, onların Lerik səyahəti çox vaxt mərkəzə qədər davam etmir, çünki adətən turistlər mərkəzə qədər salınmış istirahət mərkəzlərinin birində qalmağı seçir.

İstirahət mərkəzlərində orta qiymət 20-80 manat olsa da, burada həftə sonları yer tapmaq qeyri-mümkündür. Lakin rayonun icra hakimiyyəti nümayəndələri yer sirafiş verdikdə, boş yerlərin qaldığı məlum olur.

Həmçinin, Lerikin mərkəzində qalmaq üçün 15-50 manat civarında gündəlik evlər tapmaq mümkündür.

Mərkəzdə ən azı iki şadlıq sarayı gözə dəysə də, turistlər üçün 1-2 kafe və ya yeməkxana mövcuddur. Lakin nə gündəlik evlərdə, nə də bu kafelərdə xidmət səviyyəsi qənaətbəxşdir, yəni səliqəlilik hiss olunmur.

Lerik rayonunda evlər dağlarda yerləşdiyindən sakinlər hər gün adətən piyada üzü dağa doğru çıxıb-düşürlər.

Rayonda gəzdiyimiz ailələrin bəzilərinin həyətində avtomobil var idi, lakin onların əksəriyyəti Rusiya və eks-Sovet istehsalı köhnə maşınlar idi, tək-tük xarici maşın gözə dəyirdi.

Sakinlərin çoxu işıq, su və qaz kimi problemləri olmadığını desə də, bəzi həyətlərdə odun qalaqları tədarük edilmişdi. Bəzi ailələr deyir ki, imkansızlıqdan qaz pulunu ödəyə bilməyəndə odun yandırmalı olurlar.

Cavanlar işsizlikdən Leriki tərk edir

İşsizliyi əsas problem kimi göstərən sakinlərin çoxu həftəlik təndir çörəyi bişirir, nehrə yağı çalxalayır və ən əsası hər günü sübh vaxtı dəmlənən samovar çayı ilə başlayır və günün davamını həyət-bacada işləməklə keçirirlər.

Şənlik Məmmədov imkansızlıq və iş tapmaq ümidilə Lerikin dağ kəndindən mərkəzinə köçüb, amma 6 ildir ki işsizdir.

Şəklin mənbəyi, Aziz Kerimov

Şəklin alt yazısı, Şənlik Məmmədov imkansızlıq və iş tapmaq ümidilə Lerikin dağ kəndindən mərkəzinə köçüb, amma 6 ildir ki işsizdir.

Belə sakinlərdən biri, imkansızlıq və iş tapmaq ümidilə Lerikin dağ kəndindən mərkəzinə köçən Şənlik Məmmədov Leriklə İran arasında sərhədin açılmasını arzu edir.

“O qədər yolu Astaraya gedirik də. Bizim tərəfdə də sərhəd açılsa, lap yaxşı olar, bilərik ki, camaatın vəziyyəti yaxşılaşır”.

“Pul olmayan yerdə necə yaşamaq olar? İş istəyirəm verən yoxdur, dəfələrlə müraciət etmişəm, iş verən yoxdur”, kompüter və aparatlar ixtisası üzrə peşə məktəbini bitirən cənab Məmmədov bildirib.

Bununla belə, Məmmədov İranı iş bazarı qəbul etmir və deyir ki, ora yalnız gəzmək və tibbi müayinə üçün gedir.

İllər öncə atasının işinin qapadılması səbəbilə Bakıya köçən Emil Səfərov tez-tez Lerikə istirahətə gəlir.

“Mən, əslində, şəhər həyatındansa, kənd həyatını seçərdim. Amma burada elə bir iş şəraiti yoxdur”, Bakıda böyüyən və işləyən Səfərov deyir.

“Cavanlar elə işsizlikdən bu gözəl diyarı tərk edib”, Səfərovun adının çəkilməsini istəməyən anası əlavə edib.

Lerik Rayon İcra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov BBC Azərbaycancaya bildirib ki, işsizlik təkçə Lerik rayonunda deyil, bütün respublikada var.

"Lerik rayonunda 32 min nəfər iş qabiliyyətli sakin yaşayır və regionların sosial iqtisadi inkişafı dövlət proqramı qəbul edildikdən sonra, burda 10 mindən çox iş yeri açılıb".

Cənab Məlikov əlavə edir ki, açılan iş yerlərinin 40 faizi daimidir.

"Burada 12 turizm obyekti yaradılıb, broyler fabrikində 200, yeni tikilən kərpic emalatxanasında isə 70 vətəndaş işlə təmin edilib. Hazırda tikilən su emalatxanasında isə 60 nəfər işləyə biləcək", şöbə müdiri qeyd edib.

Rəsminin sözlərinə görə, rayonda orta aylıq əmək haqqı 289 manatdır.

Evlər dağlarda yerləşdiyindən sakinlər hər gün adətən piyada üzü dağa doğru çıxıb-düşürlər
Şəklin alt yazısı, Evlər dağlarda yerləşdiyindən sakinlər hər gün adətən piyada üzü dağa doğru çıxıb-düşürlər

Cənab Məlikov deyir ki, əhalinin demək olar ki, hamısına pay topraqları verilib. Amma insanlar "əkin-biçinə meyilli deyillər".

"Kənd təsərrüfatı üçün texnikamız da azdır. Buna görə bir çox ailələr Bakı və digər rayonlara köç edirlər".

"Kadr yoxdur"

Səfərovlar ailəsinin sözlərinə görə, leriklilər İrana yalnız tibbi müayinə üçün gedir.

“Əksər camaat İrana gedir, düzdür xəstəxanada hər şey var, aparatlar təmin olunub, amma ki, kadr yoxdur. Köhnələr ölüb gedib, cavanlar da gəlmirlər”.

BBC Azərbaycancanın danışdığı Astara sakinlərindən fərqli olaraq, Lerikin mərkəzində yaşayanlar bazarlıq üçün İrana getmir.

Onların sözlərinə görə, İrana getmək üçün Lerikdən Astara gömrük məntəqəsinə getmək lazımdır, bu isə “30-40 manata başa gəlir”.

"Bəzi sərhəd kəndləri, Zuvənd dağlarında yaşayanlar tez-tez gedib gəlir, biz yox", adını bildirməyən Lerik sakini bildirib.