AZAL qiymətləri ucuzlaşdırır, əvəzində məhdudiyyətlər tətbiq edir

Şəklin mənbəyi, Gunel Sefer
- Müəllif, Günel Səfər
- Vəzifə, BBC Azərbaycanca, Bakı
"Azərbaycan Hava Yolları (AZAL) şirkətinin Moskva, İstanbul, Dubay və Antalyaya aşağı büdcəli sərnişindaşıma xidmətini yaratması, bu istiqamətlərin daha populyar olması ilə əlaqəlidir", bunu AZAL-ın vitse-prezidenti Arif Məmmədov deyib.
AZAL-ın yaydığı məlumata görə, Bakı-Antalya-Bakı, Bakı-İstanbul-Bakı, Bakı-Moskva-Bakı və Bakı-Dubay-Bakı istiqamətləri üzrə aşağı büdcəli uçuşlar təşkil edilib. Bir gedişin qiyməti 99 avrodur. Bu təxminən 113.84 manat edir.
Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək.
Digər bütün istiqamətlər üzrə isə ekonom-klass tarifində yerlərin 30 faizinə 20 faiz endirim tətbiq ediləcək.
Ucuz, amma...
Arif Məmmədov deyib ki, aşağı büdcəli uçuşların avro ilə hesablanması AZAL-ın 2006-cı ildən Avrozonaya daxil edilməsi ilə bağlıdır.
Onun sözlərinə görə, bu miqdardan daha aşağı biletlər olarsa, bu aviaşirkətin çəkdiyi xərclərin ödənilməməsinə gətirib çıxaracaq.
"Bu uçuşlar yalnız 2 saat yarım gəliş və 2 saat gediş olan istiqamətlər üçündür. Əgər "Embraer"-in sərnişinləri 100 nəfərdən az olarsa, bizim xərcimiz yenə qarşılanmır. Amma bu xətti açmalı idik, çünki tələbat çoxdur", deyən cənab Məmmədov bu tipli uçuşların Avropaya olan istiqamətlərə tətbiq edilməsi üçün hava gəmilərinin olmadığını da bildirib.
AZAL sərnişin aviaşirkətinin direktoru Eldar Hacıyev aşağı büdcəli uçuşların şərtlərini açıqlayıb. Onun sözlərinə görə, bu uçuşlarda qidalanma nəzərdə tutulmayıb.
Uçuşlardan istifadə edən sərnişinlər yalnız 5 kq ağırlığında və müəyyən ölçülərə sahib əl yükü götürə biləcəklər.
23 kiloqrama qədər olan hər baqaj üçün isə əlavə 50 manat ödənilməlidir. Türkiyədən Bakıya uçan sərnişinlər baqaj üçün 50 dollar ödəməlidirlər.
"Məsləhət deyil"
İstanbul tarifləri avqustun 1-dən ən aşağı tariş gediş dönüş 238 avro, ən bahalı tarif 468 avrodur. Köhnə qiymətlər isə uyğun olaraq 274 və 504 avro idi. Bütovlükdə ən bahalı biletlərdə belə bəlli bir qiymət fərqi var.
Eldar Hacıyevin sözlərinə görə, aşağı büdcəli uçuşlardan istifadə etmək yükü olmayan sərnişinlərə sərf edəcək.
Ekonom-klass tarifində yerlərin 30 faizinə olan 20 faiz endirimdən də danışan direktor bu uçuşlardan istifadə etməyi "o qədər də məsləhət görməyib".
"Bu ucuz biletlərin geri qaytarma, tarixi dəyişmə problemləri olacaq. Daha yüksək qiymətli biletlərdə isə belə problemlər yoxdur".
Aşağı büdcəli uçuşlarda istifadə ediləcək "Embraer"-lər isə 2013-cü ildə alınıb və Naxçıvan -Bakı istiqamətində istifadə olunub. Hazırda Naxçıvan xəttinə başqa təyyarələr ayrılıb.

Şəklin mənbəyi, Gunel Sefer
WizzAir və Pegasus
Azərbaycanda fəaliyyət göstərməyən ucuz hava şirkətləri haqqında da danışan Arif Məmmədov, WizzAir və Pegasus aviaşirkətlərinə heç bir qadağanın olmadığını deyir.
Onun sözlərinə görə, WizzAir aldığı xidmətlərin qiymətini ödəmək istəməyib.
"Heydər Əliyev Hava limanında WizzAir-ə tətbiq edilən güzəştlər heç kəsə tətbiq olunmayıb. Biz onlara iki dövlət arasında saziş olmadan belə uçuş izni vermişik. Saziş yalnız 2013-cü ildə Macarsıtanda imzalanıb. WizzAir qış mövsümündə uçuşlar həyata keçirmək istəmir və yalnız yay mövsümündə uçuşlar təşkil edir. Amma biz onlara uçuşların ilboyu həyata keçirilməsi tələbi qoymuşuq" deyən vitse-prezident şirkətlə dələ də danışıqların aparıldığını deyir.
"Ən son bir həftə bundan əvvəl, onlara məktub ünvanlayaraq, uçuşlara başlamaq istəyirlərsə və qışda uçuş həyata keçirəcəklərsə onları 3 illik qəbul etməyə və müqaviləyə bağlamağa hazır olduğumuzu bildirmişik. Cavab gözləyirik", o deyib.
Ucuz uçuşlar təşkil edən Pegasus-a gəlincə isə Aif Məmmədov, AZAL-ın türk aviaşirkəti ilə əvvəllər işlədiyini deyir.
"Pegasusla AZAL-ın razılığına görə, əvvəllər biz sərnişinləri Səbiha Gökçən hava limanına daşıyırdıq, onlar Avropaya. Sonuncu dəfə 2014-cü ilin noyabr ayında Türkiyənin Mülki Avasiya Adminstrasiyasının rəhbərliyi ilə danışıqlar aparanda həftədə Bakıya 35 uçuş sayına icazə verildi. Türkiyə tərəfi 35 uçuşun hamısını Türk Hava Yollarına verib. Yəni Pegasusun bu gün bura gəlməməsi, Türkiyə tərfindən qərarlaşdırılıb", o deyib.
AZAL-ın biletlərə endirimlər etməsi barədə qərar iyulun 13-də prezident İlham Əliyevin aviabiletlərin qiymətinin bahalığı barədə <link type="page"><caption> tənqidlərindən</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150714_media_review_14_07" platform="highweb"/></link> sonra verilib.
Şirkət rəhbərliyi iyulun 21-də keçirdiyi iclasda uçuş tariflərinə endirimlər edilməsi barədə qərar verib.
Digər istiqamətlər üzrə uçuşlar sentyabr və oktyabr aylarından başlayacaq.
Sentyabrdan Bakı-İstanbul-Bakı istiqamətində hər gün keçiriləcək uçuşlara, oktyabrdan isə Bakı-Moskva-Bakı (hər gün 2 uçuş) və Bakı-Dubay-Bakı (hər gün 1 uçuş) istiqamətlərində uçuşlara endirimlər tətbiq ediləcək.
"Bakı-Moskva-Bakı reysi üzrə hər gün 4 reys olacaq, sərnişinlər iki dəfə aşağı büdcəli reyslə, iki dəfə standart reyslə uça biləcəklər", bunu isə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.




