Leyla və Arif Yunusun məhkəməsi keçirilib

leyla

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Vəkil Elçin Qəmbərov Leyla və Arif Yunusun səhhətində ciddi problemlərin də olduğunu deyir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun məhkəməsinin hazırlıq iclası iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlanıb.

Vəkil Elçin Qəmbərov məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinin heç birinin təmin edilmədiyini deyir.

"Vəsatətlər həbs qəti imkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi, müttəhimlərin vəkillərlə bir yerdə oturması, şahidlərin ifadələrinin ittihamdan çıxarılması ilə bağlı idi. Bunların heç biri təmin edilmədiyi üçün bizdə belə bir fikir yarandı ki, məhkəmənin obyektiv gedişatına ümid yoxdur," vəkil BBC Azərbaycancaya bildirib.

Cənab Qəmbərov Leyla və Arif Yunusun səhhətində ciddi problemlərin də olduğunu deyir.

"Leyla xanımın qaraciyərində parçalanma, gözlərində zəifləmə var. O, Hepatit C-dən əziyyət çəkir. Arif bəydə ürək damar çatışmazlığı var. Səhhətləri yaxşı deyil, hər an ölüm baş verə bilər", vəkil bildirir.

Növbəti məhkəmə prosesi ayın 27-nə təyin edilib.

Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.