Avropa Məhkəməsi Xalid Bağırovun şikayətini "nəzərdən keçirir"

khalid_bagirov

Şəklin mənbəyi, Azadliq Radiosu

Şəklin alt yazısı, Məhkəmənin qərarını ədalətsiz hesab edən Xalid Bağırov appelyasiya şikayəti verəcəyini deyir

Avropa İnsan Hüquqları Məhkəməsi vəkil Xalid Bağırovun vəkillik fəaliyyətindən uzaqlaşdırılması ilə bağlı şikayəti üzrə "kommunikasiyaya başlayıb", vəkil deyir.

Onun sözlərinə görə, o, Avropa İnsan Hüquqları Məhkəməsinə mart ayında müraciət edib.

REAL-ın idarə heyətinin üzvü Xalid Bağırovun vəkilliyinə <link type="page"><caption> dekabr ayında xitam verildikdən sonra</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/12/141210_khalid_baghirov_debarred" platform="highweb"/></link>, bir neçə gün öncə məhkəmə qərarı ilə Vəkillər kollegiyasından uzaqlaşdırılıb.

Qərar iyulun 10-da Nizami rayon Məhkəməsində Vəkillər Kollegiyasının iddiası əsasında çıxarılıb.

Şəki Məhkəməsi

Xalid Bağırov, baş verənləri ötən ilin avqust ayında Şəki Apellyasiya Məhkəməsindəki çıxışı ilə əlaqəli olduğunu iddia edir. O bildirir ki, məhkəməyə verilməsinə İlqar Məmmədovun vəkili olaraq məhkəmə zalında Azərbaycanın məhkəmə sistemi haqqında dedikləri səbəb olub.

Vəkillər Kollegiyası Rəyasət Heyəti sədri Azər Tağıyev bu barədə şərh verə bilməyəcəyini deyib.

“Məhkəmədə dediyim "Azərbaycanda ədalət mühakiməsi olsaydı birinci instansiya məhkəməsinin hakimi belə ədalətsiz və qərəzli hökm çıxarmazdı və hakim işləməzdi" cümləsinə görə hesab etdilər ki, mən məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətimişəm və dövlətçiliyə qarşı çıxış etmişəm", Xalid Bağırov deyir.

Onun sözlərinə görə, bu çıxışdan sonra Vəkillər Kollegiyası cənab Bağırovun vəkilliyinə xitam verib və o, məhkəməyə verilib.

Məhkəmənin qərarını ədalətsiz və qanunsuz hesab edən Xalid Bağırov qərarı aldığı gün appelyasiya şikayəti verəcəyini də deyir.

Bundan sonra aktiv fəaliyyətinə son qoymayacağını bildirən cənab Bağırov hüquq müdafiə sahəsində çalışacağını deyir. O, həmçinin Avropa məhkəməsində işlərin aparılması və siyasi fəaliyyətini davam etdirəcəyini bildirir.

Xalid Bağırov Leyla və Arif Yunusların, İntiqam Əliyev, İlqar Məmmədov, Yadigar Sadıqlı, Xədicə İsmayılova və bəzi NİDA-çı gənclərin vəkili olub.