Azərbaycanda kənd təsərrüfatının sığortalanması niyə geniş yayılmayıb?

Şəklin mənbəyi, Gunel Sefer
Fermer olmaq hava şəraitindən asılı olmaq deməkdir. Möhkəm leysan və ya dolu yağıntısı, və ya qızmar havanın yaratdığı quraqlıq səbəbindən əziyyətlə əkdiyi sahədən məhsul götürə bilməyən onlarla fermer var.
Əsas çıxış yollarından biri təsərrüfatın sığortalanmasıdır ki, ölkə fermerləri arasında bu geniş yayılmayıb.
Fermerlərin dediklərinə görə, səbəb sadəcə məlumatsızlıqdır. Heç kim onlara belə bir çıxış yolunun olduğunu deməyib.
Hökumət rəsmisi isə deyir ki, bu sahədə irəliləyiş gözlənilir.
Sığortadan xəbərsiz

Şəklin mənbəyi, Gunel Sefer
Bütün ömrünü kənd təsərrüfatına sərf etmiş Arif Mehdiyev də sığortadan xəbərsiz olduğunu deyən fermerlərdəndir. Bərdə rayonunun Qarayusifli kəndində yaşayan fermerin 5 hektar şəxsi ərazisi və 22 baş iri buynuzlu heyvanı var.
O nə ərazisinin, nə də mal-qarasının sığortalı olduğunu deyir. Arif bəy, bu cür sığortanın mövcudluğu haqqında ilk dəfə eşitdiyini də bildirir.
“Bu sahə riskli sahədir, amma sığorta haqqında təklif olsa düşünmədən edərdim”, o deyir.
Onun qardaşı Adil Mehdiyev də bu deyilənləri təsdiqləyir. Onun sözlərinə görə, dəfələrlə əkdiyi məhsul ziyan olub və bu onun büdcəsinə mənfi təsir göstərib.
Adil bəyin ümumi sahəsi 24 hektar olan öz şəxsi, pay, icarə və bələdiyyə torpaqları var. O, ərazinin yeddi hektarında soğan, səkkiz hektarında arpa, doqquz hektarında isə yonca əkdiyini deyir. Təxminən 195 dənə doğar qoyunum, 50-55 baş kökəltmə iri buynuzlu heyvana sahibdir. O da sığortlanamağa müsbət baxır.
Əliyeva Sədqaət isə tərəvəzçiliklə məşğuldur. O parnik üsulu xiyar və bibər yetişdirir. Sığortalanmaq haqqında heç vaxt eşitmədiyini deyir.

Şəklin mənbəyi, Gunel Sefer
Mollaəhmədli kənd sakini Rəhimov Nizami qoyunçuluqla məşğuldur. Həmçinin əkin sahələri də var. O, bu cür sığortalanmağın mümkünlüyündən xəbərdar olsa da, təsərrüfatını sığortalamadığını deyir.
Riskli sahə
Kənd təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə ölkədə kənd təsərrüfatına dövlət dəstəyinin olduğunu düşünür. Onun sözlərinə görə, 2002-ci ildə qəbul olunmuş kənd təsərrüfatının sığortalaşdırılmasının stimullaşdırılması haqqında qanun var.
Qanuna əsasən stimullaşdırılmağa maliyyə yardımı ayrılması və ödənilməsi qaydalarını 2004-cü ildə Nazirlər Kabineti təsdiqləyib.
“Qaydalara əsasən sığorta müqaviləsi üzrə fermerlərin xərclərinin 50 faizi dövlət tərəfindən ödənilir. Hər il bura böyük məbləğdə vəsait ayrılmağına baxmayaraq, bu vəsaitdən 50-100 min manatı istifadə edilir. Bu da onu göstərir ki, fermerlərin sığorta barəsində maariflənməsi azdır. Ümumiyyətlə, sığorta bazarının maliyyə bazarı kimi inkişafı tam arzuolunan səviyyədə deyil”, o deyir.
Firdovsi Fikrətzadə sahə riskli olduğu üçün sığorta şirkətlərinin maraqlı olmadığını deyir. Onun sözlərinə görə, sığortanın stimullaşdırılması üçün yeni qanun lahiyəsi hazırlanır.
“Yeni qanunda dünya təcrübəsinə uyğun olaraq kənd təsərrüfatının sığorta fondunun yaradılması nəzərdə tutulur. Bu da sığorta şikətlərinin riskini azaldır və onları bu sahədə maraqlı edir”.

Şəklin mənbəyi, Gunel Sefer
İqtisad elmləri doktoru Əli Əlirzayev ümumi sığorta sahəsinin inkişaf etdirilməli olduğunu deyir. Onun sözlərinə görə, bu proses iqtisadi inkişafdan, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından asılıdır.
"Kənd təsərrüfatının sığortalanması həm risklidir, həm də çox xərcləri var. Elə fermerlərin sığortaya müraciət etməməsinin səbəblərindən biri də bu xərclər ola bilər", o deyir.
Maraqsız şirkətlər
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov Azərbaycanda kənd təsərrüfatı sığortasının digər sığorta növlərinə nisbətdə geridə qalmasının birbaşa sığorta bazarının subyektləri ilə bağlı odluğunu deyir.
Onun sözlərinə görə, ilkin növbədə sığorta şirkətləri bu sahəyə meyl göstərmir.
"Sığorta şirkətlərinin bu növə həvəs götərməməsinin əsas səbəbi bu növün daha çox riskli olmasıdır. Həm də risklərin bölüşdürülməsi mexanizmi olan təkrarsığorta xidmətləri bu sahədə baha başa gəlir. Beynəlxalq təkrarsığorta şirkətləri Azərbaycanın kənd təsərrüfatı sığortası bazarının böyük olmaması və bu bazarın onlara məlum olmaması səbəbindən bu sahəyə az diqqət göstərirlər. Hazırda kənd təsərrüfatı sığortasının tətbiqi ilə bağlı alətlər və mexanizmlərin mövcud olmaması inkişafı ləngidir", o deyir.

Şəklin mənbəyi, Gunel Sefer
Namiq Xəlilov onu da deyir ki, bu sahəyə dövlətin diqqəti var. Onun sözlərinə görə, kənd təsərrüfatı sığortası ilə bağlı mövcud beynəlxalq təcrübənin öyərnilməsi istiqamətində bir sıra addımlar atılır.
"Bu addımlardan biri də kənd təsərrüfatı sığortasının dövlət dəstəyi vasitəsilə stimullaşdırılmasının nəzərdə tutan qanun layihəsinin hazırlanmasıdır. Həmin qanun qüvvəyə mindikdən sonra bu sahədə əhəmiyyətli irəlləyiş gözlənilir", o əlavə edir.




