Banka kredit borcları ilə bağlı bəzi suallarınıza cavablar

Şəklin mənbəyi, Getty

Manatla götürülən kreditin dollarla qaytarılması tələbi, maaş kartlarının dondurulması, qrup kreditlərinin yaratdığı problemlər...

Bunlar əhalinin bank borcları ilə bağlı yazılarımızdan sonra bizə ünvanlanan məktublarda oxucularımızın şikayətləndiyi məsələlərin bir qismidir.

BBC Azərbaycanca bu suallardan bəzilərinə cavab axtarmağa çalışıb:

Həmçinin oxuyun:

  • <link type="page"><caption> Banklar maaşlara “məhkəməsiz əl qoyur”</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150703_azerbaijan_bank_dept.shtml" platform="highweb"/></link>
  • <link type="page"><caption> Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150701_bank_dept.shtml" platform="highweb"/></link>

"Kreditimi Dəmirbankdan manatla götürmüşəm. Amma bank geri ödənişi dollarla həyata keçirməyimi istəyir. Ödəməsəm, məhkəməyə verəcəklərini deyiblər", bunu oxucumuz Aygün Əliyeva yazır. O, manatla götürdüyü krediti niyə başqa məzənnədə qaytarmalı olduğunu soruşur.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, bu tələb qanunsuzdur. Müqavilədə hansı məzənnə göstərilibsə, ödəniş də onunla olmalıdır.

"Amma burda bir məsələ var. Bank dollarla ödənişi yalnız o zaman tələb edə bilər ki, kredit müqaviləsində dollar yazılsın.Yəni məsələn müştəri 10 min manat istəyib. Amma bank müqaviləni dollarla hazırlayıb və məbləği ona konvertasiya edərək verib. Müştəri isə müqaviləyə qol çəkib. Yəni bank müştərini aldadıb. Amma müştəri məhkəməyə müraciət edə bilər və aldadıldığını deyə bilər. Müştəri haqlılığını çox rahat sübüt edə bilər. O deyə bilər ki, əgər mənən pul dollarla lazım idisə, niyə manatla çıxarmışam?!"

Məsələ ilə bağlı Dəmirbank BBC Azərbaycancaya bu açıqlamanı verib:

"Bank və müştəri arasındakı kredit öhdəlikləri ilə bağlı münasibətlər onlar arasında bağlanmış kredit müqaviləsi ilə tənzimlənir. Müqavilə üzrə kredit hansı valyutada verilibsə, həmin valyutada da ödəniş qəbul olunmalıdır. Yəni müqavilə manatla bağlanıbsa, ödənişlər də manatla qəbul olunmur. Bizim müştəri xidməti sahələrində müqavilədə göstərilmiş valyutadan kənar valyutada ödənişin tələb olunması halı müşahidə olunmayıb və bu texniki olaraq da mümkünsüzdür".

Şəklin mənbəyi, Getty

"Anam Kapital Bankın Beyləqan filialından kredit götürən müəllimə yoldaşına zamin durub. Əmək haqları Kapital Bankın plastik kartları vasitəsilə verilir. Kredit götürən əmək haqqısının azalması səbəbi ilə krediti 10 aydır ödəmir. 3 aydır heç bir məhkəmə qərarı olmadan, iş məhkəməyə verilmədən anamın əmək haqqı kartı bloklaşdırılıb əmək haqqı almır", Emil Soltanzadə yazır.

"Kapital bankdan kredit götürmüşdük, indi isə başqa banka da borcumuz var. Amma Kapital bank əşmək haqqı kartımızdan pul tutur deyə, digər banka ödəniş edə bilmirik. Borc, sələm yığışıb boğaza. Bank isə möhlət vermir", Elnurə adlı oxucu yazır.

Hüquqşünas Fariz Namazlı deyir ki, məhkəmə qərarı olmadan əmək haqqı kartlarından pul tutmaq və ya kartları bloklaşdırmaq qanunsuzdur. Müqavilədə bu barədə maddə varsa, müştəri məhkəməyə müraciət etməlidir.

"Bankla müqavilə bağlananda şərtlər hər iki tərəfin razılığı əsasında qoyulmalıdır. Bank kredit verən təşkilatdır deyə onu heç kim məcbur edə bilməz ki, vətəndaşa kredit versin. Vətəndaşın da pula ehtiyacı varsa, bankın bütün şərtlərinə könülsüz olsa da razılaşır. Bank özünə sərf edən müddəaları müqaviləyə daxil edir. Yəni vətəndaş bankdan asılı olur".

Əkrəm Həsənov deyir ki, kartdan tutulmalar müqavilələrdə qeyd edilir və müştərilər hər zaman müqaviləni oxumalıdırlar.

Kapital bankdan bu barədə şərh almaq mümkün olmayıb.

"Nikoyl bankın Bərdə filialından qrupla (8 nəfər) kredit götürdük, mən üstümə düşən məbləği vaxtında ödədim. Amma qrupun briqadiri pulu ödəməyib. Ona görə, mənim maaşımından hər ay 81 manat tutulur. Bununla bağlı kimə müraciət etməliyəm?", Arzu Maharramova deyir.

Əkrəm Həsənov qrup kreditində hər kəsin birgə borclu olduğunu deyir. Qrup üzvlərindən biri ödəmirsə, o biri ödəməlidir.

Nikoyl bankın adını açıqlamayan sözçüsü məsələ ilə bağlı bunları deyir:

"Əsasən kənd yerlərində qonşular və ya qohumlar bir qrup təşkil edərək hər hansı bir layihənin maliyyələşməsi üçün bizim banka müraciət edirlər. Qrupun iştirakçılarının hamısı eyni məsliyyət daşıyırlar. Xanım öz payını ödəyibsə belə, orda kollektiv məsuliyyət var. Müqavilə bunların hamısı açıq aydın qeyd olunub".

"Bacımın yoldaşı vəfat edib. Onun götürdüyü krediti indi bacımdan ödənilməi tələb edilir. O isə işləmir. Biz nə etməliyik?", Ayaz Əbdüləzimli soruşur.

Əkrəm Həsənov deyir ki, kredit təşkilatları qanunsuz olaraq vəfat etmiş şəxsin kreditinin ödənilməsini onun ailə üzvlərindən tələb edir. Çünki hər kəs özünə cavabdehdir.

"Borclu kreditə görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit ödənilmir və buna görə borcluya qarşı heç bir tədbir görülə bilməz. Heç nədən və heç kəsdən qorxmasın, onu narahat edənləri isə qovsun, polisə müraciət etsin. Vəfat etmiş borclunun krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir. Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla", ekspert bildirir.