Bakıda avstriyalı atletləri avtobusun vurduğunu göstərən video yayımlanıb

Şəklin mənbəyi, meydan.tv

İnternetdə yayımlanan videoda Avstriya üzgüçülər qrupunun Bakıdakı Atletlər şəhərciyində səki ilə yeriyərkən avtobusla vurulduğunu görmək olar.

Cümə axşamı günü 1-ci Avropa Oyunlarının keçirildiyi Bakıda Atletlər Şəhərciyinin Nəqliyyat ərazisində baş verən qəzada üç avstriyalı idmançı zədə alıb.

Meydan TV-nin yaydığı, qəzanı təsvir edən videoda dairəyə yaxınlaşaraq 180 dərəcə dönüb yoluna düzəlmək üzrə olan avtobus səki ilə gedən adamlar qrupuna çarpır. Onlardan bəziləri zərbə ilə kənara atılır. Hadisədən sonra iki nəfərin tərpənmədən yerdə qaldığını görmək olar.

Məlumatlara görə, sürücü hazırda polis şöbəsində saxlanılır. Polisdən bu barədə məlumat almaq mümkün olmayıb.

Cümə axşamı BBC-ə hadisəni təsdiqləyən Avstriya Olimpiya Komitəsi xəbərdən şoka düşdüyünü bildirib.

"Bu gün, cümə axşamı yerli vaxtla səhər saat 8.30-da Avstriya sinxron üzgüçülük komandasının üç üzvü maşın qəzasına düşüb. Qızlar Olimpiya Kəndində səki ilə gedərkən, avtobus onları vurub", - komitənin rəsmi bəyanatında deyilir.

"Biz bu hadisədən şoka düşdük və bütün lazımi tədbirləri aldıq", Komitənin Baş Katibi Peter Mennel deyib.

Avtobusla vurulan atletlərdən Vanessa Sahinovicin "ciddi zədə" aldığı və bir neçə yerdən sümüklərinin qırıldığı xəbər verilir. Onun nevroloji müalicə üçün Vyanaya təcili yardım təyyarəsi ilə aparıldığı bildirilir.

Üzgüçü Luna Payer qollarından zədə alaraq Vyanaya aparılıb. Verena Breit-in zədəsi ağır olmadığından o Olimpiya Şəhərciyinə qayıdacağını bildirib.

Nəqliyyat Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov hadisə ilə bağlı açıqlama verə bilməyəcəyini deyib. Ancaq o, 2163 nəfər sürücüyə məhz Avropa Oyunları ilə əlaqədar yeni avtobusları idarə etmələri üçün təlim keçildiyini bildirib.