Bakıda Milli Şuranın mitinqi keçirilib

Aprelin 5-də Bakının Yasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionunda Milli Şuranın Bakı meriyası ilə razılaşdırılmış mitinqi keçirilib.
Media məlumatlarına əsasən, manatın məzənnəsinin kəskin endirilməsinə və qiymət artımına etiraz olaraq keçirilən aksiyada əsasən Milli Şuraya daxil olan müxalif partiya və təşkilatların nümayəndələri iştirak ediblər.
Mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Milli Şuranın üzvləri Eldəniz Quliyev, Gültəkin Hacıbəyli, Nurəddin Məmmədli, Oqtay Gülalıyev və digərləri çıxış ediblər.
Yeni Müsavat qəzetinə əsasən, aksiya dinc şəraitdə keçib və mitinq zamanı hər hansı ciddi insident yaşanmayıb.
APA agentliyi isə aksiya iştirakçılarından bəzilərinin razılaşdırılmamış şüarlar səsləndirdiyini və polis əməkdaşlarının mitinq təşkilatçılarına xəbərdarlıqdan sonra bunun qarşısını aladıqlarını qeyd edib.
Məlumatlara görə, Müsavat, ADP, KXCP partiyalarının rəhbərləri bugünkü mitinqə qatılmayıb.
Yeni Müsavata görə, Müsavat partiyasının rəhbərliyi sıravi partiya üzvlərinə fərdi qaydada tədbirdə iştirak etməyə icazə verib.
