Sərhədsiz Reportyorlar Xədicə İsmayıla qarşı yeni ittihamları pisləyib

Şəklin mənbəyi, Getty
Həbsdə olan jurnalist Xədicə İsmayıla (İsmayılova) qarşı yeni ittihamlar irəli sürüləndən sonra Sərhədsiz Reportyorlar təşkilatı yenidən onun "dərhal azadlığa buraxılmasına" çağırıb.
"Biz İsmayılovanın dərhal azadlığa buraxılmasına və ona qarşı bütün ittihamların ləğv olunmasına çağırışımızı təkrar edirik", təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri deyib.
"Bu jurnalistin yeganə cinayəti, hökumətin ən yüksək səviyyəsində korrupsiyanı araşdırmaq və Azərbaycanın məhbəslərini dolduran siyasi məhbuslara yardım etmək olub", cənab Bihr əlavə edib.
Azadlıq Radiosunun əməkdaşı ötən ilin dekabr ayında özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilmişdi. Cümə günü yayılan məlumata görə, Xədivə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui istifadə və qanunsuz sahibkarlıq fəaliyyətilə bağlı maddələr üzrə ittihamlar təqdim olunub.
Jurnalistin vəkili Fəriz Namazlı Amerikanın Səsinə deyib ki, ittihamlar AzadlıqRadiosunun fəaliyyəti haqqında 15 yanvar vergi aktı əsasında irəli sürülüb.
Məlumata görə, ittihamlar 12 ilədək həbs cəzasını nəzərdə tutur.
Hakimiyyətdə korrupsiya halları barədə araşdırmaları ilə tanınan jurnalist ona qarşı irəli sürülən ittihamları rədd edib.
Bir sıra beynəlxalq qurum və hüquq müdafiəçisi ittihamların peşə fəaliyyətilə bağlı olduğunu deyərək, Xədicə İsmayılın azad olunmasına çağırıb.




