Emin Hüseynov Bakıdakı İsveçrə səfirliyindədirmi?

Azərbaycanda hüquq müdafiəçisi Emin Hüseynovun ailəsi onun İsveçrə səfirliyində sığınacaq alması barədə məlumatlı deyil.
Onun qardaşı Mehman Hüseynov BBC Azərbaycancaya deyib ki, Eminlə ötən ilin avqustundan bəri heç ünsiyyəti olmayıb və heç qardaşını axtarmayıb da.
Lakin Cənab Hüseynovu qardaşının harada saxlanılması barədə məlumatların bu qədər vaxtdan sonra ortaya çıxması təəccübləndirib.
"O bu müddətdə mənimlə əlaqəyə girməyibsə, mənim də onu axtarmağım düz deyil. Bizdə hərə özünə cavabdehdir, mən də detalları bilmirdim. Amma niyə hər şeyi indi açıblar, mənə də maraqlıdır".
Ötən ilin avqustunda Hüseynovun rəhbəri olduğu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları "vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərini aşma" maddələri ilə açılmış cinayət işi üzrə axtarış işləri apardıqdan sonra möhürlənib.
Həmçinin avqustun 6-da Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulub və iki gün sonra Emin Hüseynov və onun fotoqraf qardaşı Mehman Hüseynovla əlaqə kəsilib. Həmin vaxt RATİ işçiləri BBC Azərbaycancaya onlar barədə məlumatsız olduqlarını bildirib.

Mehman Hüseynov oktyabrın sonunda ortaya çıxıb və bildirib ki, üç ay ərzində heç kimlə əlaqə saxlamayıb.
Altı ay yarım sonra isə Emin Hüseynovun Bakıdakı İsveçrə səfirliyində olduğu barədə mediada məlumatlar yayılıb.
İsveçrə səfirliyinə müraciət
Foreign Policy jurnalı İsveçrənin Milli SRF Telekanalında yayımlanan «Rundschau» verilişinə istinadən yazıb ki, Hüseynov "saçını rəngləmək və fərqli paltar geyinməklə" xarici görkəmini dəyişərək avqustun 18-də İsveçrə səfirliyinə gəlib.
"Emin səfirliyə tərəf addımlayarkən ətrafda mülkigeyimlilərin olduğunu anladı. Onlar onunla danışmağa başladılar. O, pis ingiliscə danışır. Ondan pasportunu soruşanda deyir ki, pasportu səfirlikdədir. Onu əvvəlcə tanımırlar. Sorğu-sual gedərkən qapının zəngini basır, kimsə qapını açır və onu içəri dartır. Beşcə saniyə yubanma olsaydı, Emin əmin edir ki, həbs olunardı", jurnal yazır.
Jurnalın məlumatına görə, İsveçrə səfirliyinin ətrafını aylardır 24 saatlıq polis kordonu qoruyur.
"Nə Əliyev höküməti, nə də Səfirlik onun səfirlikdə mövcudluğunu rəsmən təsdiqləməyib. Hərçənd ki, onlar Əliyev höküməti ilə Hüseynovun təhlükəsiz şəkildə Azərbaycandan çıxarılması ətrafında müzakirələr aparır".
İsveçrənin xarici işlər nazirliyinin sözçüsü Ursina Schmitz BBC Azərbaycancaya bildirib ki, Bakıdakı səfirlikdə Azərbaycan vətəndaşı olan kişi var.
"O şəxs 2014-cü ilin avqustun 18-də səfirliyə gəlib və İsveçrə humanitar əsaslarla ona səfirlikdə qalmaq icazəsi verib. Həmin vaxtdan İsveçrə Azərbaycan höküməti və hakimiyyəti ilə şəxsin maraqları baxımından danışıqlar aparır", xanım Schmitz əlavə edib.
Niyə Eminə indi diqqət var?
Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi "barəsində cinayət işi açılmış Emin Hüseynov adlı Azərbaycan Respublikası vətəndaşının İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənməsi məsələsi ilə əlaqədar" bəyanat verib.
"07 iyul 2014-cü il tarixindən etibarən Emi Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində gizlənib", nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında deyilir.
Bəyanatda həmçinin Emin Hüseynovun "qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək" 1 milyon 575 min 956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247 min 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığı iddia olunur.
Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə araşdırmaçısı Giorgi Gogia deyib ki, "bilirəm ki, İsveçrə höküməti Azərbaycanla mümkün yüksək səviyyəli danışıqlar aparır və bilirəm ki, Azərbaycan höküməti Eminin ölkəni tərk etməsinə qarşıdır".
Cənab Gogia BBC Azərbaycancaya deyib ki, Eminin nə vaxtdan səfirlikdə olması barədə məlumat verə bilməz.
"Lakin mənə də maraqlıdır ki, niyə məhz indi Emin üzərinə belə diqqət toplanıb", o deyir.
Cənab Gogia ümid edir ki, bu məlumatların yayılmasına görə Eminin təhlükəsizliyi pozulmayacaq.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ vardır, Hikmət Hacıyevin bəyanatında xatırladılır.
ABŞ səfirliyindən kömək
Jurnal yazır ki, amerikalı hərbçi qadınla evli olan cənab Hüseynov İsveçrə səfirliyindən əvvəl, Rəsul Cəfərov həbs olunandan sonra ABŞ səfirliyindən yardım istəyib.
"Hüseynov torun ona yaxınlaşdığını hiss edirdi. Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə qatılarkən səfirliyin müvəqqəti işlər vəkili Dereck Hogana bir kağız ötürür.
"Mənə necə kömək edə bilərsiniz? Həbs oluna bilərəm". Hogan deyir ki, kömək edə bilməz", jurnal adını çəkmədiyi mənbəyə əsasən yazır.
ABŞ səfirliyi bu iddialarla bağlı BBC Azərbaycancaya hələlik şərh verməyib.
"Onun Derecklə münasibəti heç vaxt pis olmayıb, o heç vaxt səfirliyi tənqid etməyib. ABŞ-ın Azərbaycana münasibətini tənqid edəndə də diplomatik davranırdı", anonim qalmaq istəyən mənbə jurnala deyib.
Cənab Hoganla əlaqə saxlayan jurnala Dövlət Departamentinə müraciət etmək məsləhət görülüb. Departamentdən hansısa cavab gəlməyib.
Ötən ilin avqustundan bəri RATİ-nin əməkdaşları, hüquqşünas Günay İsmayılova, mühasib Tatyana Kryuçkina və Əbülfət Namazov Baş Prokurorluqda şahid qismində ifadə verib. Sentyabrın 1-də Əbülfət Namazovun, sentyabrın 2-dən isə Günay İsmayılovanın ölkə çıxışına qadağa qoyulub.




