Azərbaycan təmas xəttində insident barədə iddiaları "yalan" adlandırır

Dağlıq Qarabağ

Şəklin mənbəyi, RIA Novosti

Ermənistan mediasında Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi barədə məlumatı Azərbaycan "yalan və uydurma" adlandırıb.

Şənbə günü Tert.am erməni xəbər saytı "Dağlıq Qarabağ Müdafiə Ordusunun" bəyanatına istinadən məlumat yayıb ki, Azərbaycan və separatçı Dağlıq Qarabağ əsgərləri arasındakı təmas xəttində Azərbaycan iki "təxribat" hücumu edib.

Məlumata görə, insident nəticəsində iki erməni əsgər həlak olub, biri xəsarət alıb.

Azərbaycan Müdafiə Nazirliyi yanvarın 2-dən 3-ə keçən gecə baş verən hadisəni "Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyətlər nəticəsində bir-birini gülləbaran" etməsi ilə izah edir.

"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır", Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Həlak olan əsgərlərin adları Karen Qriqoryan və Vardan Mkrtçyan kimi qeyd olunur. Xəsarət alan əsgər isə Volodya Harutyunyandır, Tert.am yazır.