Nərmin Kamalın bloqu: Xədicə İsmayıl və kasıb adamlar

- Müəllif, Nərmin Kamal
- Vəzifə, Yazıçı, bbcazeri.com üçün
Girirsən bir supermarketə, çoxlu ərzaq alıb gəlirsən evə. Üzərində pendir yazılmış qutunu açırsan, görürsən ki, qutuda pendir əvəzinə çiyələk mürəbbəsi var!
Üzərində duszuz kərə yağı yazılmış qutunun açıb görürsən ki, orda balıq var! Yodlaşdırılmış duzun qapağını açıb orda nə görsən yaxşıdı? Rəngli karandaşlar.
Südü fincana süzüb bir qurtum içirsən, bu ki xalis pivədir! Ehtiyatla evə gətirdiyin yumurta qutusundan yumru-yumru sabunlar çıxır.
Bu dəqiqə Azərbaycanda bax belə bir sürreal supermarket yaranıb. Anlayışlar öz ilkin məqsədlərindən sapıblar. Bu nə deməkdir? Kişi və qadından başlayaq.
Kişi və qadın niyə görüşür? Bir-birini tanımaq üçün, həyatdan qorxub bir-birinə sığınmaq üçün, sevmək üçün, sevməmək üçün, gəzmək, içmək, əylənmək üçün, seks üçün, söhbət üçün, dostluq üçün, birlikdə paraşütdən tullanmaq üçün, uşaq dünyaya gətirmək üçün, bir-birinə xəyanət etmək üçün, dalaşıb bir-birinə ağır sözlər demək üçün, nəhayət günlərin bir günü ayrılmaq üçün.
Bunlardan hər hansı biri və ya bir neçəsi üçün.
Bu, “kişi və qadının görüşməsi” anlayışının yaranmasının ilkin məqsədidir, geniş diapazonda. Necə ki, supermarketdə yanağına duz yazılmış qutunun ilkin məqsədi alıcının onu alıb içində duz görməsidir.
Duz keyfiyyətli də, keyfiyyətsiz də ola bilər, axırı ki, duz olmalıdır. Daha rəngli karandaş yox.
Kişi və qadının arasında yaşanan xoş və naxoş xatirələr onların ikisinin birgə şəxsi, intim mülkiyyətidir. Sürreal supermarketdə isə hər şey sapır, öz yolundan çıxır, münasibətlər də.
Yadımdadır, bir-iki il bundan əvvəl bir kişi Azərbaycan mediasında bir qadınla “sevdim-sevmədin” münasibətlərinin xronikasını serial məqalələrə yazırdı, deyirdi ki, bununla qadını biabır etmək istəyir.
Kişinin şəxsi münasibətlərini yuxarıda sadalanan diapazondan çox asanlıqla çıxarıb medianın müzakirəsinə verməsi, yaxud heç bir cinayət yoxkən polisin gəlib yorğanı qaldırması, Prokurorluğun gəlib istintaq aparması adı çəkilənlərin hamısının eyni vaxtda öz varlığının ilkin məqsədindən sapması, böyük ictimai sapmadır.
Cürbəcür yerlərdə büruzə verir bu sapıntı.
Yerli qaz idarəsi, poçt kimi xırda idarələrdən onların rəhbərliyinə şikayət edən vətəndaşlar hələ görün nə deyirlər.
Deyirlər ki, şikayətdən sonra o işimiz həll olunur, ancaq yerli idarə bizdən xahiş edir ki, daha bir məktub yazaraq yuxarılara göndərək və bu ikinci məktubda birinci məktubdakı şikayətimizi “səhvən etdiyimizi etiraf edək”.
Budur, sapma, budur “iskajenie”, budur “distortion”.
Bir yandan detektivlər, çekistlər, xəfiyyələr haqda həyəcan dolu ağ-qara filmlər, dokumental proqramlar, qalın-qalın kitablar, qapalı arxivlər, 50 il casus olduğunu hamıdan gizləmiş şəxsiyyətlər, Soyuq Müharibə vaxtı Sovet İttifaqı ərazisində kilometrlərlə dərinlikdə sualtı gəmilərdə oturub yuxarıdan məlumat yığan qərbli casuslar haqda məqalələr bizə bu işlərin çox ciddi işlər olduğunu deyir.
O biri yandansa görürük ki, onların yerli həmkarları Ayka97, Toma14 adıyla sosial şəbəkələrdə dolaşırlar, məlumatı bu yolla axtarırlar.
Yaxud görürük ki, jurnalist oğlanlara onların sevgililərinin şəxsi mobil telefon yazışmalarını “print” edib verməklə onları əməkdaşlığa cəlb edirlər. Bu da bizim xəfiyyələrin iş üsulu.
Necə baxasan ondan sonra ciddi ağ-qara xəfiyyə filmlərinə. İşlər, işçilər öz illkin anlayışından belə sapır, dünənki xəfiyyələr bu gün yengələrə çevrilir.
Yaxşı yada saldınız, Qarabağ əlilləri özünü camaatın içində yandırıb öldürür, özü və uşaqları onu intihar həddinə çatdırmış konkret məmurun adını çəkirlər.
Ortalıqda özünü öldürmüş adam və onu bu həddə çatdırmış adam haqqında iddialar ola-ola cinayət işi açılmır. Ancaq başqa bir vəziyyətdə nə ölən var, nə də öldürən, “intihar həddinə çatdırma” adıyla adam həbs edirlər. Alisa möcüzələr adasında.
Xədicə İsmayılova belə bir anomaliya mühitində öz ilkin anlayışlarına sadiq olan böyük təhqiqatçı jurnalist, fenomenal dərəcədə güclü xarakterli şəxsiyyətdir. Onun kimi həmyerlimiz olmasıyla fəxr etmək lazımdır.
11 sentyabrda əkiz qüllələr vurulanda bəzi kasıb sadə adamlar deyirdilər: “Oxx, çox yaxşı oldu!” Bunu deyən adamlar dindar deyildilər, Amerikayla hər hansı şəkildə yolları kəsişməmişdi: nə çəpinə, nə də düzünə.
Başa düşmürdüm, bu adamlar okeanın o tayında qüllələrin partladılmasına niyə belə reaksiya versinlər.
Xədicənin həbsi xəbərinə də bir-iki kasıb sadə adamın sevinc şərhləri yazdığını gördüm.
Bu da böyük ictimai sapıntının bir parçasıdır. İnsanlar sürreal supermarketin dəhlizlərində gəzərkən səsgücləndirici vasitəsilə malları tərifləyən qadına inanıblar.
Halbuki, Xədicə məhz sadə kasıb adamların süfrəsini bol etmək davası aparır, sadə kasıb adamlar öz faydalarını başa düşməlidirlər.
Sürreal supermarketdə atın qabağında ət, itin qabağında ot olur, onlar bunu başa düşməlidirlər.




